Cəmiyyət 

Təbiətə laqeyd münasibət

Sivilizasiyanın müasir faydaları insanlar üçün yalnız rahatlıq yaratmır, eyni zamanda, təbiətə bərpası çətin olan ziyan da vurur. Təkcə son 10-15 ildə dünyada plastik məhsul istehsalı xeyli artıb. Hər il səkkiz milyon tondan çox plastik dünya okeanını çirkləndirir. Birdəfəlik qablar, torbalar, qablaşdırmalar üçün istifadə olunan paketlər, butulkalar və müxtəlif plastik məhsullar hər gün istifadə etdiyimiz, ən çox yayılmış tullantı növləridir. İstifadədən sonra qalan həmin tullantıların yalnız 5 faizi  təkrar emal olunaraq gündəlik həyatda yenidən istifadə edilir. Bundan başqa, dünyada iqtisadiyyatın, o cümlədən sənayenin, kənd təsərrüfatının inkişafı ətraf mühit üçün ciddi nəticələrə, xüsusən də genişmiqyaslı çirklənməyə və su ehtiyatlarının əhəmiyyətli itkilərinə səbəb olur. BMT -nin proqnozuna görə, 2050 -ci ilə qədər hər il 5,7 milyard insan ən azı bir ay təmiz su qıtlığını yaşaya bilər. Qurumun məlumatında bildirilir ki, dünya əhalisinin üçdə biri (2,2 milyard) təmiz, içməli su qıtlığı ilə üzləşir.  Mütəxəssislərin açıqlamalarına görə,  insan istifadə etdiyi suyun yalnız 10% -nə qədərini məişətdəki ehtiyaclarına işlədir, qalan 90% -i sənaye və kənd təsərrüfatında istifadə olunur.

Sənaye inqilabının və kütləvi istehsalın başlaması ilə (təxminən XIX əsrin ortaları) Yer kürəsində sənaye qazı emissiyaları kəskin artmağa başladı. Onlar istifadə etdiyimiz istilik və elektrik enerjisindən tutmuş binaların isidilməsinə, işıqlandırılmasına qədər, bir sözlə, insan fəaliyyətinin bir çox sahələri atmosferi çirkləndirməyə başladı. Yəni, elmi-texniki tərəqqi həm də təbiətin tarazlığını pozdu. Metan, karbon dioksid (CO2), su buxarı və digər sənaye emissiyaları günəş tərəfindən qızdırılan yerdən çıxan istiliyi toplayaraq, onu “buraxmır”. Bu da planetin hər yerində orta temperaturun normadan artıq olmasına səbəb olur. Almaniyanın Potsdam universitetinin iqlim dəyişmələrini öyrənən alimləri bildirirlər ki, son 3 milyon ildə atmosferdə karbon qazının konsentrasiyası maksimum həddə çatıb. BMT-nin Ətraf Mühit Proqramının hesabatının müəllifləri ölkələrə xəbərdarlıq ediblər ki, anomal istilər artmaqda davam edir və iqlim dəyişikliklərinin təsirləri indi daha aydın hiss olunur. Sadalanan və digər bir çox çatışmazlıqların aradan qaldırılması üçün beynəlxalq təşkilatlar, dövlətlər səy göstərir, alimlər dünyanı xilas etmək üçün elmi araşdırmalarının nəticələrini açıqlayırlar, yeni modellərin tətbiqini təklif edirlər.

2020-ci il martın 11-də Avropa Komissiyası yeni Sıfır Tullantı üzrə Fəaliyyət Planını qəbul etdi. “Yaşıl saziş”ə əsasən, təklif olunan yeni sənaye strategiyasının bir hissəsi olaraq, Avropa Komissiyası daha davamlı məhsulların layihələndirilməsi, tullantıların azaldılması, eyni zamanda, vətəndaşların səlahiyyətlərinin artırılmasını ehtiva edən yeni dairəvi iqtisadiyyat fəaliyyət planı təklif etdi. Yeri gəlmişkən, son onillikdə Avropa İttifaqı dairəvi iqtisadiyyata doğru daha çox irəliləyiş əldə edib.  Dairəvi iqtisadiyyat xətti iqtisadi modelə alternativdir və konsepsiya baxımından bərpaedicidir. Tullantıların idarə edilməsi sistemi tullantıların toplanması, daşınması, təkrar emalı və ya utilizasiyası, habelə bu proseslərə nəzarət üçün tədbirlər kompleksidir. Tullantılar dedikdə adətən insan fəaliyyəti nəticəsində yaranan tullantılar başa düşülür.

Ötən il Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen vurğulamışdı ki, Avropa İttifaqı (Aİ) enerji sahəsində müstəqil olmaq üçün iqlim islahatlarını sürətləndirməlidir. Ətraf mühitə daha az mənfi təsir göstərəcək şəkildə yenidən qurulması layihəsi olan “Yaşıl saziş” özündə emissiyaların azaldılması, zərərli qazların tutulması və saxlanması üçün texnologiyaların tətbiqi ilə iqlim neytrallığını ehtiva edir.

Heç kəsə sirr deyil ki, bu gün Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Cari il iyulun 18-də Avropa İttifaqı ilə imzalanan strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu da dediklərimizin sübutudur.

Noyabrın 11-də Səmərqənd şəhərində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai tərəfindən “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalandı. Sözügedən Bəyannamə Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanıb. Bəyannamədə Paris Sazişindəki və Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılması zərurəti qeyd edilir. Həmçinin tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Bəyannamədə tullantıların dayanıqlı idarə olunması strategiyasının həyata keçirilməsinə sadiqlik ifadə olunur. Sənədə görə, dünyada sıfır tullantı yanaşmasının təbliğ olunacağı və qabaqcıl təcrübələrin paylaşılacağı vəd edilir. Bəyannamədə BMT-yə üzv dövlətlərə, vətəndaş cəmiyyətlərinə, özəl sektora və mediaya strategiya və yanaşmaları dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinə, tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılmasına uyğunlaşdırmağa dair çağırış edilir. Bəyannaməni BMT-nin Baş katibi Antonio Quterreş də imzalayıb.

Milli və beynəlxalq arenada tanınan heç bir qurum qlobal iqlim dəyişikliyində insan faktorunu inkar etmir. Təbiətə laqeyd münasibət sui-qəsdə bərabər hərəkətdir. Planeti qorumaq və təbiətin qayğısına qalmaq hər birimizin borcudur.

Daha çox xəbərlər