Gündəm 

Avropa İttifaqı – Azərbaycan əlaqələri məzmunca yeni istiqamətdə davam edir

Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərin daxil olduğu geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfəri qarşılıqlı etimad və səmərəli əməkdaşlığın nəticəsidir

Rəsmi nümayəndə heyəti ilə görüş zamanı Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığının VI Sammitində irəli sürülən təkliflər bir daha xatırlanıb, qurumla Azərbaycan arasında 2018-ci ildə paraflanmış «Tərəfdaşlıq prioritetləri”» sənədinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın Avropa İttifaqının 9, yəni, quruma üzv ölkələrin üçdə biri ilə strateji tərəfdaşlığa dair sənədlərin imzalandığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, qarşılıqlı anlaşma şəraitində davam edən əlaqələrimiz əməkdaşlığımızın xarakterini nümayiş etdirir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz regionuna səfərlərini bölgədə sabitliyin yaranmasına göstərilən səy kimi dəyərləndirən dövlət başçımız İlham Əliyev Brüsseldə keçirilən görüşləri, Ermənistan- Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərlə bağlı müzakirələri davamlı sülhün yaranmasına yönələn xidmət adlandırıb.

Qeyd olunub ki, Aİ ilə ölkəmizin enerji sahəsindəki əməkdaşlığı, XXI əsrin ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin son komponenti Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının İtaliyaya, Yunanıstana və Bolqarıstana çatdırılması ölkəmizin enerji diplomatiyasının, şaxələndirmə siyasətinin uğurlarındandır. «Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir» sözləri ilə bu siyasətin gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyini diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri həyatda özünü doğruldur.

Cari ilin iyul ayında Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə mətbuata bəyanatla çıxış edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”»nun əhəmiyyətini , ölkəmizin qitə dövlətlərinin enerji təchizatındakı əvəzedilməz rolunu «Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz» sözləri ilə dəyərləndirən Aİ rəsmisi bildirmişdi ki, bu sənəd qitə dövlətlərinin enerji tərəfdaşlığını daha da gücləndirir. Oxşar mövqeyini Bakı Enerji Həftəsindəki çıxışında açıqlayan, Cənub Qaz Dəhlizinin Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirən Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero Azərbaycanı qitə dövlətləri üçün bütün sahələrdə etibarlı tərəfdaş adlandırmışdı. Prezident İlham Əliyevin iştirakı ilə Yunanıstan -Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində qitə dövlətlərinin etibarlı qaz təminatçısı Azərbaycanın rolunun yüksək qiymətləndirilməsi dövlət başçımızın İtaliyaya səfəri zamanı da diqqətə çatdırılmışdı.

Bu kimi vacib məsələlərin Bakıda səfərdə olan Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə də xatırlanması eyni zamanda, əlaqələrin yeni prioritetlərinin müəyyənləşdirilməsidir. «Düşünürəm ki, son bir neçə ildə əməkdaşlıq çox yaxşı inkişaf edib. Biz bir sıra müstəvidə irəliləyirik. Sözsüz ki, enerji sahəsi. Lakin düşünürəm ki, siyasi müstəvidə də biz bir çox səylər göstərmişik. Prezident Mişel çox fəaldır, Siz dəfələrlə görüşmüsünüz və Siz onun, eləcə də bizim hamımızın, Avropa İttifaqının ədalətli vasitəçi olduğunu görmüsünüz. Bilirsiniz ki, bizim gizli gündəliyimiz yoxdur, xüsusi gündəliyimiz yoxdur. Biz, sadəcə, yaxşı əməkdaşlıq etmək və əməkdaşlığımızı inkişaf etdirmək istəyirik» söyləyən xüsusi nümayəndə əmin olduğunu bildirmişdir ki, Cənubi Qafqaz respublikaları birlikdə hərəkət etməklə davamlı sülhə öz töhfələrini verə bilərlər.

Son aylarda keçirilən görüşlərdən, aparılan səmərəli danışıqlardan da aydın olur ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əlaqələr yüksək səviyyədə davam etdirilir. İlk mərhələdən Şərq Tərəfdaşlığı Proqramını dəstəkləyən Azərbaycan regionda sabitlik naminə keçirilən tədbirlərdə fəal iştirak edir. Diplomatik səylərini artıran, hədəfə hesablanmış xarici siyasətini praqmatizm üzərində quran, 44 günlük Vətən müharibəsində qazandığı Zəfəri ilə iki il bundan əvvəl məqsədinə nail olan, ərazi bütövlüyünü bərpa edən Azərbaycan yeganə ölkədir ki, heç bir formata qoşulmayaraq Şərq Tərəfdaşlığı ilə səmərəli iş birliyini davam etdirir. Proqramda iştirakı ilə Aİ ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan qazanan Azərbaycan yeni geosiyasi şəraitdə dünya siyasətinin əsas prinsipləri və tələbi olan qarşılıqlı münasibətlərdə etimadı, inamı gücləndirir. Ölkəmizdən fərqli olaraq Ermənistan isə regionda sabitliyə, birgə əməkdaşlığa qeyri-səmimi yanaşması ilə mane olur.

«Hesab edirəm ki, Azərbaycan Şərq Tərəfdaşlığı qrupuna daxil olan nadir ölkədir ki, öz strateji hədəfinə həqiqətən nail olub. Beləliklə, bu, yaxşı platformadır və biz onu Avropa İttifaqı ilə sazişimizin müzakirəsi üçün təməl hesab edirik» söyləyən Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyini qonaqların diqqətinə çatdıraraq bildirib ki, Proqram çərçivəsində hazırlanan saziş üzərində iş uğurla davam etsə də, hər iki tərəfdən siyasi iradə tələb edən bəzi məsələlər hələ də açıqdır: «Biz orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilmərik. Yəni, ləngiməyə səbəb olan bəndlər iqtisadiyyat, ticarət və bəzi digərləridir. Mən prosesin sürətləndirilməsi ilə bağlı nümayəndə heyətimizə artıq təlimat vermişəm və hesab edirəm ki, sazişin yekunlaşdırılması üçün fürsət var.» Torpaqları geri qaytarmadan sülh istəyən Ermənistanın davamlı sülhün yaranmasına bilərəkdən törətdiyi əngəllər manipulyasiyadır. Dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illər işğal altında olan, ədaləti öz gücü ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə məğlub tərəfə barışıq təklif edir. Ermənistan isə hələ də Azərbaycanın təklif etdiyi beş prinsipdən ibarət sülh sazişini imzalamağa tərəddüd edir, prosesi ləngidir.

Görüşdə diqqətə çatdırılıb ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülhün iki vacib amili gündəlikdədir. Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesinə ziddiyətli bəyanatları ilə mane olan rəsmi İrəvan hələ də tərəddüd edir. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını sözdə bildirsə də, Praqada və Soçidə keçirilən görüşlərdə qəbul olunan bəyanatlara imza atsa da, ölkəmizdə erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyən Ermənistan hərdəmxəyal davranışı, törətdiyi təxribatlarla vaxtı uzadır . Bu isə suverenlik prinsipinə uyğun deyil. Özünün müstəqil xarici siyasəti olmayan, sözləri ilə əməlləri, mənfur planları ziddiyyət təşkil edən, ikimənalılığı saxlamaq istəyən Ermənistan rəsmilərinin Azərbaycanı İŞİD və «Əl-Qaidə»” ilə müqayisə etməsi isə xalqımızın « Adımı sənə qoyum» məsəlinə bənzəyir. Çünki erməni silahlıları da adı çəkilən təşkilatlar kimi terrorçu, insan qatilidirlər. «Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır» sözləri ilə Azərbaycanın qəti mövqeyini Avropa İttifaqınn Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümyəndə heyətinin diqqətinə çatdıran Prezident İlham Əliyev Aİ ilə əməkdaşlığın bundan sonra da qarşılıqlı maraqlar əsasında davam etdiriləcəyini, Ermənistan – Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmağa hazır olduğunu bildirib.

Daha çox xəbərlər