Qubadlı Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək
Qubadlı rayonu 14 mart 1933-cü ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir.
İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. Qubadlı şəhərində 62 idarə və müəssisə fəaliyyət göstərirdi. Burada asfalt zavodu, inkubator-quşçuluq fabriki, daş karxanası, texniki-təchizat idarəsi, tikiş fabriki, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodu və başqa istehsal xarakterli müəssisələr də var idi. Müzəffər Ordumuz tərəfindən 2020-ci ildə Qubadlı rayonunun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Bu arəzi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə qədər gəlib çatıb. Qubadlı şəhəri ərazisində aşkar olunmuş “Xırman yeri”, Əliquluuşağı kəndində aşkar olunmuş “Qalaça”, “Koroğlu qalası”, Muradxanlı kəndi ərazisində “Mal təpə” abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.
Qubadlı adı Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı Keyqubadın adı ilə bağlıdır. Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.
Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmışdır. Rayonda 13. 2 min hektar meşə sahəsi vardır. Rayonun Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqları can dərmanıdır. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq yatağı da var. Bundan başqa mərmər karxanası da var idi.
Qubadlı rayonunun mərkəzindəki müasir tipli xəstəxana şəhərciyi, ticarət mərkəzi, univermaq, bazar, mehmanxana, kitab evi, Mahruzlu kəndindəki poliklinika, Qaralar kəndindəki ambulatoriya, Xocik, İşıqlı, Diləli, Müskanlı kəndlərindəki kitabxana binaları işğaldan qabaq inşa edilmişdir. Bu müddət ərzində rayon mərkəzində 30-a qədər inzibati bina tikilib istifadəyə verilmişdir.
Qubadlıda təhsil sahəsi də inkişaf etmişdi. Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, bir əyani-qiyabi orta məktəb var idi. Həmçinin 111 mədəni maarif müəssisəsi, 60 kitabxana, 10 mədəniyyət evi fəaliyyət göstərirdi. Xanlıq kəndindəki 126 №-li orta texniki peşə məktəbində hər il 300 nəfər şagird müxtəlif peşələrə yiyələnirdi.
Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar. 1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid verilib. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. 31 avqust 1993-cü ildə işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur.
25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi rəşadətli Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
İşğaldan azad edilən Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.
Qubadlı rayonu və digər işğaldan azad edilən ərazilərə qayıdan soydaşlarımız tezliklə bu torpaqları dünyanın ən çiçəklənən diyarlarına çevirəcəklər. Yaşasın Qubadlı! Qarabağ Azərbaycandır!
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

