Cəmiyyət 

Nə qədər ki ikili standartlar var…

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilmiş, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilmişdir. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüz müxtəlif istiqamətlərdə aparılıb. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. Məscidlərdə donuz, mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınmış və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olmuşdur. Bundan başqa, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılmışdır. Bu gün Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir. Çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

Bir neçə il öncə erməni arxeoloqlar o zaman işğal altında olan Ağdamın Şahbulaq qalasında qanunsuz qazıntı işləri aparmışdı. Arxeoloji ekspedisiyanın rəhbəri Hamlet Petrosyan qalada qazıntı işləri aparılan zaman qızıl məmulatlarından ibarət zərgərlik qalıqlarının tapıldığını demişdi. Qazıntılar nəticəsində aşkar edilən Azərbaycan memarlığına aid qüllələr, bir sıra abidələr Ermənistana göndərilmişdi. H.Petrosyanın sözlərinə görə, 150 hektar sahəyə səpələnmiş Şahbulaq qalasının ətrafında orta əsrlərə məxsus tikililər, yeraltı sərdabələr və s. aşkarlanıbmış. 44 günlük Vətən müharibəsi zamanı Ağdam muzeyinin eksponatları İrəvana daşınıb. 10 noyabr Bəyanatı imzalandıqdan sonra 20 noyabra qədər Ağdamı boşaltmalı olan ermənilər verilən zamandan istifadə edib qanunsuz qazıntılar nəticəsində əldə olunan Azərbaycana məxsus arxeoloji materialları Ermənistana daşıyıblar. Ermənilər tərəfindən qarət olunan muzey eksponatlarının bir qismi ayrı-ayrı Ermənistan dövlət nümayəndələrinin əlinə keçib, bir qismi isə xarici ölkə vətəndaşlarına satılıb.

Bəzən isə ermənilər vaxtilə işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğunu iddia edir və bu niyyətlə məkrli addımlar atırlar. Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalmışdır. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurmuş, Göy məscidin isə memarlıq xüsusiyyətləri dəyişdirilərək onun İran abidəsi olduğu iddia edilmişdir. Dini abidələrimizə qarşı erməni təcavüzü bu gün də davam edir. İşğalçı Ermənistanın tarixi-dini abidələrimizə vurduğu ziyan davam etməkdədir. Hərb cəbhəsində uğursuzluğa məruz qalan erməni silahlı birləşmələri mülki yaşayış yerlərinə, o cümlədən tarixi abidələrə, qəbiristanlıqlara, ziyarət yerlərinə atəş açmaqdadırlar.

Göründüyü kimi, Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi bütün dünyanın gözü qarşısında baş verib. Dünya erməni vəhşiliyinin ölçüyəgəlməz dərəcəyə yüksəlməsinin fərqindədir. Qarabağın işğaldan azad edilməsindən sonra aparılan monitorinqlər vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu bir daha göstərir. Amma çox təəssüflər olsun ki, yenə də ermənilərin bu vandalizm əməllərinə göz yummaqda davam edir. Beynəlxalq təşkilatlar, o cümlədən UNESCO qarşısında qaldırılan əsas məsələlərdən biri də məhz bununla bağlıdır. Lakin təqdim edilən faktlara  baxmayaraq, nə işğal dövründə, nə də son 2 illik postmüharibə dövründə Azərbaycanın mədəni irsinə 30 ildə Ermənistan tərəfindən vurulmuş ziyanın qiymətləndirilməsi üçün Qarabağa heç bir missiya göndərməyib.

2022-ci il 10 mart tarixində Avropa Parlamenti tərəfindən qəbul olunan Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qətnamə erməni lobbisinin əlində alət olan beynəlxalq və regional təşkilatların riyakar və ikiüzlü siyasətinin təzahürüdür. Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına zidd olmasına baxmayaraq bu məsələ ilə bağlı Ermənistana hələ də beynəlxalq təzyiq göstərilməyib. Bu da beynəlxalq birliyin ikili standartlarının növbəti bariz təcəssümüdür.

Daha çox xəbərlər