Dövlətçiliyimizin rəmzi
Hər bir xalqın ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk dövlətlər öz xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini formalaşdırmağa çalışıblar. Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadilələrdən sonra ucaltdığı bayrağa həm də qalibiyyət simvolu kimi yanaşıb. Bayrağı öz şərəfi, ləyaqəti kimi qoruyaraq daim uca tutub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmış mühüm vəsatət hər kəsə məlumdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimi keçirilib.Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlətimiz inkişaf edib gücləndi. Ulu Öndərin 1998-ci il martın 13-də “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı mühüm əhəmiyyət kəsb etdi. “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək, hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən Ulu Öndər öz tövsiyələrində insanlara bayraq sevgisi aşılayırdı. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılış mərasimində “Müstəqilliyimiz ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi əzəmətli bayraqdan qürur duyan hər bir azərbaycanlının qəlbində bir müqəddəs arzusu var: “Üçrəngli bayrağımızı Azərbaycanın işğal altında olan yaşayış məntəqələri üzərində ucaltmaq!” Dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu dövlət və ordu quruculuğu siyasəti isə bu böyük arzunun tezliklə gerçəkləşəcəyinə əminlik yaradır.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı

