Cəmiyyət 

Xankəndi, ay ivan, Xan-kən-di!

Künc zərbəsi

Sülh yaratmaq əvəzinə separatizmə dəstək verən sülhməramlı bizə lazım deyil

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti komandanlığının fəaliyyət göstərdikləri ərazilərdə olan tarixi yer adlarını təhrif etmələri ilk dəfə deyil. Ordumuzun 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux kəndi və Fərrux yüksəkliyi istiqamətində mövqe yerdəyişmələri həyata keçirməsindən sonra da Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan məlumatlarda “Fərrux” adı ermənilərin təbirincə “Furux” (“Purux”) adlandırılmışdı. Yalnız Azərbaycan tərəfinin bir neçə dəfə və kəskin irad bildirməsindən sonra Rusiyanın sözügedən qurumu öz saytından sülhməramlılarla bağlı son 3 gündə yaydığı xəbərləri tamamilə silmişdi. İndi artıq neçənci gündür ki, oxşar hal təkrarlanır. Missiyası sülhü təmin etmək, atəşkəs rejiminin pozulmasının qarşısını almaq olan kontingentin komandanlığı tərəfindən fəaliyyətləri haqqında gündəlik məlumatlarda mütəmadi olaraq Qarabağın tarixi yer adları təhrif olunur, şəhər, rayon və kəndlərimiz ermənilərin qoyduqları qondarma adlarla təqdim edilir. Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi aidiyyəti üzrə öz etirazını bildirib və toponimlərin düzgün təqdim edilməsini tələb edib.

Yeri gəlmişkən, Milli Məclisin Regional məsələlər komitəsi də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə Azərbaycan toponimlərini dəyişdirməsinə görə bu ölkənin parlamentinə müraciət ünvanlayacaq. Sözügedən komitənin sədri Siyavuş Novruzov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, Rusiya sülhməramlıları üçtərəfli görüşdə imzalanan bütün protokollara, hətta Vladimir Putinin imzasına da hörmətsiz yanaşırlar: “Çünki protokolların hər birində regionların adı bizim qeyd etdiyimiz adla gedir. Bunu köhnə adla orda təqdim etməyin heç bir yeri yoxdur. Regional məsələlər komitəsi olaraq, bununla bağlı Rusiya Dumasının Regional komitəsinə müraciət hazırlamışıq.”

Aydın görünür ki, problemin kökünü Qarabağda axtarmaq yersizdir, çünki sülhməramlıların komandanlığı həmin qondarma adları Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş xəritədən götürür. O xəritədən ki, orada inzibati adı Qarabağ iqtisadi rayonu olan bölgə “Dağlıq Qarabağ”, Xankəndi şəhəri hələ də “Stepanakert”, Ağdərə rayonu “Mardakert”, Xocavənd isə “Martuni” kimi göstərilib. Deməli, toponimlərin yanlış təqdim edilməsinin,  Azərbaycan qanunlarına laqeydlik və hörmətsizliyin, ardıcıl təxribat xarakterli məlumatların, “ermənilərin dağıdılmış dəyirmanını bərpa edib ona su tökmək istəyi”nin müəllifləri də Qarabağda deyil, Moskvada, Müdafiə Nazirliyində əyləşiblər. Deyəsən, onlar müstəqil Azərbaycan Respublikasının ərazisində, özü də müvəqqəti, cəmi 5 il müddətinə (onun da artıq 2 ili başa çatıb) yerləşdirildiklərini, bu gedişlə missiyalarını yarımçıq başa vurmalı olacaqlarını unudurlar.

Ümumiyyətlə, son vaxtlar Rusiya sülhməramlı kontingentinin öz missiyasını lazımi səviyyədə yerinə yetirmədiyi, sülh yaratmaq əvəzinə separatizmə dolayısı ilə, bəzən hətta aşkar dəstək verdiyi müşahidə edilir. Belə olmasaydı Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəaları yerinə yetirilmiş, Qarabağdakı qeyri-qanuni silahlı erməni dəstələri suveren ərazimizdən çıxarılmış, Laçın yolunun yalnız dinc məqsədlər üçün istifadəsi təmin edilmiş olardı. Ancaq kontingentin ikillik fəaliyyətindən sonra mənzərə belədir – qeyri-qanuni silahlı erməni cinayətkarlar nəinki öz yerlərindədir, hətta bəzi hallarda sülhməramlıların müşayiəti ilə mövqelərində istehkam-möhkəmlənmə işləri aparmağa cəhd edirlər, Qarabağda atəşkəs həmin cinayətkarlar tərəfindən sülhməramlıların gözü qarşısında pozulur, Laçın yolu vasitəsi ilə silah-sursat, hərbi texnika daşınır!

Məlum olduğu kimi, erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı Ermənistan rəsmiləri tərəfindən də etiraf edilib. Sülhməramlı kontingentin 10 müşahidə məntəqəsinin yerləşdiyi, patrul xidmətinin həyata keçirildiyi Laçın yolunun ermənilər tərəfindən hərbi məqsədlər üçün istifadə olunması da artıq təkzibedilməz faktdır. Laçın şəhərinin, rayonun Zabux və Sus kəndlərinin ordumuzun nəzarətinə keçməsindən sonra həmin ərazilərdə, həmçinin Sarıbaba yüksəkliyində aşkarlanan yüzlərlə piyadalar əleyhinə minanın 2021-ci ildə Ermənistanda istehsal edildiyini nəzərə alsaq, yolun sülhməramlılar tərəfindən necə “qorunduğu” məlum olar…

Qarabağ Azərbaycanın suveren ərazisi olduğu kimi, həmin bölgədə də Azərbaycan qanunları işləməlidir. Əgər hansısa sülhməramlı kontingent bu qanunlara əməl və hörmət etməyi bacarmırsa, o zaman onların ərazimizdə heç bir missiya həyata keçirməsi mümkün deyil. Və bütün hallarda Azərbaycan qanunauyğun adekvat addım atmaq hüququnu özündə saxlayır. Toponimlərə gəlincə, mart ayında olduğu kimi, yenə də başa salacağıq ki, “Dağlıq Qarabağ” yox, Qarabağ! “Stepanakert” yox, ay İvan, Xankəndi! Xan-kən-di! Bu qədər ivan olmayın…

Daha çox xəbərlər