Uşaqlara sevgi aşılayaq…
Uşaqları cəmiyyətə sağlam şəxsiyyət kimi yetişdirməli olduğumuzu unutmamalıyıq.
Psixoloqlar bildirirlər ki, uşağı şəxsiyyət kimi yetişdirə bilmək üçün onun yalnız fiziki sağlamlığına deyil, həmçinin ruhi sağlamlığına da diqqət yetirmək vacibdir. Ruhi sağlamlıq dedikdə isə uşağın psixoloji vəziyyəti nəzərdə tutulur. Uşağın psixoloji durumu düzgün şəkildə formalaşdırılıb istiqamətləndirilsə və inkişaf etdirilsə bu zaman ortaya ürəkaçan mənzərə çıxacaq.
Məlumdur ki, uşağın həmişə ən çox ehtiyacı olan tək şey ona yetəri qədər sevginin göstərilməsidir. Bir halda ki, yaranan problemlər hamısı sevgi doyumsuzluğundan yaranır, nəyə görə də onları bundan məhrum edək? Biz ki onlar üçün problemsiz bir gələcək vəd etmək istəyirik. Lakin sevgi dedikdə yalnız valideynlərinin və ya qohum-əqrəbalarının onlara ötürdüyü sevgi nəzərdə tutulmamalıdır. Eyni zamanda, uşaqlara heyvanlar vasitəsilə də sevgi ötürülməlidir. Məhz heyvanların da bu sahədə müstəsna rolu vardır. Evdə saxlanılan heyvan uşağın sosiallaşmasına çox böyük təsir göstərir. Uşaq heyvana sevgi göstərir və onun qarşılığını heyvandan alır, bu zaman uşaq sevgini, sevməyi və onu paylaşmağı öyrənir. Lakin burada diqqətli olmalı olduğumuz bir məqam da var. Uşaqlara heyvanların, istədiyimiz zaman alıb sata biləcəyimiz, tərk edə biləcəyimiz bir oyuncaq olmadığı düşüncəsini ötürməliyik. Əks təqdirdə isə uşaqda mənfi keyfiyyətlər formalaşa bilər, o heyvanı istədiyi zaman vurar, tərk edə bilər. Bu isə uşaqda ən əsası aqresiyyanın təməlini qoyar, sevgidən məhrum qalmış cılız bir şəxsiyyət kimi formalaşdırar. Ona görə də uşaqlara, heyvanlar onların dostuymuş kimi sevgi göstərməli, onları incitməməli olduqlarını fikrini aşılamaq lazımdır.
Valideynlər düşünə bilərlər ki, bəs uşaq heyvandan nə sevgi öyrənəcək? Mütəxəssislər bunu belə izah edirlər ki, uşaq heyvanı tumarlayır, ona toxunur, oynayır, bu zaman heyvan ona qarşılıq verir. Uşaq bu zaman öyrənir ki, qarşılıqlı sevgi, nəvaziş olur, onu büruzə vermək lazımdır, sevgiyə sevgiylə cavab vermək lazımdır.
İt sadiq heyvan olduğu üçün uşağa da sadiqliyi, mərhəmətliliyi təlqin etmiş olur. Uşaq itlə zaman keçirə-keçirə sevgi dolu, şən, mərhəmətli olur, özünü yalnız hiss etmir. Onun qayğısına ehtiyacı olan bir canlının olduğunu anlayır, ona öz sevgi ve nəvazişini göstərir. Demək bir it, uşaqda mərhəməti, sadiqliyi, sevgi və diqqəti formalaşdırır. Bu keyfiyyətlərdən əlavə uşaqda ən mühüm keyfiyyətlərdən biri olan məsuliyyət hissi də formalaşır. Belə ki, o heyvanı bəsləyir, onu qidalandırır, ona sığınacaq verir, diqqət göstərir. Bunlar da uşağın məsuliyyətli biri kimi formalaşmasına kömək edir.
Heyvanlar vasitəsilə uşaq, həmçinin paylaşmağı da öyrənir. Belə ki, uşağın heyvanla zaman keçirməsi onun dostları ilə də münasibətlərinə çox kömək olur, uşaq sosiallaşır, dostları ilə də gözəl ünsiyyətə girir və onlarla gözəl zaman keçirir.

