Gündəm 

Sülh müqaviləsi imzalanmalıdır və imzalanacaq

Ermənilər də Fransanın danışıqlara zərər vuran qətnamələrindən narahatdırlar

Son proseslərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müxtəlif platformalarda aparılan danışıqlarda fasilə və qeyri-müəyyənlik hökm sürür. İlk baxışdan hətta iki tərəf rəsmilərinin yaxın günlər üçün görüşəcəyi də qeyri-real görünür. Ermənistan baş naziri Nikol Paşinyanın Fransanın da vasitəçi kimi iştirakında israr etdiyi dekabrın 7-də keçirilməsi nəzərdə tutulan növbəti Brüssel görüşünün təxirə salınması isə mövzu ətrafında bir sıra suallar yaradır: Sülh danışıqlarının taleyi necə olacaq? Paşinyan siyasi iradə göstərərək sözünün üstündə durmağı bacaracaqmı və sülh müqaviləsinin 2022-ci ilin sonuna kimi imzalanması mümkündürmü? Danışıqlarda pozucu mövqe sərgiləyən Fransanın son təxribatçı addımlarına Ermənistanda münasibət necədir?

2022-ci ilin noyabrın 15-də Fransa Senatının, noyabrın 30-da isə Milli Assambleyanın (parlamentin aşağı palatası) Azərbaycan əleyhinə qəbul etdikləri qərəzli qətnamələrin bu ölkənin ermənipərəst prezidenti Emmanuel Makronla birbaşa əlaqəsi şübhə doğurmur. Aydındır ki, Makron hökuməti parlamentdə qəbul edilən həmin qətnamələrdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edərək yenidən vasitəçilər sırasına qayıtmağa, bununla da Cənubi Qafqazda siyasi mövcudluğunu bərpa etməyə (ATƏT-in Minsk qrupunun dağılması ilə Fransa “oyundankənar vəziyyət”dədir) ümid edirdi. Lakin Fransanın daha vasitəçi qismində danışıqlara qatılmasının qeyri-mümkünlüyünü bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi Makronun planlarını pozdu. İndi Fransa dövlət başçısının özü də hadisələrin gedişatının onun istəyinə uyğun cərəyan etmədiyini anlayır və proseslərin sıravi müşahidəçisinə çevrilib. Məsələ burasındadır ki, maraqlı tərəf olduğunu gizlətməyən ermənipərəst Fransa son addımları ilə Avropa İttifaqı (Aİ) Şurasının və ABŞ-ın Cənubi Qafqazda sülh çağırışlarına qarşı da çıxmış oldu. Ancaq Qərb danışıqların davam etdirilməsində və sülh müqaviləsinin imzalanmasında israr edir. Üstəlik, Aİ Şurasının təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş görüşlərdə növbəti mərhələdə əsaslı sülh sazişinin imzalanmasına zəmin yaradacaq qədər müsbət dinamikaya nail olunub. Dekabrın 7-də görüş baş tutmasa belə qurumun mövqeyi belədir ki, iki ölkə arasında münasibətlərin normallaşması üçün real imkanlar mövcuddur.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel dekabrın 1-də ATƏT-nin Nazirlər Şurasının Polşada keçirilən iclasında bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün tarixi şərait var: “Biz Azərbaycanın  və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla işləməkdə davam edəcəyik. Hesab edirəm ki, bu, Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün tarixi fürsətdir.”

J.Borrel hər iki tərəfi bu fürsətdən istifadə etməyə çağırıb və əlavə edib ki, Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hər cür töhfə verməyə hazırdır.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 1-də Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətləri haqqındakı fikirləri də diqqət çəkir. Lavrov bildirib ki, Ermənistan rəhbərliyi son zamanlar status haqqında deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi barədə danışır. Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onları ölkənin digər vətəndaşlarının malik olduğu hüquqlarla təmin etməyə hazırdır: “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə gələndə Praqa sənədini gətirmişdilər. Həmin sənəddə onların sülh müqaviləsini BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunub. MDB-nin yaradılması haqqında Alma-Ata Bəyannaməsində isə aydın şəkildə qeyd olunub ki, yeni yaradılan dövlətlər arasında sərhədlər keçmiş SSRİ dövlətləri arasındakı inzibati sərhədlərə əsaslanır. Həmin vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Sənəd həm Azərbaycan, Ermənistan və Fransa liderləri, həm də cənab Şarl Mişel tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Bu, təbii ki, gələcək işləri yüngülləşdirir, çünki Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir.”

Hiss olunur ki, Rusiyanın da məsələ ilə bağlı mövqeyində müəyyən korrektələr var və bütün bunlar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının mümkünlüyündən xəbər verir.

Maraqlıdır ki, Fransa parlamentinin yuxarı və aşağı palatalarının qəbul etdikləri qərəzli, böhtan dolu qətnamələrə Ermənistanın özündə də münasibət birmənalı deyil. Mövzunu “Sputnik Ermənistan”a şərh edən politoloq Qarik Keryan etiraf edib ki, Fransanın Ermənistana kömək etmək istəyi böyükdür, lakin bu ölkənin imkanları çox azdır: “Çünki Fransa Azərbaycan Prezidenti İlham Əliyevə təsir edə bilmir. Ona görə də cəlbedici perspektivlərə ümid bağlamaq olmaz, vəziyyəti ayıq şəkildə qiymətləndirmək lazımdır.”

Digər erməni politoloq Suren Surenyants da “Hraparak” nəşrinin suallarını cavablandıraraq bildirib ki, Azərbaycanın qətiyyətli mövqeyinə rəsmi Parisin reaksiyası sözügedən qətnamələrdə qeyd olunan sanksiyaların əksəriyyətinin ən azı yaxın gələcəkdə tətbiq edilməyəcəyini açıq şəkildə göstərir: “Ümumiyyətlə, bir şeyi başa düşmək lazımdır ki, Fransa kimi böyük dövlətlər özləri üçün siyasi alətlər yaradırlar, ondan da ancaq ehtiyac duyduqları zaman istifadə edirlər. Fransa nə Ermənistan naminə, nə də erməni xalqının gözəl gözləri üçün o qətnaməni qəbul etmədi.”

Suren Surenyants Fransanın atdığı addımların Brüssel danışıqlarına yaratdığı problemlərə narazılığını da gizlətməyib: “Ola bilsin ki, biz yaxın vaxtlarda Brüssel platformasında danışıqlar prosesi görməyək. Bilmirəm, Fransa hakimiyyəti bu cür davranmazdan əvvəl bu vəziyyəti nəzərə alıb, ya yox?”

Göründüyü kimi, Fransanın pozuculuq cəhdlərinin perspektivsizliyini erməni cəmiyyəti də anlayır. Fransanın timsalında üçüncü dövlətlərin müdaxiləsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və sülh müqaviləsinin imzalanmasına mane ola bilməyəcək. O müqavilə imzalanmalıdır və imzalanacaq. Özü də Azərbaycanın maraqları çərçivəsində.

Daha çox xəbərlər