İki qardaş üçün iki il sonra iki bayram!
Türkiyə Prezidentinin Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı bütün dünyaya bir mesaj olacaq…
Sabah Azərbaycan yenidən bayram əhval-ruhiyyəsinə bürünəcək. İki böyük hadisənin sevincini yaşayacağıq və sabahdan etibarən oktyabrın 20-si əzəli torpağımız olan Zəngilanın işğaldan azad edilməsi ilə yanaşı, həm də Şərqi Zəngəzurda ilk meqalayihənin uğurla reallaşdırıldığı, Zəngilan Beynəlxalq Hava Limanının açılışının edildiyi gün kimi tarixə düşəcək. Oktyabrın 20-i şanlı tariximizin yeni, daha bir şərəf dolu, qürur verən səhifəsinə çevrilir. Oktyabrın 20-si xəyallarımızın gerçək olduğu, xalqımızın və dövlətimizin qüdrətinin dosta-düşmənə bir daha nümayiş etdirildiyi, dostların sevinib qürurlandığı, düşmənlərin paxıllıqdan çatlayıb-partladığı günlərdən birinə çevrilir!
Bu tarixi günü, tarixi hadisəni daha da möhtəşəm edən isə odur ki, Azərbaycan həmin iki bayramı qardaş Türkiyə ilə birlikdə qeyd edəcək. Sabah türk millətinin, türk dünyasının böyük oğlu, Türkiyə Cümhuriyyətinin Prezidenti, Azərbaycanın dostu, dar gündə də, şad gündə də yanımızda olan Rəcəb Tayyib Ərdoğanın təyyarəsi son iki ildə ikinci dəfə işğaldan azad edilmiş torpaqlarımıza enəcək. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın oktyabrın 18-də jurnalistlərə açıqlamasında bu barədə məlumat verərək bildirib ki, Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edəcək, ölkənin Zəngilan rayonuna gedəcək. Orada Azərbaycan Prezidenti İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq. İ.Kalın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülən quruculuq işlərinə də münasibət bildirib: “Qarabağın bərpası istiqamətində müsbət işlər görülür. Əlbəttə, bu da öz növbəsində Cənubi Qafqazdakı duruma təsir edir.”
Xatırladaq ki, Türkiyə Prezidenti bir il əvvəl, 2021-ci il oktyabrın 17-də Füzulidə o yerlərin yenidən cənnətə çevriləcəyinin rəmzlərindən olan daha bir nəhəng layihənin –Füzuli Beynəlxalq Hava Limanının açılışında da iştirak etmişdi.
Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərimizə ciddi siyasi əhəmiyyət daşıyan növbəti səfəri bəzi region ölkələrinə və bölgədə maraqları olan digər dövlətlərə Türkiyənin Cənubi Qafqazdakı mövcudluğunun, həmçinin Azərbaycanın yanında olduğunun mesajı olacaq. Bu səfər həm də Azərbaycanla Türkiyənin dostluğunun, qardaşlığının, sarsılmaz birliyinin növbəti nümayişinə çevriləcək. Şanlı Qələbəmizdə pay sahibi olan, 44 günlük müharibə zamanı bütün imkanları ilə bizə dəstək verən qardaş ölkə erməni vandallarının darmadağın etdiyi Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində də yaxından iştirak edir. Ərazilərin minalardan təmizlənməsində, yolların çəkilişində, tunellərin tikintisində türk şirkətləri çox önəmli rol oynayırlar. Elə açılışı ediləcək Zəngilan Beynəlxalq Hava Limanının, ötən il istifadəyə verilmiş Füzuli aeroportunun tikintisində də türkiyəli qardaşlarımız bizimlə birlikdə iştirak ediblər.
Zəngilan Beynəlxalq Hava Limanının təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub. Təməlqoyma mərasimi dövlətimizin başçısının, həmçinin birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərləri çərçivəsində baş tutub. May ayından isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən ərazinin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməsinə start verilib. Paralel olaraq təmizlənmiş sahələrdə uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq yatağının qazıntısına da başlanılıb və bununla da ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının tikintisi geniş vüsətlə davam etdirilib.
Zəngilan aeroportunun tikintisinin aparılması ilə paralel hava limanına naviqasiya təminatı üçün lazımi mühüm beynəlxalq kodlar və ICAO, EUROCONTROL, IATA çağırış siqnalları təyin edilib. Belə ki, bu kodlar və radiotezliklər hava hərəkətinə xidmətin təmin edilməsi, aviasiya meteoroloji məlumatının yayımlanması, rabitə, naviqasiya, radiolokasiya və digər sistemlərin istismara verilməsi üçün zəruridir. Bunun sayəsində naviqasiya avadanlığının beynəlxalq sistemə inteqrasiyası, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyi və yerinə yetirilmə müntəzəmliyi təmin edilir. Hava limanı uçuşların aeronaviqasiya təminatı üzrə radiotexniki avadanlıqla tam təchiz edilib. Bundan başqa, aeroportda CVOR/DME bucaqölçən və uzaqməsafəli radionaviqasiya avadanlığı, uçuş-enmə zolağında müşahidəni təmin etmək məqsədilə avtomatlaşdırılmış aviasiya meteoroloji sistemi (AWOS), ICAO CAT II kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən aerodrom işıq siqnalı avadanlığı və uçuş-enmə zolağının hər iki istiqamətində cihazlar üzrə enməyə daxilolma sistemləri quraşdırılıb. Həmçinin avtomatlaşdırılmış hava hərəkətini idarəetmə (HHİ) sistemləri, aviasiya yerüstü və hava rabitəsi vasitələri, həmçinin dispetçer danışıqlarının qeydiyyatı ilə təchiz olunmuş HHİ qülləsi inşa edilib, birinci və ikinci dərəcəli PSR/SSR kanalının radiolokasiya stansiyası quraşdırılıb, hava limanının elektrik təminatı yarımstansiyaları da inşa edilib. 2022-ci il yanvar ayının sonlarında Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) dördhərfli UBBZ, iyul ayının 25-də isə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair konfransında (IATA Passenger Services Conference) qəbul olunmuş qətnamə ilə üçhərfli ZZE kodları alan hava limanı saatda 200 sərnişin üçün nəzərdə tutulub və perronda 8 ədəd hava gəmisinin dayanması mümkün olacaq. Terminal daxilində avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilməklə VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılıb. Zəngilan Beynəlxalq Hava Limanı uçuş kütləsi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək. 2022-ci il sentyabrın 9-da “Azərbaycan Hava Yolları”nın (AZAL) ən böyük sərnişin təyyarəsi olan “Airbus A340-500” ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirib və Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına eniş edib. Nəhəng sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib.
Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda istifadəyə verilən hava limanı bərpa-quruculuq işlərinin daha da sürətlənməsi və regionun inkişafı baxımından böyük əhəmiyyət daşıyacaq. Bu, həm də işğaldan azad edilmiş torpaqlarımızın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həyata keçirilən belə nəhəng layihələr dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirir.
Beləliklə, 20 oktyabr yeni bayram günümüzə çevrilir. Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi isə bizim üçün ikiqat bayram ab-havası yaradacaq.