Gündəm 

Makronun «sülhməramlı» niyyəti, yoxsa…

Erməni terrorçularını silahlandıran təcavüzkar Fransanın barıt qoxulu missiyası

Fransa Prezidenti Emmanuel Makronun erməni sevgisi yenə Eyfel qülləsindən Ermənistana baxır. Praqada təşkil olunan «Avropa siyasi birliyi»nin Zirvə Toplantısı çərçivəsində keçirilən dördtərəfli danışıqlarda «humanizm» donuna bürünən hərdəmxəyal Makron çox keçmədən iç üzünü göstərdi.
Fransa Senatının 15 noyabr 2022-ci ildə qəbul etdiyi «Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi» adlı qərəzli qətnamə, ölkəmizi «təcavüzkarlıqda» ittiham edən fransız senatorların «Azərbaycana qarşı embarqo qoyulması» kimi əsassız, qərəzli təklifləri, Azərbaycanın Qarabağ bölgəsində ermənilərin yaşadıqları ərazilərdə Fransanın «humanitar bürosu»nu yaratmaq tələbləri, Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində sərsəmləmə Makronun növbəti təxribatı idi.

Bütün bu sayıqlamaların əsasında isə ATƏT-in artıq çoxdan dəfn edilmiş ölü Minsk qrupunu diriltmək cəhdləri dayanır. Fransa Prezidentinin Azərbaycan haqqında qeyri-etik sözlərinin dövlət başçısı imicinə uyğun gəlmədiyini bildirən, Ermənistanın baş naziri Nikol Paşinyanın hər zaman Makronla «bir olmaq» istəyinin əsasında da məkrli niyyətin dayandığını bəyan edən Prezident İlham Əliyev «cütlüyün təşəbbüsü»nün pərdəarxası məramını bu sözləri ilə ifşa etdi: «Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.»

Qonşu dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında ikitərəfli münasibətlər qurmaq niyyətinə sadiqliyini hər zaman bəyan edən Azərbaycanın heç bir ölkə, beynəlxalq qurumla ölkəmizin ərazi bütövlüyü ilə bağlı danışmaq fikrində olmadığını bildirən Prezident İlham Əliyevin « Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir» sözləri bu gün Xankəndidə faktiki olaraq separatçı rejimə başçılıq edən missioner Ruben Vardanyanın planlarını pozur.

Artıq dəfn edilmiş Minsk qrupunun Rusiyadan, Amerika Birləşmiş Ştatlarından olan həmsədrlərdən fərqli olaraq bu «üçlüyün» klounu Makronun yenidən müxtəlif dövlətlərin iştirakı ilə Qarabağda sülhməramlı missiyanın yerləşdirilməsi niyyəti isə « Toydan sonra nağara, xoş gəldin Bayram ağa!» məsəlinə bənzəyir. Proseslərin gedişindən də aydın olur ki, Ermənistan Bakı ilə sülh müqaviləsini bağlamağa məcbur qalacaq. Ermənistan üzərinə götürdüyü öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməli, Azərbaycana qarşı əsassız ərazi iddialarına qətiyyətlə son qoymalıdır.

Çox təəssüf ki, sülh sazişinin imzalanması üçün xəfif də olsa şərait, imkan yarananda makronlar müxtəlif bəhanələrlə başıboş Nikolu yoldan çıxarır, separatçıları maddi vəsaitləri ilə şirnikləndirirlər.
Şuşa-Xankəndi yolunda davam edən aksiya göstərir ki, Azərbaycan dövləti və xalqı öz torpaqlarında ikinci dəfə təmas xətti yaranmasına imkan verməyəcək. Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Qarabağda separatçıların qeyri-qanuni hərəkətlərinin qarşısı alınacaq. Sülhməramlıların, eyni zamanda separatçıların Ağdamdakı təmas xəttini Xocavənddən keçirmək niyyətləri də baş tutan məsələ deyil. Makronun Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmək «təşəbbüsü»nün sətiraltı açıqlaması həmin ərazidə hərbi baza yerləşdirmək, Xankəndidə nümayəndəlik açmaq, Avropa Parlamentində (AP) Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmaq idi. Makronun beynəlxalq hüququn tələblərinə, başqa dövlətin daxili işlərinə qapışmaq olan bu tələbi rədd edildi. Fransa Prezidentinin bu cur qərəzli yanaşmasının Avropa Parlamenti tərəfindən rədd edilməsi göstərdi ki, Aİ Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Yəni, Fransa və Ermənistanın təxribatları fiaskoya uğradı.

Məqsədi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına maneçilik törətmək olan Makron hadisələrə neçə mikron rentgen şüaları ilə baxsa da genetik xəstəlik olan «miatsum»un ermənilərə xas sağalmaz mərəz olduğunu dərk etməlidir.
«Çünki sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu, onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?!» sözləri ilə Makron-Nikol işbirliyinin məkrini açıqlayan Prezident İlham Əliyev Parisdən əsən küləklərin heç nəyi dəyişdirməyəcəyini əminliklə söyləyir.

Hazırda «Dərviş Parisi partladır!» mənzərəsini yaşayan Fransa öz xislətinə uyğun terrorçuların törətdikləri dağıntıların şokundan ayılmayıb. Bu hadisələrdən belə nəticə çıxarmayan Makronun ermənilərin qeyri –qanuni quldur dəstələrini silahlandırması beynəlxalq terrorizmə dəstəkdir. Necə deyərlər, aşına tökdüklərini qazığında görən Makron arzusunda olduğu sülh missiyasını Parisdə, müstəmləkəsi altında olan ölkələrdə saxlasa daha yaxşı olar. Bəlkə o sülhməramlılar hələ də makronların zülmündən təngə gələn məzlum xalqları Fransanın zalım əsgərlərinin gülləbaranından qoruya bilsin. Ən çox sevdiyi erməniləri isə Marseldə yerləşdirib oradakı «yan»ların müstəqilliklərini də tanısın. «Gözdən uzaq, könüldən iraq» deyib Avropada oturub, Cənubi Qafqaz regionunun baş bəlası, kor bağırsağı olan nikollar üçün göz yaşı tökməsin.

Daha çox xəbərlər