Gündəm 

Paşinyan da sülh istəyir?

Ermənistanın siyasi mənzərəsi münasibətləri yeni müstəviyə daşımaq üçün əlverişli şəraitin yaranmasından xəbər verir

Ermənistanda müxalifəti təmsil edən “Şərəfim var” və “Hayastan” blokundan olan deputatlar uzun fasilədən sonra yenidən parlamentin iclaslarında iştirak etmək qərarına gəliblər. Maraqlıdır ki, cəmi bir neçə gün öncə düşmən ölkənin parlamentində təmsil olunan və olunmayan müxalifət qüvvələri yenidən birgə kütləvi etiraz aksiyalarına start verdiklərini elan etmişdilər. Paytaxt İrəvanın Fransa meydanında növbəti dəfə mitinq də baş tutmuşdu. Ancaq məlum oldu ki, baş nazir Nikol Paşinyanın əleyhdarlarının nə hökumətə qarşı birlikdə hərəkət etmək, nə də aksiyaları kütləviləşdirmək cəhdləri alınmadı. Hər vasitə ilə hakimiyyətə təzyiq göstərməyə çalışan üzdəniraq revanşistlərin sonuncu addımlarının fiaskoya uğramasının əsas səbəbi isə öz aralarında birliyə nail ola bilməməkdən də çox erməni xalqının aksiyalara “fransız” qalması oldu. Hətta həmişə belə məqamlarda xalqın “vətənpərvərlik hisslərinə” toxunmaq üçün və iqtidara qarşı istifadə edilən “Qarabağ kartı” da bu dəfə heç nəyə yaramadı. Bütün bu baş verənlər, əslində düşmən ölkənin siyasi mənzərəsi haqqında aydın təsəvvür yaradır –  Nikol Paşinyan ona qarşı yönəlmiş təzyiqləri neytrallaşdırmağı bacarıb, müxalifətin xalqı öz arxalarınca aparmaq arzusu növbəti dəfə puç olub və ermənilərin “Qarabağ məsələsi”nə münasibəti daha əvvəlki kimi deyil, əksəriyyət bu problemin birdəfəlik tarixin arxivinə göndərilməsinin tərəfdarıdır. Bəs müxalifət öz uğursuzluğunu nə ilə əlaqələndirir?

Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan müxalifətin etiraz aksiyaları vasitəsilə hakimiyyət dəyişikliyinə nail ola bilməməsinin səbəbləri və niyə parlamentə qayıtmaları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, onların gündəliyi dəyişməz olaraq qalır. Yenə də məqsəd indiki hökuməti devirmək və “Ermənistanın uğursuzluq silsiləsini kəsmək”dən ibarətdir. Ohanyanın sözlərinə görə, Paşinyan hakimiyyəti kor-koranə və ya bilərəkdən Türkiyə-Azərbaycan birliyinin diktə etdiyi gündəliyi reallaşdırmaqla məşğuldur. Bu, müxalifəti öz fəaliyyətini küçədə davam etdirməyə məcbur etdi. Bu qatı revanşistin iddiasına görə, əldə edilən nəticə isə o oldu ki, hakimiyyət tərəfindən sülh sənədinin imzalanmasını gecikdirə bildilər. Keçmiş müdafiə naziri aksiyalardakı uğursuzluqlarının bir neçə səbəbi olduğunu bildirib. Bura hakimiyyətin müxalifətə qarşı siyasi təzyiqləri, bəzi tərəfdarların saxlanılması və həbs edilməsi, həmçinin əhalinin bir hissəsinin qeyri-müəyyənlik içində olması da daxildir. Ohanyan açıq şəkildə etiraf edib ki, müxalifətin “böyük kütlələri birləşdirmək” və aksiyaları hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq qədər böyütmək planları baş tutmayıb.

Adı İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətinin günahkarları sırasında hallanan keçmiş müdafiə naziri rəhbərlik etdiyi fraksiyanın hökumətin 2021-2026-cı illər üçün proqramında nəzərdə tutulan “sülh təhlükəsizliyin təminatçısıdır” gündəliyinə qarşı olduğunu da bildirib.

Xatırladaq ki, Ermənistan parlamentinin müxalifətdəki “Şərəfim var” və “Hayastan” fraksiyalarının deputatları 2022-ci ilin aprelindən parlamentin iclaslarını boykot edərək uzun müddət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçiriblər. Aksiyalar nəticəsiz qaldığı üçün isə uzun fasilədən sonra bəzi müxalif deputatlar parlamentə qayıtmağa qərar veriblər.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan rəqiblərini geri çəkilməyə, Ermənistan-Azərbaycan, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində atmaq istədiyi konstruktiv addımlara mane olmaq istəyənləri “zərərsizləşdirməyə” nail ola bilib.

Yeri gəlmişkən, Paşinyan 2023-cü ilin mart-aprel aylarında ölkə  Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirmək niyyətindədir.

Ermənistanın “Past” nəşrinin yazdığına görə, o, artıq aidiyyəti qurumlara referenduma hazırlıq işlərinin başlaması ilə bağlı tapşırıq verib. Referendumun konkret olaraq nə vaxt keçiriləcəyi və dəyişikliklərin mahiyyəti hələlik məlum olmasa da, mümkündür ki, Paşinyan Konstitusiyasındakı Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası və qondarma “erməni soyqırımı” ilə bağlı müddəaların çıxarılmasına nail olmağa çalışacaq. Çünki əks halda Türkiyə ilə münasibətlərin normallaşması mümkün olmayacaq. Ermənistanın baş naziri isə ölkəsinin gələcək inkişaf perspektivinin həm Türkiyə, həm də Azərbaycanla münasibətləri yeni müstəviyə daşımaqdan, düşmənçiliyə son qoymaqdan, sülh müqaviləsinin imzalanmasından və kommunikasiyaların açılmasından ciddi şəkildə asılı olduğunu yaxşı anlayır. Bütün bunlar üçün isə tarixdə heç vaxt olmadığı qədər imkan yaranıb.

Daha çox xəbərlər