Siyasət 

Enerji diplomatiyası milli maraqlara xidmət edir

ADA Universitetində keçirilən «Orta Dəhliz: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransda qeyd olunub ki, Azərbaycan qitə dövlətləri üçün əsas enerji mənbəyidir

Avropa dövlətləri üçün alternativsiz mənbə olan Azərbaycanın enerji diplomatiyasının coğrafiyası da genişlənir. Neft-qaz layihələrinin təşəbbüskarı kimi dünyanın tanınmış şirkətləri ilə əlaqə yaratmaqla tərəfdaşlığa böyük töhfə verən ölkəmizdə Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərinin təşkili, Bakı Enerji Forumunun keçirilməsi, Azərbaycanın dialoq mərkəzi kimi seçilməsi dünyanın enerji xəritəsində önəmli yeri olan ölkəmizə etimaddır. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslərini dəstəkləyənlərin sayının artması ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının uğur salnaməsidir. «Mən deyərdim, XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinə ehtiyac duyulurdu. Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür» sözləri ilə enerji layihələrinin reallaşmasında əsas tərəfdaşlardan olan Türkiyə və Gürcüstanla əməkdaşlığı regionda sabitliyin başlıca amili adlandıran Prezident İlham Əliyev əlavə olaraq vurğulayır ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı ixrac imkanlarımızın genişləndirilməsi qlobal əhəmiyyətli məsələdir. Rusiya ilə Ukrayna arasında davam edən müharibə nəticəsində Avropa ölkələrində yaranan enerji böhranı Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatı daha da artırıb.
XXI əsrin möcüzəsi adlandırılan Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin – Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın əməkdaşlığının qarşılıqlı etimad əsasında uğurla davam etməsi ölkəmizin enerji diplomatiyasının, şaxələndirmə siyasətinin təntənəsidir.

Bu ilin ötən aylarında Avropa Komissiyasının rəsmilərilə keçirilən görüşlər, Avropa İttifaqı ilə Azərbaycan arasında dialoq, elektrik enerjisi, bərpa olunan enerjinin səmərəliliyi ilə bağlı məsələlərin aktuallaşması əməkdaşlıq formatının genişlənməsinə əlavə stimul verir. Məqsəd qarşıdakı illər üçün nəzərdə tutulan layihələri reallaşdırmaqla tərəfdaşların sayını artırmaqdır. Bəllidir ki, Azərbaycan təkcə neft – qaz hasil etmir. Eyni zamanda, elektrik enerjisi ixrac edən ölkə kimi maraq doğuran respublikamız yenilənən enerjiyə investisiya yatırmaqda da maraqlıdır. Zəngin alternativ enerji mənbəyinə malik Azərbaycanla dünyanın ən böyük qurumlarından olan «ACWA Power» və «Masdar şirkətləri ilə təməlqoyma mərasimlərinin keçirilməsi, günəş, külək elektrik stansiyalarının inşası ilə bağlı danışıqların aparılması ölkəmizin enerji diplomatiyasına əlavə dividendlər qazandıracaq. «Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, tranzit ölkə olan Azərbaycan bu dəhlizdən istifadə etməklə yeni bazarlara ixracı artıracaq.

Dünyada geosiyasi vəziyyətin kəskinləşdiyi, fərqli olduğu bir vaxtda istənilən ölkədən ünvanlanan müraciətlər Azərbaycana yeni tərəfdaşlar qazandırır. Siyasi məqsədlər naminə deyil, dünyada və regionda qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsinə xidmət edən Azərbaycanın enerji diplomatiyası ölkəmizin iqtisadi potensialını da gücləndirir.

Bu günlərdə Bakıda, ADA Universitetində keçirilən «Orta Dəhliz: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə həyata keçirilən enerji layihələrinin Avropa ölkələrinə verdiyi töhfələrdən danışan Prezident İlham Əliyev perspektivlərdən də bəhs edib. Qeyd olunub ki, Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərində yalnız 20 faiz paya sahibdir. «Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq» söyləyən dövlət başçımız onu da diqqətə çatdırıb ki, Trans-Balkan boru kəmərinin bu layihəyə cəlbinin vaxtıdır. Keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun istifadəyə verilməsi təbii ki, sonuncu deyildir. «Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir» söyləyən Prezident İlham Əliyev Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaqla bağlı imzalanan Anlaşma Memorandumunu xatırladıb . Diqqətə çatdırılıb ki, bərpaolunan enerji mənbələri ilə bağlı beynəlxalq investorlarla birgə həyata keçirilən layihələr üzrə işlər də davam etdirilir. Gələn ilin sonunadək 470 meqavat külək və günəş enerjisi mövcud olacaq. Cəbrayıldakı 230 meqavat gücündə günəş elektrik stansiyası buna əlavə həcm verəcək, əlavə qaza qənaət imkanı yaranacaq.

Enerji potensialı ilə bağlı araşdırmalar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyasının tikilməsi planlaşdırılır. Onlardan 5-i artıq istismara verilib.

İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda «Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu» mövzusunda çıxış edən, yeni dünya nizamında Azərbaycanın enerji diplomatiyasının uğurlarından, enerji strategiyasının mühüm məqamlarından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən söz açan Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində dünyada etibarlı və perspektivli tərəfdaşdır, təbii sərvətlərimiz milli məqsədlərə, strateji maraqlara xidmət edir.

Daha çox xəbərlər