Postmünaqişə dövrünün reallığı: Dünya gücləri siyasətlərində dəyişiklik etdilər
Tarixi Zəfərimizdən ötən iki ildə bölgədə sülhün və təhlükəsizliyin yaradılması istiqamətində əksər dünya güclərinin səylərini əsirgəməyəcəkləri barədə fikirləri belə bir sualın yaranmasına səbəb olmaya bilməz: Bəs 30 illik işğal dövründə onları narahat edən nə idi?
Dövlət başçısı İlham Əliyevin Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə dördtərəfli görüşü arxada qalsa da bu görüşün işıq saldığı məqamlar geniş müzakirə olunmaqdadır. Azərbaycanın milli maraqlarının, beynəlxalq hüquqa əsaslanan siyasətinin müdafiə olunması görüşün yekunlarına dair qəbul olunan bəyanatda öz əksini tapdı.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən iki ilə yaxın vaxtın Azərbaycanın, o cümlədən dünyanın xarici siyasətinə hansı yenilikləri əlavə etdiyini hadisələrin xronologiyasına diqqət yetirdikdə aydın görə bilərik. Postmünaqişə dövrünün əsas reallıqlarından biri Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfələrin verilməsi istiqamətində qurumun səylərini artırmasıdır. Dövlət başçısı İlham Əliyevin «Avropa siyasi birliyi» Zirvə Toplantısına dəvət edən iki tərəfdən birinin Avropa İttifaqı Şurasının Prezdienti Şarl Mişelin olması da bir çox məqamlara aydınlıq gətirdi. Həmçinin dövlət başçısı İlham Əliyevin Praqa səfəri çərçivəsində ilk görüşü də Şarl Mişel ilə oldu. Görüş zamanı bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamtəində göstərilən səylər müzakirə mövzusu oldu. Bir mühüm məqamı da qeyd edək ki, gələn ay Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin sayca 5-ci görüşü keçiriləcək.
Praqa səfəri zamanı Azərbaycan televiziya kanallarına müsahibəsində jurnalistin « Azərbaycanın bu tədbirə dəvət olunması ölkəmizin Avropa üçün artan əhəmiyyətini bir daha vurğuladı. Bəs, Azərbaycan-Avropa İttifaqı münasibətləri yaxın gələcəkdə hansı istiqamətlərdə inkişaf edə bilər» sualına cavabında dövlət başçısı İlham Əliyev bildirdi ki, bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. Enerji sahəsində əməkdaşlığı xüsusi qeyd edən dövlət başçısı buna misal olaraq bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir.
Digər istiqamətlər, əlbəttə ki, siyasi dialoqdur. Avropa İttifaqı Azərbaycan üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılıb. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad yüksəlib.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın «Avropa siyasi birliyi» Zirvə Toplantısına dəvət olunmasına gəldikdə isə vurğuladı ki, əlbəttə, yüksək qiymətləndiririk: «Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi – Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır.»
Azərbaycan Avropa İttifaqının neytrallığı qorumaqla vasitəçiliyini yüksək dəyərləndirir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstəyini atdığı addımları ilə təsdiqləyir. Konkret nəticənin əldə edilməsi əsas çağırışlar sırasındadır. Bu baxımdan diqqət yetirsək, ermənilər Qarabağda hər hansı bir gərginliyi yaradarkən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlət başçısı İlham Əliyevlə telefon əlaqəsi yaradır, narahatlığını ifadə edərək 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının tam şəkildə icrasının vacibliyini bildirir. Həmçinin telefon danışıqları sülh müqaviləsinin imzalanması istiqamətində keçirilən görüşlərdən sonra da diqqətdən kənarda qalmır. Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribat dünya mətbuatında geniş müzakirə olunmaqla yanaşı, əksər dövlətlərin, o cümlələn beynəlxalq təşkilatların rəsmilərinin dövlət başçısı İlham Əliyevə telefon zənginin edilməsi ilə diqqətdə oldu. Dünya gücləri yaranan bu gərginlikdən narahatlıqlarını ifadə etdilər. Düşünürük ki, bu narhatlıqları 30 ilə yaxın işğal dövründə ifadə edib, sözlə əməlin birliyini yaratsaydılar bu gün vəziyyət tamamilə fərqli olardı. 30 il işğalçını adı ilə çağırmağa ehtiyat edən, Ermənistanı özlərindən incik salmaq istəməyən dövlətlər bu gün regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər.
Bu fikirləri oktyabarın 6-da Praqada keçirilən dördtərəfli görüşlə bağlı da qeyd edə bilərik. Belə ki, Fransa Prezidentinin görüşdə tərəf kimi iştirak etməsi, özünü sülh müqaviləsinin imzalanmasında, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı tərəf kimi göstərməsi diqqətdən kənarda qalmamaqla yanaşı, müxtəlif sualların yaranmasına rəvac verir. Eyni fikirləri ABŞ ilə bağlı da qeyd edə bilərik. Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribatlar, həmçinin keçirilən görüşlərdən sonra ABŞ rəsmilərinin dövlət başçısı İlham Əliyevə telefon zəngləri diqqətdən kənarda qalmır. Oktyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Telefon söhbəti zamanı ABŞ dövlət katibi Antoni Blinken son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirdi. Bu xüsusda Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğuladı. Dövlət katibi, həmçinin ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ evdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilmiş görüşün əhəmiyyətini qeyd etdi. Azərbaycan tərəfindən 17 erməni əsirin geri qaytarılmasını müsbət addım kimi dəyərləndirən A.Blinken ABŞ-ın sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, həmçinin digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazır olduğunu bildirdi. Dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxundu, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir etdi. Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edərək bununla əlaqədar dövlətimizin başçısına başsağlığı verdi. Öz növbəsində Prezident İlham Əliyev Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş birinci ikitərəfli görüşü müsbət qiymətləndirdi. Dövlət başçısı, həmçinin Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə etdi. Bu əminlik ifadə edildi ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər.
Göründüyü kimi, ABŞ dövlətimizin atdığı hər bir addımı dəstəkləyir, sülh müqaviləsinin imzalanması üçün əlindən gələni əsirgəməyəcəyini bildirir. Amma sual olunmaya bilməz: Niyə ABŞ 30 illik işğal dövründə ədaləti və beynəlxalq hüququ müdafiə edərək məsələnin sülh danışıqları əsasında həllinə maraq göstərmədi? ABŞ Konqresinin müxtəlif adlar altında Ermənistana və qondarima rejimə maliyyə yardımı ayırması da məlum olaylardandır. Hansı ki, onlara ayrılan vəsait ölkəmizə göstərilən maliyyə dəstəyindən dəfələrlə artıq idi. ABŞ Konqresinin erməni yalanlarına uyaraq Azərbaycana qarşı «Azadlığı Müdafiə Aktı»na ədalətsiz 907-ci düzəlişi əlavə etməsi də hər kəsə məlumdur. Dövlətimizin diplomatik səyləri, eyni zamanda, 2001-ci ildə ABŞ-da baş verən terror aktı Birləşmiş Ştatlar hökumətinin siyasətində dəyişiklik etməsinə yol açdı. 907-ci düzəlişin ədalətsizliyi təsdiqləndi və bir illik fəaliyyətinin dondurulması haqqında qərar qəbul olundu. Həmin vaxtdan etibarən hər il bu qərar yenidən təsdiqlənir. Təəssüflər olsun ki, bu qərarın birdəfəlik ləğvi müşkülə çevrilib. «907-ci düzəliş»in hansı dövlətlərə tətbiq edildiyi məlumdur. Ermənistan işğlçı dövlət olaraq belə bir qərarın tətbiqindən uzaqdır, Azərbaycan işğala məruz qalan dövlət olaraq hələ də belə bir ədalətsiz qərarın birdəfəlik ləğvinə nail ola bilmir. Düşünürük ki, tarixi Zəfərimiz bu məsələnin də həllinə öz müsbət təsirini göstərəcək. Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan yeni səhifə açmaq üçün qarşı tərəfə sülh təklifini edib. Ən əsası ölkəmiz ədaləti və beynəlxalq hüququ bərpa etdi, BMT qətnamələrinin icrasını təkbaşına həyata keçirdi.
Azərbaycan 30 ilik işğal dövründə də, postmünaqişə mərhələsində də ədalətli mövqeyini ortaya qoyur. Ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin hər zaman zəfər çaldığı inkaredilməzdir. Dövlət başçısı İlham Əliyevin «İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi» fikirləri bunun təsdiqidir.
Azərbaycan qalib ölkə olaraq potmünaqişə dövrünün gündəliyini tərtib etdi. Tarixi Zəfərimizin yaratdığı reallıqların əksər dünya gücləri tərəfindən qəbul olunması ölkəmizin sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. «Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq» söyləyən dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək. Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər Azərbaycanı ənənələri olan ölkə kimi qeyd edərək, ölkəmizdə demokratik təsisatların inkişafı üçün bütün imkanların yaradıldığını bildirirlər. Ölkəmizlə Avropa İttifaqı əlaqələrinin möhkəmlənməsi, Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi, hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasında Avropa İttifaqının fəallığının artırılması, Azərbaycanın sülhsevər və dünyəvi dövlət kimi regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində oynadığı rolun etirafı bir daha təsdiqləyir ki, tarixi Zəfərimiz ölkəmizin qarşısında bütün sahələrdə geniş imkanlar açmaqla yanaşı, mövqelərini günbəgün möhkəmləndirir. Praqa görüşləri bunun bir daha təsdiqidir.

