Kriminal 

“Lider” TV-də işləmiş arvadını amansızlıqla qətlə yetirdi – TƏFƏRRÜAT + VİDEO

Orxan Əliyev qısqanclıq zəminində bıçaq və baltadan istifadə etməklə həyat yoldaşı 31 yaşlı Nahidə Əliyevanın başını və qolunu bədənindən ayırıb.

Hadisə 2022-ci il yanvarın 4-də General Şıxlinski küçəsi, ev 51 mənzil 27-də baş verib. Ağır cinayəti törədən Orxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, qətlə yetirilən qadın əvvəllər “Lider” TV-də çalışıb.

İstintaqla müəyyən edilib ki, yanvarın 4-ü saat 13 radələrində Orxan Əliyev yaşadığı mənzildə həyat yoldaşı Nahidə Əliyevanın ona xəyanət etməsindən şübhələnərək, aralarında yaranan mübahisə zamanı qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Üz nahiyəsinə yumruqla 2 dəfə zərbə vurandan sonra saçından tutub, qadını sürüyüb hamam otağına aparıb. İsrarla kəlmeyi-şəhadət söylədib, mənzildə olan mətbəx bıçağından və baltadan istifadə edərək, başını gövdədən tam ayırıb. Şiddətli ağrılarla işgəncə verərək arvadını xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. Öldürdükdən sonra onu soyunduraraq, həmin kəsici və çapıcı alətlərlə meyiti müxtəlif hissələrə bölüb.

İş üzrə dindirilmiş Orxan Əliyev bildirib ki, 2015-ci ildə doğma bibisi qızı Nahidə Əliyeva ilə ailə həyatı qurub, nikahdan bir övladları dünyaya gəlib. Evlənəndən sonra yoldaşı, qızı və anası ilə birlikdə yaşayıb. Son illər Nahidənin ona yalan danışmasından, həmçinin mobil telefonu vasitəsilə onu izlətməsindən şübhələnməyə başlayıb. Qadının kiminləsə danışmasını və ya mesajlaşmasını görməyib. Bununla bağlı aralarında tez-tez mübahisələr yaranıb. Axırıncı dəfə 2021-ci il dekabrın 5-də növbəti mübahisədən sonra həyat yoldaşı uşağı da götürüb, Füzuli rayonuna, valideynlərinin yaşadığı evə gedib və orada qalıb. 2022-ci il yanvarın 3-də günorta Nahidəni və övladını evə gətirmək üçün taksi ilə Füzuliyə, qayınatasıgilə yollanıb. Səhəri gün yoldaşı və uşağı ilə Bakıya qayıdıb, saat 12 radələrində evlərinə çatıblar. Bir qədər keçdikdən sonra o, anasına uşağı da götürüb bacısıgilə getməsini bildirib. Mənzildə yoldaşı ilə tək qalıb.

Nahidədən ona kiminlə xəyanət etdiyini soruşduqda, qadın heç kəslə yaxın münasibəti olmadığını deyib. Arvadının xəyanət etdiyini hiss etdiyi üçün onunla çox əsəbi vəziyyətdə danışmağa başlayıb. Nahidəyə düzünü söyləməsini, xəyanəti bağışlamayacağını və bunun cəzasının ölüm olduğunu bildirib. Yoldaşı xəyanət etmədiyinə and içəndə, bundan daha da qəzəblənib və yalandan Allaha and içməməyini söyləyib. Ardınca bir neçə dəfə yumruqla üz nahiyəsinə zərbələr vurub. Zərbələrin təsirindən qadın yerə yıxılsa da, huşunu itirməyib.

Saçından tutub, sürüyə-sürüyə onu hamam otağına aparıb. Əyilmiş vəziyyətdə saxlayaraq, ona “namusuma əl uzatmısan, sənin başını və əllərini kəsəcəm, kəlmeyi-şəhadətini de, sonra səni öldürüm” deyib. Onu kəlmeyi-şəhadətini deməyə məcbur edib və mətbəxdən götürdüyü bıçaqla Nahidənin başını kəsib. Başını və qollarını bədənindən ayırmağın çətin olacağını düşünüb, eyvandan baltanı götürüb və hamama qayıdıb. Nahidə artıq keçinib, onun başını bıçaqla kəsərək, bədənindən tam ayırıb. Sonra qollarını kəsmək üçün əynində olan paltarları çıxarıb və onları plastik tasa atıb. Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə vannanın içinə uzadıb. Orada bıçaqla onun sağ qolunu çiyin nahiyəsindən kəsib. Baş nahiyəsini su ilə yuyub, sellofan torbaya, kəsilmiş sağ qolunu isə tasa qoyub. Hamamda qana bulaşmış yerləri də yuyub.

Bu zaman evin qapısı döyülüb. Qapının gözlüyündən baxanda anası və bacısının gəldiyini görüb. Onlara getmələrini bildirsə də, onlar israrla qapını açmasını istəyiblər. Yeznəsi də səsini çıxararaq, orada olduğunu, qapını açmayacağı təqdirdə, polisə zəng edəcəklərini deyib. Qapını açaraq, onlara artıq gec olduğunu və Nahidəni öldürdüyünü bildirib.

Şahid ifadələrindən məlum olub ki, Orxan Əliyevin qardaşı 2021-ci ilin dekabr ayında onu Narkoloji Dispanserə aparıb və orada müayinə zamanı qanında narkotik maddələr aşkar edilib.

Buna görə həkim ona müalicə təyin edib. Kompleks ambulator məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Orxan Əliyev hərəkətlərini idarə etmək iqtidarında olub.

Məhkəmə iclasında Orxan Əliyev xüsusilə ağır cinayət törətməkdə özünü təqsirli hesab etsə də, əməlindən peşman olmadığını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Əliyev 20 il müddətinə azadlıqdan məhrum olunub.

Daha çox xəbərlər