Bitib-tükənməyən təxribatlar
Laçın dəhlizindən Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir
Azərbaycan regionda hərtərəfli əmin-amanlığın tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hər zaman hazır olduğunu bildirir. Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir. Azərbaycan beynəlxalq tədbirlərdə öz məramını ortaya qoyur, möhtəşəm planları barəsində məlumat verir. Bu planların mərkəzində işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi, infrastrukturun bərpa edilməsi, yaşayış məskənlərinin salınması və nəticədə oranın tarixi sakinləri olan məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması dayanır. Prezident İlham Əliyev çıxışlarında konkret ismarıclar da verir. Dövlət başçısı ermənilərin Azərbaycan vətəndaşı olaraq bütün hüquq və azadlıqları əldə edəcəklərini və onların təhlükəsizliklərinin təmin olunacağını bildirir. Bunun üçün ilk növbədə separatçı əhval-ruhiyyədən əl çəkmək və reallıqları qəbul etmək lazım olduğunu da xatırladır.
Bütün bunlara baxmayaraq Ermənistan tərəfi öz pozuculuq fəaliyyətlərindən əl çəkmir, müxtəlif təxribatlara əl atır, dezinformasiyalar yayır, Azərbaycana qarşı böhtan xarakterli məlumatlarla beynəlxalq aləmi aldatmağa çalışır. Erməni tərəfinin ən son təxribatı ötən ay baş vermişdi. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən rayonlarının sərhəd bölgələrinə təcavüz etdi. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verdi. Döyüş nəticəsində ordumuz 77 şəhid verdi. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı. Bundan əlavə, işğal edilmiş ərazilərin azad edilməsindən sonra post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır. Azərbaycan tərəfi dəfələrlə bu təhdidlərin aradan qaldırılması istiqamətində səylərin səfərbər edilməsi və Azərbaycanın həyata keçirdiyi humanitar minatəmizləmə işlərinə genişmiqyaslı yardım göstərilməsi barədə müraciət edib.
Azərbaycan XİN-in ötən gün yaydığı məlumatda deyilir ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur: “Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərərçəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır”.
Burada diqqətçəkən ən mühüm məqamlardan biri də 2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi faktıdır. Bu fakt bir daha nümayiş etdirir ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir. Bununla yanaşı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25 faiz təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55 faizi Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib. Azərbaycan tərəfi, həmçinin cari ilin sentyabr ayında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsinin Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci ildə qəbul etdiyi müvəqqəti qərarları açıq aşkar pozması barədə məhkəməyə rəsmi məlumat verib, aidiyyəti sübutları təqdim edib.
Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısı alınması üçün Ermənistana ciddi şəkildə təzyiq edilməlidir.

