Azərbaycan daha təkmil dirçəliş modelini dünyaya təqdim edir
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən Böyük Qayıdışa dair I Dövlət Proqramından irəli gələn hədəflərin reallığa çevrilməsi ilə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan iqtisadi mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək
Artıq 2022-ci ilin son ayındayıq. Cari il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edilsə də təkcə mədəniyyət paytaxtımız deyil, bütün işğaldan azad edilmiş torpaqlarımız bərpa-quruculuq işləri ilə diqqətdə oldu. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2022-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, ilk olaraq mənəvi baxımından daha çox önəm daşıyan Zəfər yolunun təməlinin qoyulması bərpa və quruculuq işlərinin sonrakı mərhələsi barədə aydın təsəvvür yaratdı. Ölkə Prezidentinin hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışı daha da sürətləndirən mühüm addımlarla yadda qalır. Ötən iki ildən artıq dövrdə bu ərazilərdə infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi, yenidən qurulması prioritet məsələ kimi öndə dayandı. Bir mühüm hadisəni xüsusi qeyd etməliyik ki, ötən il Qarabağın, bu il isə Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Bu mərasimlərin hər biri Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə həyata keçirildi. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsinin strateji və iqtisadi əhəmiyyəti geniş müzakirə olunur, gələcəkdə bu torpaqlarımızın böyük investisiyalar məkanına çevrilməsində rolu xüsusi vurğulanır. Üçüncü beynəlxalq hava limanı- Laçın aeroportu isə 2025-ci ildə istifadəyə veriləcək. Hər bir bölgədə yol infrastrukturunun təkmilləşdirilməsi sahibkarlığın inkişafında, həmin rayonların malik olduqları potensialdan səmərəli istifadə də mühüm rol oynayır. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Onların malik olduqları təbii resurslardan səmərəli istifadənin təşkili cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.
Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri ilə yanaşı, bu ərazilərimizin bərpasına, sosial-iqtisadi inkişafına yönələn Fərman və sərəncamları da silsilə xarakteri daşıyır. Ötən dövrdə sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb. Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində sahibkarlarla və dövlət qurumları ilə müvafiq iş aparılıb. Kənd təsərrüfatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Taxıl əkini məqsədilə artıq on minlərlə hektar ərazidə şumlama işləri aparılıb, bitkiçiliyin, heyvandarlığın, arıçılığın inkişafı üçün prioritet istiqamətlər müəyyən edilib.
Ölkə Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri hər zaman yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. 30 ilə yaxın dövrdə bu ərazilər tamamilə yerlə-yeksan edilmiş, hər tərəf dağıntı içərisində olmuşdur. Tarixi, dini abidələrimizi tamamilə dağıdan, məscidlərimizdə donuz saxlayan ermənilər bu əməlləri ilə 30 il necə vəhşi ilə üz-üzə qaldığımızı dünyaya göstərirlər.
O da məlumdur ki, bütün azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası həyata keçirilir. Dövlət başçısı İlham Əliyev strategiyanın hazırlanması ilə bağlı Sərəncam imzaladı. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrindən bəhs edərkən “İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır” deyən ölkə Prezidenti bunun öhdəsindən qısa müddətdə gələcəyimizi bildirir. Bu layihələrlə ölkəmizin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, zəngin neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Birinci “ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etdi. Bu ilin mühüm hadisələri sırasında Ağalı kəndinin “ağıllı kənd” layihəsi çərçivəsində bərpasının uğurla başa çatdırılması və sakinlərini qarşılamasıdır. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunub, turizm infrastrukturu formalaşdırılır. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilir. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir. Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək.
Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq səviyyədə ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq. O da məlumdur ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Onu da qeyd edək ki, Ağdam şəhəri ilk «ağıllı şəhər» olacaq.
Çıxışlarında diqqəti Azərbaycanın son 19 ildə qazandığı uğurlara, keçdiyi inkişaf yoluna yönəldən dövlətimizin başçısı İlham Əliyev düzgün qurulan siyasətin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyimizi qorumağa əsas yaratdığını xüsusi qeyd edir. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə ölkəmizin nəqliyyat infrastrukturunun yenilənməsinə və təkmilləşməsinə göstərdiyi diqqətin ümumi mənzərəsini təqdim edə bilərik. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə beşinci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. İnfrastruktur layihələri ilə bağlı olaraq dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün çətinliklərə, işğala, 1 milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ötən illər ərzində bu nailiyyətləri əldə etmişik: «İndi torpaqlar azad edilib, indi Böyük Qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.» Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” məhz bu istəklərin reallığa çevrilməsinə hədəflənib. Ölkə Prezidentlərinin 10 dekabr 2021-ci il tarixli «İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Sərəncamı da işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması kimi məqsədləri özündə ehtiva edir. Sənəddə də qeyd olunduğu kimi, Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaq. Həmin ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir.
Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı da bu torpaqlarımızda görülən işlərin miqyasının genişlənməsinə, Böyük Qayıdışın sürətlənməsinə yönələn mühüm addımlar sırasındadır. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Sənədin əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpaolunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərimizdə müasir tələblər səviyyəsində görülən işlərə diqqət yetirsək insan amilinin prioritet məsələ kimi öndə dayandığı özünü ayıdın şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, soydaşlarımızın bu ərazilərdə yüksək şəraitdə yaşayışı təmin edilməlidir. Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır ki, bu da vətəndaş məmnunluğunun artırılmasının təsdiqidir. Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, ərazilərdə məskunlaşacaq əhali üçün müxtəlif dövlət xidmətlərinə çıxış təmin ediləcək. Bu torpaqlarda “ASAN” xidmət və DOST mərkəzlərinin yaradılması da prioritetlər sırasındadır.
Təbii ki, işlərin sistemli görülməsi və zamanında başa çatdırılmasının hədəflənməsi bu torpaqlarda təkmil idarəçilik sisteminin formalaşdırılmasından irəli gəlir. İşğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəsinin fəaliyyəti işin səmərəliliyinin və çevikliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Ümumilikdə Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir. Ölkəmiz dünya hərb tarixində bu ilkə imza atdı ki, müharibə başa çatan kimi bu torpaqlarda bərpa-qurluculq işlərinə start verdi. Təbii ki, bu, Azərbaycanın iqtisadi imkanlarının təqdimatı ilə yanaşı, öz torpaqlarına qovuşaraq onları əvvəlki simasına qaytarmaq, 28 ildən sonra həyatın canlandırılmasına nail olmaq istəyindən irəli gəldi. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir.
Ümumilikdə hər bir hədəf inkişafa, tərəqqiyə xidmət etməklə bərabər, Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında mühüm rol oynayır. Bu, bir daha onu təsdiqləyir ki, 30 illik işğal dövründə Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsinə, həmçinin onların bərpasına hazırlıq işlərini görüb. Bu işlər son 19 ildə daha geniş miqyas aldı. Postmünaqişə dövründə imzalanan hər bir sənəd qalib Azərbaycanın daha möhtəşəm gələcəyinə hədəflənir.

