Gündəm 

Qarabağa və Şərqi Zəngəzura ruzi-bərəkət gəlir

Bu torpaqlarda əkin-biçin ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəsini verəcək

Bu, bir gerçəklikdir ki, bir çox ölkələr COVID-19 pandemiyası zamanı və bu gün də davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində əhalisini ərzaqla təmin etməkdə problemlərlə üzləşib. Lakin  Azərbaycan bu ciddi problemdən yan keçməyi bacardı. Buna səbəb isə dövlətin vaxtında həyata keçirdiyi səmərəli tədbirlərdir. Məhz bu reallığa görə də  Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi üzrə hesabatda ardıcıl olaraq mövqeyini yaxşılaşdıran ölkələrin siyahısındadır. Bu isə o deməkdir ki, ölkəmizdə görülən kompleks tədbirlər nəticəsində ərzaq təhlükəsizliyinin təmini sahəsində böyük nailiyyətlər əldə edilib.

Eyni zamanda, Azərbaycan Prezidentinin 2022-ci il 19 iyul tarixli «Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında» Fərmanı da gələcəkdə ərzaq təhlükəsizliyinin yaradılmasına yeni imkanlar yaradacaq. Bu sənəd ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsini və ərzaq təhlükəsizliyinin gücləndirilməsini qarşıya mühüm vəzifə kimi qoyur.

Bu gün Azərbaycanda kartof, meyvə, tərəvəz və s. kimi bir sıra ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəkdir. Ancaq ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi isə hələlik kifayət deyildir. Ona görə də ərzaqlıq buğda istehsalının artırılması aktuallıq daşıyır. Xüsusilə yaxın zamanlarda ölkə üzrə ərzaq təminatı xəritəsinin hazırlanması palanlaşdırılır.

Onu da nəzərə almaq lazımdır ki, tarixən xalqımızın istehlakında çörək  mühüm yer tutub. Onun üçün də ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi istiqamətindəki tədbirlərin davamı zəruridir. Artıq qərar verilib və 2023-cü ildən başlayaraq 5 il müddətində ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək.

Azərbaycan dövləti bu istiqamətdə yeni hədəfləri də müəyyənləşdirib. Belə ki, qarşıdakı 3-4 il ərzində ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin 80 faizə çatdırılması istiqamətində iş aparılacaqdır.

Heç şübhəsiz ki, Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilən torpaqların əkin dövriyyəsinə cəlb edilməsi də ərzaq təhlükəsizliyimizin təmin edilməsinə böyük töhfə verəcək. Artıq 2022- ci ildə işğaldan azad olunan ərazilərdə 50 min hektarda taxıl əkilib və ilkin məhsul əldə olunub. Hazırda həmin ərazilərin minadan təmizlənməsi və su təsərrüfatının yenidənqurulması üzrə sürətli işlər gedir. Növbəti illərdə isə daha 80-100 min hektar arasında torpağın əkin dövriyyəsinə cəlb edilməsi planlaşdırılır.

Burada bitkiçiliklə yanaşı, heyvandarlıq da inkişaf etdirilir. Artıq Kəlbəcər və Laçın yaylaqlarında qoyunçuluq təsərrüfatları yaradılıb. Təkcə 2022-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarındakı yaylaqlara 61 mindən çox arı ailəsi aparılıb. Bu isə o deməkdir ki, qarşıdakı illərdə işğaldan azad olunan ərazilərin hesabına Azərbaycanın ərzaq təhlükəsizliyi daha da güclənəcəkdir. Bir sözlə, Qarabağa və Şərqi Zəngəzura ruzi bərəkət qayıdır. Bu torpaqlarda əkin-biçin ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəsini verəcək.

Daha çox xəbərlər