Siyasət 

Qalib dövlətin alternativsiz lideri və Böyük Qayıdışın səbəbkarı

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Vətəndaş müharibəsindən, parçalanmaqdan, bölünməkdən, xaosdan və siyasi hərci-mərclikdən xilas olan, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin təntənəsidirsə, torpaqlarını düşmən işğalından azad etmiş, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, Qafqazın ən güclü ordusuna sahib, Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirilmiş, iqtisadi gücünə güc qatmış,  tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan isə cənab Prezident İlham Əliyevin xidmətlərinin nəticəsidir. Xalqımız xoşbəxtdir ki, bizim Ümummilli Liderimizin güvəndiyi, siyasi kursuna, millət-Vətən sevgisinə sadiq, başladığı uğurlu fəaliyyəti layiqincə davam etdirən siyasi varisi olmuşdur. Ulu Öndərin haqqında “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri o başa çatdıracaq”-dediyi varisi torpaqlarımızı düşmən işğalından azad edərək həm ata vəsiyyətini yerinə yetirmişdir, həm də sübut etmişdir ki, Ulu Öndər Azərbaycan xalqı qarşısında olan bütün xidmətlərində olduğu kimi, varis seçimində də necə müdrik, uzaqgörən və haqlı olmuşdur.

İlk dəfə 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76 faizindən çoxunun səsini toplayaraq Prezident seçilən İlham Əliyevin Qələbəsində əsas pay Heydər Əliyev kursunun mükəmməl bilicisi olması ilə yanaşı, həm də onun şəxsi keyfiyyətləri və siyasi fəaliyyəti ilə bağlı idi. Cənab İlham Əliyevin  Azərbaycan Respublikası Milli Məclisinin birinci və ikinci çağırışı dövründəki millət vəkili fəaliyyəti, xüsusilə AŞPA-da Azərbaycan Parlamenti nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri kimi uğurları, YAP-ın I qurultayında partiya sədrinin müavini, II qurultayında isə birinci müavini seçilməsi, 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına rəhbərliyinin uğurla nəticələnməsi, Azərbaycan Respublikasının Baş naziri vəzifəsində qazandığı təcrübə, bütün bu uğurlu fəaliyyətlərin fonunda onun peşəkar siyasətçi kimi tanınması,  idarəetmə qabiliyyəti, intellektual səviyyəsi, bilik və bacarıqları 2003-cü il prezident seçkilərinin nəticələrində böyük rol oynamışdır.

Daha sonra 2008, 2013 və 2018-ci illərin prezident seçkilərində də inamlı qələbə qazanan cənab İlham Əliyev Azərbaycan dövlətinə və xalqına uğurla rəhbərlik etməyə davam edir. Prezident seçildiyi ilk gündən onun Heydər Əliyev kursuna sadiq, lakin eyni zamanda, dövrün müasir tələblərinə,  dünyanın mövcud geosiyasi vəziyyətinə, qarşıya qoyulmuş yeni məqsədlərə uyğun inkişaf strategiyası müəyyən etməsi və bu strategiyanı uğurla həyata keçirməsi Azərbaycanın bu gün əldə etdiyi uğurların açarı olmuşdur. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə şərait yaradılması da İlham Əliyev strategiyasının ən mühüm istiqamətlərindən biri idi. 44 günlük Vətən müharibəsində istər döyüş meydanında, istər informasiya müharibəsində, eləcə də Ali Baş Komandana və Ordumuza verdiyi dəstəklə Azərbaycan gəncliyi öz liderinin, Ali Baş Komandanın arxasında olduğunu sübut etdi.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etmişdir.  Onun elm, təhsil, mədəniyyət, idman, və digər bütün sahələrdəki xidmətləri sayəsində ölkəmiz dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır.

Qısa bir vaxtda ölkənin yeni rəhbəri kimi ümumxalq etimadı qazanmağa müvəffəq olmaq və xalq-iqtidar birliyini möhkəmləndirmək cənab Prezidentin uğurlarının təməlini təşkil edir. Xalq görürdü ki, əhalinin rifahı Prezident İlham Əliyev siyasətinin mərkəzində dayanır.  Əlbəttə, həm xalqın sosial rifahı üçün, həm də torpaqlarımızı düşmən işğalından azad etməyə qadir güclü və müasir ordu quruculuğu üçün dayanıqlı iqtisadi inkişaf şərt idi. Cənab İlham Əliyev məhz bu iqtisadi inkişafa nail olmuşdur. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycanda bütün sahələr öz inkişafını tapmışdır. XXI əsrin ən böyük enerji layihələrindən olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi, eləcə də Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsi, bununla da, Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsinə çevrilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunun artması cənab Prezidentin Azərbaycan qarşısında gördüyü əvəzsiz xidmətlərdir. Bu xidmətlərin nəticəsidir ki, iyulun 18-də cənab Prezident Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalamağa nail olmuşdur. Cənab Prezident bu sənədi enerji sahəsindəki gələcək fəaliyyətimizin yol xəritəsi adlandırmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Azərbaycandan Avropaya qaz təchizatı iki dəfə artırılacaqdır ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir. Ümumiyyətlə, Azərbaycan artıq Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və bununla əlaqədar, hazırda Cənub Qaz Dəhlizinin mühüm hissələri olan həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi dövründə ən çox diqqət ayırdığı sahələrdən biri olan nəqliyyat-kommunikasiya sahəsi də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə qonşu ölkələrin ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirmişdir. Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində torpaqlarımızın düşmən işğalından azad olunmasının gətirdiyi imkanlardan da məharətlə istifadə edən cənab İlham Əliyev ölkəmizin beynəlxalq nəqliyyat-tranzit mərkəzinə çevrilməsi uğrunda mühüm işlər görür.

2013-cü ildə Azərbaycanın ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilməsi, Azərbaycanın neft sektoruna investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi dünya güclərinin qərarlaşması, külək və günəş enerjisi daxil olmaqla tükənməyən enerji mənbələrinin istismara başlaması, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının qəbulu və icrası və digər bu qəbildən olan yüzlərlə faktor  sübut edir ki, Azərbaycanın iqtisadi inkişafı stabil və dayanıqlıdır.

Məhz bu iqtisadi inkişaf və onun nəticəsi olan ölkənin maliyyə imkanlarının artması Azərbaycana  torpaqlarını düşmən işğalından azad etməyə qadir ordu yaradılmasına şərait yaratmaqla  44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin təməllərindən biri oldu. Lakin Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərə keçmədən öncə bu Zəfəri şərtləndirən və cənab Prezidentin böyük məharətlə həyata keçirdiyi digər bir sahəni xüsusi qeyd etməliyik. Bu, cənab Prezident tərəfindən uğurla, uzaqgörənliklə, diplomatik məharətlə həyata keçirilmiş xarici siyasi fəaliyyət və bu fəaliyyət nəticəsində Azərbaycanın artan beynəlxalq gücü və nüfuzudur.  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar, BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından edilən qətiyyətli çıxışlar, dost və qardaş ölkələrin düzgün seçilməsi, həmin ölkələrlə qurulan uğurlu əməkdaşlıq Zəfərin bünövrəsini qoymuşdur. Cənab Prezidentin  yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Elə təkcə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə ölkəmizin sədrlik etməsini vurğulamaq  müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərmək üçün kifayətdir. Qardaş Türkiyə Respublikası ilə əlaqələrimizin və dostluğumuzun daim yüksələn xətt üzrə inkişaf etməsi və Şuşa Bəyannaməsinin imzalanması ilə bu münasibətlərin müttəfiqlik zirvəsinə yüksəlməsi də cənab Prezidentin böyük uğurudur. Ümumiyyətlə, ölkəmizin türk dünyası dövlətləri arasında artan dostluq və əməkdaşlıq münasibətlərində “qızıl körpü” rolunu oynadığını əminliklə deyə bilərik.

2019-cu ildə dünyanı bürüyən koronavirus pandemiyası zamanı Azərbaycan xəstəliklə mübarizədə də regionun aparıcı dövlətinə çevrilmişdi. Mübarizənin ilk günlərindən cənab Prezident bu işdə həmrəyliyin vacib olmasını qeyd etmiş, peyvəndlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında  ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə qarşı çıxmış, peyvəndin bütün ölkələrin xalqlarına çatmalı olduğunu bildirmişdi. Qoşulmama Hərəkatının sədri qismində cənab Prezidentin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasında COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya keçirilmişdir. Bütün bunlar həm də cənab Prezidentin beynəlxalq nüfuzunun göstəricisidir.

Əlbəttə, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin zirvəsini təşkil edir. Prezident seçildiyi ilk dövrdən başlayaraq cənab İlham Əliyevin atdığı addımların arxasında dayanan əsas məsələ, əsas məqsəd həmişə torpaqlarımızın düşmən işğalından azad edilməsi olmuşdur. 44 günlük Vətən müharibəsi dövründə isə onun əsl sərkərdə, lider kimi hərbi komandanlıqdan tutmuş informasiya müharibəsinə kimi bütün cəbhələrdə ən öndə vuruşması, xalqda ruh yüksəkliyi, özünə güvən formalaşdırması, müharibə dövründə qarşılaşdığı təzyiqlər, bu təzyiqlərə təmkinlə, lakin kəskin və cəsarətli cavablar verməsi, sonda “dəmir yumruq”la düşməni məhv etməsi, onu kapitulyasiya aktı imzalamağa məcbur etməsi və nəticədə əldə olunan Qarabağ Zəfəri  cənab Prezidentin Azərbaycan xalqına bəxş etdiyi ən böyük nailiyyətdir.

Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan artıq Böyük Qayıdışa start verib. Cənab Prezident İlham Əliyevin 16.11.2022- ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərə çatmaq üçün Proqramın təsdiqi və icrası çox əhəmiyyətlidir. Böyük Qayıdış Proqramı elə bir yüksək səviyyədə aparılır ki,  bərpa və quruculuq işlərinin institusional mexanizmləri hələ postmüharibə dövrünün ilk günlərində təsis edilmişdir. İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır.

Əlbəttə, əhalinin işğaldan azad olunmuş ərazilərdə yenidən məskunlaşmasının başlıca şərtlərindən biri layiqli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması və nəqliyyat-kommunikasiyanı təmin edən yolların çəkilməsidir. Cənab Prezident bu iki sahəyə böyük diqqət ayırır. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması, o cümlədən bərpaolunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və elektrik, su, qaz, istilik təchizatı xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Eləcə də 2020-ci ilin noyabr ayından başlayaraq işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinin əsası qoyulmuş, həm işğaldan azad olunmuş rayonları bir –biri ilə, həm də onları ölkənin digər rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.

Böyük Qayıdışa dair I Dövlət Proqramı həm də ən yüksək standartlara uyğun olaraq, texnoloji cəhətdən ən qabaqcıl metodlarla, “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi müasir konsepsiyaları bölgəyə tətbiq etməklə həyata keçirilir. Əhalinin təhlükəsiz və layiqli həyat səviyyəsinin təmin edilməsi başda olmaqla bölgədə iqtisadi inkişaf mühitinin əlverişliliyini artırmaq, ərazilərin kənd təsərrüfatı potensialından, təbii resurslardan səmərəli və effektiv istifadə etmək, turizm sektorunun perspektivlərindən effektiv istifadəyə nail olmaq, ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək Proqramın qarşıya qoyduğu əsas  məqsədlərdir.

Tarixi və mədəni abidələrin qorunması isə Proqramın bəlkə də mənəvi baxımdan bizim üçün ən dəyərli və həssas olan hissəsidir. 30 ildən sonra qovuşduğumuz tarixi torpaqlarımızda abidələrin bərpası və qorunması işinin təşkili, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir və bu istiqamətdə də artıq xeyli iş görülmüşdür.

Daha çox xəbərlər