Ərzaq təhlükəsizliyi o demək deyil ki,..
Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin bahalaşması, daşınma-logistika xərclərinin artması, quraqlıq, iqlim dəyişikliyi, koronavirus pandemiyası, Ukraynada baş verən hadisələr nəticəsində əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olub. Xüsusilə Ukraynada baş verənlər qlobal ərzaq təhlükəsizliyi üçün riskləri artırıb, dünyanın 94 ölkəsindən 1,6 milyard insana təsir edib. Hətta bəzi Afrika ölkələrində ərzaq qıtlığı real təhlükəyə çevrilib.
Azərbaycan qloballaşan dünyanın bir hissəsi olduğuna görə tədric olunmuş halda və ya fərdi qaydada ölkənin ərzaq təhlükəsizliyini təmin etmək qeyri-mümkündür. Şübhəsiz, müasir dövrdə dünyada baş verən iqtisadi proseslər ölkəmizə də öz təsirini göstərməkdədir. Bu baxımdan ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir. Hökumət dünyanı təhdid edən qida təminatı və bahalaşma təhlükəsinə qarşı ardıcıl proqramlar həyata keçirir. Məsələn, qiymət artımlarının qarşısının alınması məqsədilə hökumət bir neçə tədbirlər paketi hazırlayıb. Həmin sənədlərə əsasən, bəzi ərzaq məhsullarının ölkədən çıxarılmasına müəyyən qadağalar qoyulub, ixrac olunacaq məhsulların miqdarı müəyyən edilib. Süni qiymət artımının qarşısının alınması ilə əlaqədar ciddi addımlar atılıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib. Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər həyata keçirilir. Monitorinqlər zamanı qanunvericiliyin pozulması əlamətləri aşkar olunduğu təqdirdə bu təşkilat tərəfindən ciddi tədbirlər görülür.
Bundan başqa, Bakı və Abşeron ərazisində müxtəlif yerlərdə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları fəaliyyət göstərir. Bu yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunur. Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir.
Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. 2016-cı il dekabrın 6-da Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində ölkənin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi strateji hədəf kimi elan edilmiş və sözügedən hədəfə çatmaq üçün əsas prioritetlər müəyyənləşdirilmişdir.
Hazırda Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır. Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi və ərzaq buğdasına olan tələbatını ödəmək üçün xaricdə taxıl əkini üçün geniş torpaqlar icarəyə götürülməsi istiqamətində çalışmalar davam edir.
Prezident İlham Əliyev bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır: “Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq-qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxarıla biləcək məhsullara da diqqət yetirilməlidir”.
Ərzaq təhlükəsizliyinin əsas sahəsi olan taxılçılığı inkişaf etdirmək, əhalinin taxıl və çörək məhsullarına tələbatını daxili istehsal hesabına təmin etmək üçün iri özəl taxılçılıq təsərrüfatları yaradılıb. Çoxşaxəli dövlət qayğısından istifadə edən istehsalçıların istehsala marağı artıb, ərzaq təhlükəsizliyinin təmin edilməsində aparılan məqsədyönlü tədbirlər nəticəsində bu sahədə əhəmiyyətli nəticələr əldə edilib.

