Gündəm 

Tərəqqi, qələbə şəhəri simvolu…

Azərbaycanın mədəniyyət paytaxtı olan, vaxtilə “Kiçik Paris”, “Zaqafqaziyanın konservatoriyası” adlandırılan Şuşa şəhəri bu gün özünün tarixi günlərini yaşayır.

Təbii ki, çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə şəhəri simvoludur.

Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi barədə Sərəncam imzaladı.

Azərbaycan dövləti torpaq bütövlüyünü bərpa etdikdən dərhal sonra azad edilmiş ərazilərin genişmiqyaslı bərpasına başladı. Hazırda həmin bərpa-quruculuq planına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur sıfırdan qurulur. İşğalçı Ermənistanın xarabalığa çevirdiyi, yer üzündən sildiyi şəhərlər, kəndlər, qəsəbələr yenidən tikilir. Azad edilmiş ərazilərdə ən müasir infrastruktur yaradılır, hava limanları, elektrik stansiyaları inşa olunur. Yüz kilometrlərlə yollar, su, işıq, qaz və digər kommunikasiya xətləri çəkilir. Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı bərpa olundu. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Prezident İlham Əliyev həmin günləri ölkəmizin tarixində əlamətdar günlər kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Dövlət başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Xarıbülbül” festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.

Ümummilli lider Heydər Əliyev Qarabağın tacı, bəşər mədəniyyətinin incisi Şuşanın hər bir azərbaycanlı üçün əziz olduğunu bildirərək demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Şuşa şəhərinin azad olunması münasibətilə rəsmi “İnstagram” səhifəsində etdiyi paylaşımda xalqımızı təbrik edərək bildirmişdir: “İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Bəli, Şuşa milli qürurumuz, mənliyimizdir…

Daha çox xəbərlər