Gündəm 

Paşinyanın sülh istəyində nə dərəcədə səmimidir?

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanda daxili siyasi böhran dərinləşməkdə davam edir. Müxalifət partiyaları baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham etsə də, Paşinyan da rəqiblərinin ittihamlarını cavabsız qoymur. O, oktyabrın 5-də Ermənistan parlamentində çıxışı zamanı əvvəlki hakimiyyətlərin “pis miras” qoyub getdiklərini deyib. Bu günlərdə Nikol Paşinyan parlamentdə çıxışı zamanı bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistanın hər şeyi edəcəyini dilə gətirib. “Bu nə dərəcədə realdır? Mən belə cavab verəcəm: hökumət və mən bunun reallaşması üçün hər cür səy göstərəcəyik”, – Paşinyan bildirib. Baş nazir həmçinin qeyd edib ki, Ermənistan hakimiyyəti sülh müqaviləsi imzalanana qədər Azərbaycanla sərhəd delimitasiyasının başa çatdırılmasına ümid edir: “Praqada ərazi bütövlüyünün qarşılıqlı tanınmasının 1991-ci il sərhədləri əsasında baş tutacağına dair razılaşma əldə olunub. Bu, real ola bilər, çünki həmin sərhədlər məlumdur”.

Ümumiyyətlə, Paşinyan sülh istəyində nə dərəcədə səmimidir? Onun bu fikirləri Ermənistanın sülh sazişini imzalamağa hazır olduğunu deməyə əsas verirmi?

Əvvəla, Ermənistanın hərbi yolla status-kvonu dəyişmək imkanı yoxdur. 12-14 sentyabr tarixlərində dövlət sərhədindəki hərbi təxribatlar Ermənistan üçün çox acı nəticələr verdi. Həm də hərbi təxribatlara əl atdığı üçün sarsıdıcı zərbələr aldıqdan sonra bütün diqqətini danışıqlar masasına yönəltdi. Praqada keçirilən önəmli görüşlər də bunun göstəricisidir. Erməni cəmiyyətinin daxilində də vəziyyət dəyişib. Hazırda Ermənistan parlamentinin sədri, xarici işlər naziri və digərləri daha çox sülhdən danışır. Bundan əlavə, Paşinyanın ailəsinə məxsus olan “Haykakan Jamanak” qəzeti Azərbaycanın irəli sürdüyü şərtləri dərc etdi. Ardınca Paşinyan da parlamentdə sülh haqqında danışmağa cəsarət etdi.

Məlumdur ki, hər zaman önəmli danışıqlar öncəsi N.Paşinyan sülhdən danışır, lakin danışıqlardan sonra dövlət sərhədində gərginlik yaşanır, bu gərginlik bəzən genişmiqyaslı təxribatlara çevrilir. Amma sülh danışıqları ardıcıl olmalı və məntiqi sonluqla yekunlaşmalıdır. Bu xüsusda Azərbaycanın irəli sürdüyü beş bənddən ibarət olan təkliflər gələcəkdə sülh müqaviləsinə çevrilməlidir. Dəfələrlə Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın əsas şərtləri var və bu, ilk növbədə Azərbaycanın və qarşı dövlətin ərazi bütövlüyünün tanınması və bunun qanun şəklinə gətirilməsidir.  Azərbaycan ərazisində – Qarabağda hələ də qalan qeyri-qanuni hərbi birləşmələr ərazimizi tamamilə tərk etməlidir; Ermənistan Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olacaq ermənilərlə bağlı hər hansı status və yaxud da hansısa tələblərdən vaz keçməlidir; həmin bölgə Azərbaycanın təsdiq etdiyi Qarabağ iqtisadi rayonuna daxildir və orada Azərbaycanın bütün vətəndaşlarına verilən statuslar, imtiyazlar, vəzifələr orada yaşayacaq erməni əhalimiz üçün də keçərlidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, heç bir muxtariyyatdan, muxtar statusdan söhbət gedə bilməz. Azərbaycan Konstitusiyasına əsasən Azərbaycan vətəndaşlarının əldə etdiyi bütün hüquqları  orada yaşayan Azərbaycan vətəndaşları olan ermənilər də əldə edəcəklər.

Ermənistan prosesləri pozduqca Azərbaycanın mövqeyi daha da prinsipiallaşır. Ona görə də, nə qədər gec deyil, sülh müqaviləsinin imzalanması Ermənistanın özü üçün də faydalıdır. Sülhlə bağlı təşəbbüslər daimi olaraq masa üzərində qalmamalı, həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, zaman Azərbaycanın xeyrinə işləyir. Rəsmi İrəvan bu reallığı nəzərə almalı, regionun gələcəyi və təhlükəsizlik mühitinin gücləndirilməsi naminə sülh müqaviləsini imzalamalıdır.

Daha çox xəbərlər