Cəmiyyət 

«Qızıl alma» əfsanəni reallaşdırdı

Türkiyənin hərbi sənayesinin ən müasir yeniliyi olan daha bir pilotsuz uçuş aparatı Azərbaycan xalqı üçün qürur mənbəyidir

Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan, tarixi, milli və dövlətçilik maraqları oxşar olan Azərbaycan –Türkiyə qardaşlığı illərin sınağından çıxan sarsılmaz birlik kimi getdikcə daha da möhkəmlənir. Müstəqillik illərində daim Azərbaycanın yanında olan qardaş ölkə ilə əməkdaşlığımızın müttəfiqlik səviyyəsinə yüksəlməsi bu həmrəyliyin nümunəsidir. Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi münasibətlərin beynəlxalq münasibətlər sistemində nadir nümunə kimi təqdir edilməsi ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» aforizmini əməldə təsdiqlənməsini «Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin bu dostluğa verdiyi töhfələr də misilsizdir.

XX yüzilliyin əvvəllərində Çanaqqala savaşında, Sarıqamış, Bakının erməni-bolşevik zülmündən və əsarətindən xilas edilməsi uğrunda gedən döyüşlərdə bərkiyən bu yenilməzlik Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi uğrunda davam edən Vətən müharibəsində də təsdiqləndi.

İkinci Qarabağ müharibəsinin zəfərlə dolu günlərində sevincimizə şərik olan türkiyəli qardaşlarımızın yanımızda olması Türkiyə–Azərbaycan dostluğunun və qardaşlığının təcəssümi idi. Müharibənin ilk dəqiqələrindən sonuna qədər Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstəyi hiss edən Azərbaycan xalqı Ermənistan üzərində Qələbə sevincini hər iki dövlətin bayraqlarını qoşa qaldırmaqla bildirdi. Azərbaycanın haqq , ədalət uğrunda vuruşmasında xalqımızla birgə addımlayan qardaş ölkədə yaşanan eyni sevinc bəlkə də tarixdə görünməyən qardaşın qarda qırılmız tellərlə bağlılığının bariz nümunəsi kimi tarixə yazıldı. Coşqu ilə qarşılanan Türkiyə hərbçilərinin Zəfər paradında Azərbaycanın Silahlı Qüvvələri ilə qoşa addımlaması hər iki dövlətin hərbi qüdrətinin ifadəsi kimi düşmənləri lərzəyə saldı. Bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Bir həqiqət də təsdiqləndi ki, dünyada ən modern silahla təchiz olunmuş Türkiyənin gücü eyni zamanda Azərbaycanın qüdrətidir. «Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq» sözləri ilə düşməni yerində oturdan Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi ” bu qardaşlığın müdafiə qüdrətini yüksək dəyərləndirdi. Artıq bütün dünya ictimaiyyəti üçün dəyişilməz bir həqiqət var: «Türkiyə ilə Azərbaycanın hərbi qüdrəti bölgədə sabitliyn qarantıdır.»

Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa-quruculuq işlərində hər iki dövlətin mütəxəssislərinin birgə çalışması, Füzuli və Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsində hər iki dövlət başçısının qoşa dayanması bölgəyə sülh gətirən birlik və həmrəyliyin əbədilik rəmzi kimi tarixə yazıldı.

Bu qardaşlığın diqqətçəkən məqamlarından ən başlıcası Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnikalara yiyələnməsidir. Şuşa Bəyannaməsinin müvafiq bəndinə uyğun olaraq Azərbaycanın müdafiə qüdrətinin möhkəmlənməsində qardaş ölkənin iştirakı ilə bağlı müddəanın yer alması, birliyimizin, qardaşlığımızın təzahürü kimi həyata keçirilir.

Son illərdə hər iki dövlətin Silahlı Qüvvələrinin birgə keçirdikləri təlim-məşqlər də sarsılmaz dostluğun ifadəsi olaraq tarixə yazılır. Hərbi sənayesini inkişaf etdirməklə dünyanı heyrətləndirən Türkiyənin İnsansız Hava Aparatının istehsalçısı olan «BAYKAR Texnoloji» Şirkətinin yeni, müasir savaş sistemlərinin uğurları dünyanın diqqətini yenidən qardaş ölkəyə yönəldib. Türkiyənin ilk pilotsuz zərbə qırıcı təyyarəsi olan «Bayraktar Qızıl alma»nın səmada görünməsi türk dünyasının qüdrətinin ifadəsi kimi Azərbaycan xalqının da sevincinə səbəb oldu. «Bayraktar TB2»nin, «Akıncı»nın ardınca «Qızıl alma»nın səmada özünü təsdiqləməsi ilə bəlkə də çoxlarına əfsanə kimi görünən xəyalların reallaşması türk dünyasının həmrəyliyinin də ifadəsi kimi dünyaya yayıldı.

İki qardaş ölkənin iştirakı ilə bu ilin may ayında Bakıda ilk dəfə keçirilən «TEXNOFEST Azərbaycan» festivalında nümayiş etdirilən Türkiyənin yeni RUA-sı «Akınçı»dan sonra «Qızıl alma»nın «həyata vəsiqə» almasıqardaş ölkə mütəxəssislərinin hərb sənayesində həyata keçirdikləri təcrübələrinin ən mütərəqqi nümunəsidir.

Qardaş ölkənin mənəvi dəstəyini hər zaman hiss edən Azərbaycan xalqı üçün də bu uğur əvəzedilməzdir. Vətən müharibəsinin ilk günlərindən «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» çağırışı ilə xalqımıza dəstək olan qardaş ölkənin dünyanı təəcübləndirən bu uğuru Azərbaycan xalqına da əlavə güc, ruh, inam verir. «Qızıl alma» xalqımız üçün də yenilməzlik rəmzidir. Mütəxəssislər etiraf edirlər ki, döyüş tarixində inqilab hesab edilən «Qızıl alma» gələcəkdə «F-16» və «F-35» təyyarələrinin bir çox xüsusiyyətlərini belə mənimsəyə bilər. Türkiyəli mütəxəssislərin uğurlarına verilən bu dəyər bütün türk dünyasını sevindirir.

Daha çox xəbərlər