Cəmiyyət 

Rövşənin Vətən sevgisi

44 günlük İkinci Qarabağ müharibəsində torpağa qan töküb onu Vətən edən igidlərdən söz düşəndə Rövşən Qardaşxan oğlu Ramazanovun adı da böyük iftixarla çəkilir. Astara rayonunun Burzubənd kəndində dünyaya göz açan elin qəhrəman oğlu özünü dərk edib doğma Azərbaycanın müqəddəsliyinə tapınıb ona sevdalandığı gündən qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanır. Elə onu 25 yaşında şəhidlik zirvəsinə aparan yol bu ilahi sevgidən yaranır. Qəhrəmanlığı ilə dastan yazan, böyük bir xalqın könlünə köç edən Rövşən Ramazanovu ölkə başçısı da “Vətən uğrunda”, Xocavəndin, Cəbrayılın və Füzulinin azadlığına görə medallarla təltif edir.

Bəli, müqəddəs bir ailə ocağında boy atan, qəlb dünyası sevdalı olan, həyatının dəyərini el-obaya təmənnasız xidmətdə görən Rövşən orta təhsilini başa vurub, 2013-cü ilin iyul ayında Milli Ordu sıralarına yola düşür. Cəbhə bölgəsində Vətənə olan borcunu ləyaqətlə verir, onu düşmən təxribatından göz-bəbəyi kimi qoruyur, yeri gələndə yolunda canından keçməyə hazır olur. Vətənə, torpağa məhəbbəti, eləcə mərdliyi, qəhrəmanlığı əsgər yoldaşlarına nümunə göstərilir. Təlimlərdə fəal iştirak edir, həqiqi hərbi xidməti dövründə PK silahının “dilinə” mükəmməl yiyələnir. 2015-ci ilin yanvar ayında xidmətini başa vuraraq evinə geri qayıdır. Ağıllı , nəcib, humanist təbiətli gəncin yağıya nifrəti bir az belə olsun azalmır. Yalnız ona qan qusdurub qisas almağı düşünür.

Rövşən Vətən müharibəsinə könüllü qoşulur. Tez də erməni dığaların kabusuna çevrilir. Astaranın igid oğlu yağını məğlub etməklə neçə-neçə ağır sınaqlardan üzüağ çıxır, döyüşdən-döyüşə bərkiyir. Füzulinin, Cəbrayılın, Xocavəndin azad olmasında sözün əsl mənasında tarix yazır. Hər üç rayonda Azərbaycanın qələbə bayrağı ucalananda zəfərimizə tam inanır. Rövşənin son döyüşü noyabrın 1-də olur. Şiddətli döyüş zamanı düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etməklə ondan qisasını ürəyincə aldıqdan sonra şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşur…

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər