Gündəm 

Ekoloji terrora son!

Ermənilər 30 il işğal altında saxladıqları ərazilərimizdə təbiətə, bioloji müxtəlifliyə, flora və faunaya, su mənbələrinə, ümumilikdə bu yerlərin ekologiyasına ciddi zərər vurmuş, beynəlxalq ekoloji cinayət törətmişlər. Müxtəlif nadir bitki və heyvan növləri məhv edilmişdir. Ermənistanın işğal zamanı Sərsəng su anbarını demək olar ki, bağlayıb, anbardan kanala suyun yalnız qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılıb.  Kəlbəcər rayonundakı “Söyüdlü”, Zəngilan rayonundakı “Vejnəli” faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarılıb, təbii sərvətlərimiz mənimsənilib, ətraf ərazilər çirklənməyə məruz qoyulub. Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalıb və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərib.  Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi təkcə Azərbaycanın yox, bütün dünyanın geniş rezonans və ictimai narazılıq doğuran məsələlərindən olmalıdır.

Ermənilərin istər işğal dövründə, istərsə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaldarkən törətdikləri ekoloji terrorlar dünyanın gözü qarşısında baş verib.  Ermənistanın işğalçılıq siyasətinə 30 ilə yaxın dövrdə göz yuman, ədaləti maraqların arxasında gizlədərək beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini məkana görə icra edən dövlətlər, təşkilatlar bu siyasətin davamı olaraq işğalçı dövlətin həyata keçirdiyi ekoloji terror əməllərinə də seyrçi mövqedə dayanır, illərdir dünya birliyinə qarşı yaratdıqları etimadsızlıq mühitini daha da dərinləşdirirlər.

Məhz bunun nəticəsidir ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra uzun illər qanunsuz istismar və talan olunan yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində olan “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunur.  Bununla bağlı Azərbaycan tərəfindən Qarabağ separatçılarının və onların himayədarlarının qanunsuz fəaliyyətlərinin dayandırılması tələbi ilə dəfələrlə bəyanatlar səslənib.

Bu il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Danışıqların ilk günündən nümayəndələrimiz çətinliklə üzləşib, onların qarşısında yaradılan maneələr yaradılıb.  Hətta “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması məqsədi ilə gələn işçi qrup üzvərini burada erməni millətindən olanlar vətəndaşlar qarşılayaraq onların əraziyə buraxılmasına mane olublar.

Bütün bunlara etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar ekoloji fəsadlara səbəb olan hallarla bağlı  bir həftəyə yaxındır ki, Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirirlər. Aksiyanın əsas çağırışı Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılması, bütün təbii sərvətlərdən istifadənin Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməsidir. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması da aksiyanın əsas tələbləri sırasındadır.

Məlum aksiya həm də, beynəlxalq əhəmiyyətə malikdir. Buna səbəb onun müasir dünyamızda ümumbəşəri təhlükə hesab edilən ekoloji terror əleyhinə keçirilməsidir. Ekologiya daxili məsələ deyil. Ekoloji cinayətlərin artıq beynəlxalq hüquq araşdırmaları kateqoriyasına daxil olmasına səbəb müasir dünyamızda demokratiya – insan hüquqları məsələsi kimi, ekologiyanın da heç bir dövlət üçün “daxili məsələ” hesab edilməməsidir. Əslində, ekoloji faktorun məhz beynəlxalq aspektdən dəyərləndirilməsi tamamilə doğru və məntiqlidir. Çünki dünyamız çoxsaylı inzibati sərhədlərə ayrılsa da, bəşəriyyətin vahid ev adına yalnız bir ünvanı var ki, bu da Yer kürəsidir. Ekologiyanın heç bir inzibati sərhəd tanımadığını nəzərə alsaq, bu, dünyanın harasında törədilməsindən asılı olmayaraq, hər bir ekoloji terror, ümumilikdə, planetimiz üçün təhlükə deməkdir.

Təəssüf ki, aksiyaların məramının bəlli olmasına baxmayaraq bir sıra erməni mənbələri özlərinin xislətlərinə sadiq qalaraq onun əsas məramı barədə dünya ictimaiyyətinə yalan məlumat verirlər. Ermənistan əsassız bəyanatları ilə beynəlxalq rəyi çaşdırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışır. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında həyasızcasına iddia edilir ki, Azərbaycan guya üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozaraq, Laçın yolunu bağlayıb. Reallıq  isə ondan ibarətdir ki, bu yol azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Aksiyaçıların əsas tələbi və çağırışı budur ki, hazırkı dövrdə ermənilərin faydalı qazıntı yataqlarımızı qanunsuz istismar etmələrinə imkan verilməməlidir. Eyni zamanda, biz öz torpaqlarımıza getmək üçün heç kimdən icazə almamalıyıq. Dövlətimiz imkan verməyəcək ki, Qarabağın təbii sərvətləri ermənilər tərəfindən talansın və ekologiyamıza ziyan vurulsun.

Daha çox xəbərlər