Dimdiyindən tələyə düşən Nikol
Bildiyimiz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən zirvə toplantısında Rusiya ilə münasibətləri daha da gərginləşdirdi. Baş nazir Nikol Paşinyan KTMT-nın yekun sənədini nümayişkəranə şəkildə imzalamadı. O, bununla da zirvə toplantısında iştirak edən Rusiya Prezidenti Vladimir Putinin nüfuzuna ağır zərbə vurmuş oldu. Odur ki, Kremldə şəkkak baş nazir Paşinyanın həmin kobud davranışını yaddan çıxarmırlar. Rusiyanın son davranışlarına diqqət yetirsək bunu unutmaq niyyətində olmadıqları da açıq-aşkar nəzərə çarpar. Kreml baş nazirin KTMT qalmaqalına Rusiya xarici işlər naziri Sergey Lavrovun “Qarabağ Azərbaycandır” məzmunlu açıqlaması ilə cavab verdi. Ermənistana qarşı Kremlin təzyiqlərinin yalnız bununla da bitməyəcəyi qətiyyən şübhə doğurmur. Aydın görünür ki, Paşinyan Qərbə yarınaraq Kremli saymaması, onu şantaj etmək cəhdləri ilə elə bir uğur qazana bilmədi. Əksinə, Ermənistanı daha bir çıxılmaz geopolitik labirintə salmış oldu. Ona görə də, rəsmi İrəvanın bundan sonra atacağı addımlar və yaxud tutacağı mövqe böyük maraqla izlənməkdədir. Çünki hazırda Ermənistan cəmiyyətində KTMT-dan çıxmaqla bağlı tələblər əsas müzakirə mövzusudur. Anti-Rusiya əhval-ruhiyyəsi getdikcə güclənməkdədir. Əsas məsələ ondadır ki, baş nazir Paşinyanın KTMT qalmaqlından sonra Ermənistan cəmiyyətində bu qurumdan çıxaraq yenidən ABŞ və Qərbə yaxınlaşmaq tələbləri daha israrla gündəmə gətirilir. Bunların hamısı heç də təsadüfi deyil. Bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan da rəsmi İrəvanın təxminən 2023-cü ilin fevral ayında KTMT-dan çıxmaqla bağlı hüquqi prosedurlara start verə biləcəyini bildirmişdi. Ona görə də, indi əsas suallardan biri Paşinyan hakimiyyətinin belə bir radikal addıma cəsarət edib-etməyəcəyidir. Bu səbəbdən də hazırkı şəraitdə İrəvanın ciddi tərəddüd keçirdiyi qətiyyən şübhə doğurmur. Siyasətdə nə qədər kütbeyin olsa da Paşinyan hakimiyyəti Ermənistanın KTMT-dan çıxmasının hansı böyük təhlükələri vəd etdiyini anlamamış deyil. Çünki Ermənistan bu halda tamamilə təklənmiş vəziyyətdə qala bilər. Yeganə hərbi müttəfiq Rusiyanın dəstəyi olmadan Ermənistanın Cənubi Qafqazdakı mövcudluğunun ciddi suallar altına düşəcəyi qətiyyən şübhə doğurmur. Yəni, Rusiya bir vaxtlar “dünyaya gətirdiyi” Ermənistanı indi dəfn edə bilər. Ermənilər isə bu dəfə Rusiyadan birdəfəlik üz çevirib yalnız Qərbin dəstəyinə ümid bağlayırlar. Digər tərəfdən, əgər, rəsmi İrəvan KTMT-dan çıxmaq qərarı verərsə, Ermənistan üçün Avrasiya İqtisadi İttifaqının (Aİİ) qapıları da bağlana bilər. Bu isə zəif dövlət olan Ermənistanın Aİİ ölkələrinə aid bir sıra maliyyə-iqtisadi, eləcə də, gömrük-ticarət güzəştlərinin itirilməsinə gətirib çıxaracaq. Yəni, bu addım Ermənistan üçün külli miqdarda, hətta öhdəsindən gələ bilməyəcəyi maliyyə itkiləri deməkdir. “Bir həsir, bir Məmmədnəsir” olan Ermənistanda bu, intihara bərabər addımdır. Nəhayət, rəsmi İrəvan KTMT-dan çıxmağa cəsarət göstərəcəyi təqdirdə, Ermənistan yeni enerji resursları qaynağı axtarmaq məcburiyyətində də qala bilər. Halbuki, bu, Ermənistan üçün əlçatmaz hədəf kimi görünür. Çünki hazırda Ermənistan neft və təbii qazı olduqca güzəştli qiymətlərlə, üstəlik, kredit şərtləri ilə yalnız Rusiyadan ala bilir. Rusiya bu güzəştləri ləğv edərsə, rəsmi İrəvan hətta yeni enerji resursları qaynağı tapsa belə, Ermənistan dünya bazarlarına uyğun qiymətlərlə ödəniş imkanlarından çox-çox uzaqdır. Yəni, öz cibi ona neft, benzin və qaz yanacağı almağa imkan verməz.
Göründüyü kimi, Ermənistanın KTMT-dan çıxmaq şansları demək olar ki, mövcud deyil. Yəni Paşinyan hakimiyyəti istənilən halda, Kremlin təlimatlarını yerinə yetirməyə, Rusiyaya vassallıq etməyə məhkumdur. Belə davam edəcəyi müddətdə isə ABŞ və Qərbin Rusiyanın təsiri altında olan KTMT və Aİİ-nin tərkibindəki Ermənistana hər hansı sahə üzrə dəstək verməsi real görünmür. Bu isə o deməkdir ki, Ermənistan hazırda hələ uzun müddət çıxa bilməyəcəyi geopolitik labirintdə ABŞ və Qərblə Rusiya arasında “istifadə müddəti artıq sona çatmaqda olan alət” rolunu oynamaq məcburiyyətində qalacaq. Onsuz da bu cırtdan dövlətin varlığı ağalarının insafına qalıb. Əgər çox baş aparsa, öldürücü zərbələr ona həm sağdan, həm də soldan gələcək. Odur ki, başından böyük qələtlər qırmış Paşinyan qarğa kimi dimdiyindən tələyə düşüb, anlayıb ki, deyəsən “nahaq hənadan söz açıb.”

