Siyasət 

Dünənimizin mənzərəsi: 2022-ci il qarşıdakı il üçün hansı gözləntilərə əsas verir?

Qalib, güclü, qüdrətli Azərbaycan qürur mənbəyimizdir

Dövlət başçısı İlham Əliyevin daim yeniliyə söykənən siyasəti nəticəsində qalib Azərbaycan 2022-ci ili də bütün sahələrdə böyük Zəfərimizin reallıqlarına uyğun davamlı uğurlarla başa vurdu

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ili qeyd edirik. Artıq 2022-ci il tarixə qovuşur. Dövlət başçısı İlham Əliyevin ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində söylədiyi bu fikirləri yada salaq: “Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm.”

Prezident İlham Əliyev həmin müraciətində bu fikirləri də böyük qürur hissi ilə qeyd etmişdi ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər: “Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər.”

Artıq üçüncü ildir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü Zəfər ruhunda qeyd edirik. Artıq üçüncü ildir ki, bayram arzularımızda da yeniliklər var. 30 il arzularımızın əsasında işğal altında olan torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışları yer tuturdu. Amma tarixi Zəfərimizin yaratdığı reallıqlar qalib Azərbaycanla bağlı daha fərqli arzulara əsas verir. 2022-ci ildə Böyük Qayıdışın ilk addımı atıldı. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq müasir tələblər əsasında bərpa olunan, “ağıllı kənd” layihəsinin ilk qonağı olan Zəngilanın Ağalı kəndi sakinlərinə qovuşdu, yeni həyatına başladı. 2023-cü ilə məhz bu arzu ilə qədəm qoyuruq ki, soydaşlarımızın Böyük Qayıdışı tam şəkildə həyata keçsin, 30 il mənfur düşmənin yerlə-yeksan etdiyi torpaqlarımız yenidən bərpa olunaraq öz əvvəlki ab-havasına, çal-çağırına qayıtsın.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi xalqımızda böyük qürur hissi yaratdı. 28 il əsarətdə olsa da heç zaman sınmayan, əyilməyən Şuşanın işğaldan azad edilməsi, Şuşa əməliyyatı dünyaya səs saldı. Şuşanın azad edilməsi bir dastana çevrildi. Dünyanın ekspertləri ümumilikdə Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi taktikanın, dərsliklərə salınmasını, öyrənilməsini bir zərurət kimi qarşıya qoyur. Artıq bu istiqamətdə addımlar atılıb.

“Şuşa İli” çərçivəsində keçirilən tədbirlərin hər biri milli kimliyimizin, qürurumuzun təqdimatı kimi dəyərləndirildi. Şuşa əsrlər boyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Şuşa «Şərqin konservatoriyası» adlandırılır. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya daxil oldular. Düşmən Azərbaycanın gücünü, iradəsini, milli ruhunu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yeri olan hadisədir. Şuşa əsas hədəf idi və Azərbaycan əsgəri bu hədəfə doğru gedirdi. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa işğaldan azad edildi. 44 günlük İkinci Qarabağ müharibəsində 300-ə yaxın kənd və şəhər azad edildi, düşmən məcbur olub diz çökdü və noyabrın 10-da kapitulyasiya aktına imza atdı.

İllər öncə ulu öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən bildirmişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi. 28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə cənab İlham Əliyev Şuşanı belə dəyərləndirdi: «Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.»

Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etməklə yanaşı, Qarabağın tacını dirçəldəcəyimizi böyük inam və qürurla bildirmişdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın tarixi Zəfərimizdən sonra Şuşaya səfərləri zamanı həmin bu xoş anların ilk təqdimatlarını həvəskar çəkilişlərlə ictimaiyyətə çatdırarkən söylənilən bu fikri bir daha yada salmaq istərdik: Hətta, hava da dəyişib, gün çıxıb. Cənab İlham Əliyev bu ilin aprel ayında Şuşa dünya azərbaycanlılarını qonaq edəndə, bu məkanda Zəfər Qurultayını keçirərək bir daha dünyaya birliyimizi, həmrəyliyimizi nümayiş etdirərkən həmin Qurultayda bu fikirləri səsləndirmişdir ki, buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır: “Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.”

Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqlara hər səfərində havanın sevincimizlə həmrəy olduğunu böyük qürur hissi ilə vurğulayır.

Azərbaycanın mədəniyyət paytaxtı, 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşa 2022-ci ildə iqtisadi, siyasi, diplomatik mərkəzə çevrildi. «Xarıbülbül» musiqi festivalının, Vaqif Poeziya Günləri ənənəsinin bərpasına uyğun olaraq bu il də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri yüksək səviyyədə keçirildi. Şuşanın diplomatik mərkəz kimi tanınmasında mühüm rol oynayan Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunan tədbir tarixi hadisə kimi yaddaşlarda qaldı. Qısa müddətdə Şuşanın Baş planı­nın hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Bu gün Heydər Əliyev Fondu tərəfindən tarixi və dini abidələrimiz əsaslı təmir edi­lir. Yeni yaşayış kompleksinin inşasına başlanılıb.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya çoxsaylı səfərlərinin hər biri Böyük Qayıdışın sürətlənməsinə, qədim şəhərin əvvəlki şöhrətinə qayıtmasına xidmət edən addımlarla zəngindir.
Əvvəldə də qeyd etdiyimiz kimi, 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə bu ilin aprel ayında Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının Şuşada keçirilməsinin rəmzi və siyasi mənası var idi. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü oldu. Qurultaydakı nitqi ilə xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarını işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində fəal iştirak etməyə çağırış edən Prezident İlham Əliyevin postmünaqişə dövründə qarşıda dayanan vəzifələrlə bağlı fikirləri milli birlik və həmrəyliyimizi daha da gücləndirdi.

Mədəniyyət paytaxtımız, eyni zamanda, iqtisadi mərkəz kimi özünü tanıtdı. Belə ki, Şuşa bu ilin iyun ayında Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirdi. Bakı Enerji Həftəsinin «Xalis sıfra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı» mövzusuna həsr olunan xüsusi sessiyasını xatırlayaq. Azərbaycanın iştirakı və təşəbbüsü ilə dünyanın enerji xəritəsində edilən dəyişikliklər barədə sessiyanın təşkil edildiyi Şuşadan verilən açıqlamalar siyasi, iqtisadi, diplomatik uğurlarımızın təcəssümü idi. Xüsusi sessiyada enerji sahəsində də Azərbaycan və Türkiyənin mükəmməl əməkdaşlığının ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıdığının xüsusilə qeyd edilməsi, Qarabağ və Şərqi Zəngəzurun «yaşıl enerji» zonasına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin regional əhəmiyyətli təşəbbüs adlandırılması, bərpaolunan enerji potensialına və əməkdaşlıq imkanlarına malik ölkəmizin ən səmərəli enerji mənbəyi olmasının daha bir təsdiqidir. «Yaşıl enerji» zonası elan edilən bu ərazilərin geniş iqtisadi, nəqliyyat, turizm və bərpaolunan enerji potensialı ilə bundan sonra uzun illər ərzində Azərbaycanın və regionun dayanıqlı inkişafına, bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa dəyərli töhfələr verəcəyini vurğulayan iştirakçılar bu qədim şəhərin gözəlliyinə valeh olduqlarını da bildirdilər. Şuşa bərpaolunan enerji mənbələrinin birgə inkişafı haqqında SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti arasında imzalanan Anlaşma Memorandumuna, eyni zamanda, SOCAR və bp arasında əməkdaşlıq müqaviləsinə şahidlik etdi.

Qarabağın tacı başa çatmaqda olan ilin hər gününü çal-çağırla keçirdi. Davamlı tədbirlərə ev sahibliyi edən Şuşa, eyni zamanda, bura təşkil edilən avtobus reysləri ilə gələn qonaqlarını da qarşıladı. Qürurverici anları, hadisələri xeyli davam etdirə bilərik. Əsas olan budur ki, dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun, xalqımızın birliyi, torpaq, Vətən sevgisi sayəsində 30 illik işğaldan azad edilən torpaqlarımız həyatının yeni mərhələsini yaşayır. Bu ərazilərimiz mənfur düşmənin dağıntılarından xilas olaraq yenidən qurulur, dirçəlir, sevincli, xoşbəxt günlərini yaşayır.

Bu gün tarixi Zəfərimizin reallıqları fonunda 2022-ci ilin uğurlarından bəhs ediriksə, təbii ki, Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun artmasını xüsusi qeyd etməliyik. 2022-ci il Azərbaycanın sülh gündəliyinin müəllifi kimi mövqeyini daha da möhkəmləndirdi. Azərbaycanın müəllifi olduğu Brüssel görüşlərində beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edildi. Bu istiqamətdə keçirilən hər bir görüş Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirildi. Əsas prinsiplərdən biri ərazi bütövlüyü prinsipidir ki, Ermənistan rəhbərliyi bunu dəstəklədi. Bu isə öz növbəsində tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasıdır. Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması təklifini etməklə yanaşı, həm 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin, həmçinin Brüssel, Soçi, Praqa görüşlərində imzalanan bəyannamələrdə əksini tapan şərtlərin yerinə yetirilməsinə xüsusi diqqət göstərir və buna qarşı tərəfin də əməl etməsini tələb edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərin hər biri, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı səviyyəsinə işıq saldı. Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyi Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər tərəfindən dəstəklənir.

Azərbaycanın xarici siyasət uğurları ikitərəfli əlaqələrin yeni prioritetlər üzrə inkişafında, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi fonunda enerji sahəsində əməkdaşlığa dair imzalanan sənədlərdə də özünün aydın ifadəsini tapır. Belə ki, bu ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Prezident İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatlarında dövlət başçısı bu reallığı xüsusi qeyd etdi ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir. Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanılıb. Belə bir əminlik də ifadə edildi ki, bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir.

2022-ci il Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə davamlı uğurlarla işıq saldı. Təbii ki, bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin göstəricisidir.

Azərbaycanın türk dünyasının birliyinə töhfələri diqqətdən kənarda qalmadı. Dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə səfərlərinin ardıcıl xarakter alması, imzalanan sənədlər, Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə türk dünyasının gələcəyi ilə bağlı fikirlər, Türkmənistana işgüzar səfəri zamanı Azərbaycan-Türkiyə-Türkmənistan Üçtərəfli Zirvə Görüşünün keçirilməsi və yekun sənəddə əksini tapan hədəflər də deyilənlərin təsdiqidir. Cənab İlham Əliyev türk dünyasının böyük ailə olduğunu önə çəkərək Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığın prioritet təşkil etdiyini bildirdi.

Azərbaycanın demokratik təsisatların inkişafına yönələn addımları da cari ilin mühüm uğurları sırasındadır. Dövlət başçısı İlham Əliyev bu ilin fevralında Azərbaycan mətbuatının inkişafında yeni mərhələ kimi dəyərləndirilən, 9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanunu təsdiqlədi.

Tarixi Zəfərimizin reallıqları fonunda həyatımızın bütün sferalarında yeniləşmə, təkmilləşmə qaçılmazdır. Ölkənin inkişafında əhəmiyyətli rola malik olan siyasi partiyaların, ictimai birliklərin fəaliyyətinin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. «Siyasi partiyalar haqqında» Qanunun qəbul olunduğu 1992-ci ildən bu günədək sənədə 27 dəfə əlavə və dəyişikliyin edilməsi də deyilənlərin təsdiqidir. Çünki Qanun qəbul olunduğu dövrun reallıqlarına cavab verirdi. İllər keçdikcə ölkənin həyatında yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Hazırdkı dövrdə tarixi Zəfərimizin reallıqlarını nəzərə alsaq siyasi islahatların dərinləşdirilməsi inkaredilməzdir. Bir neçə ay əvvəl parlamentdə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Ötən dövrdə yeni qanun layihəsi hazırlandı və ölkədə fəaliyyət göstərən siyasi partiyalara qanunla bağlı təkliflər vermələri tövsiyə edildi. Bir çox partiyalar sənədlə bağlı öz təkliflərini verdilər. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu dövrün tələbi idi.

Atılan hər bir addım dövlətin siyasətində insan amilinə böyük dəyər verildiyini təsdiqləyir. 2022-ci ilin ilk aylarından əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən sosial paketin təsdiqlənməsi və uğurlu icrası, sosial xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar da deyilənlərə bariz nümunədir. Azərbaycan brendi kimi dünyaya səs salan DOST mərkəzlərinin sayı cari ildə də artıb. Vətəndaş məmnunluğunun artırılması prioritetdir. İşğaldan azad edilmiş ərazilərimizdə də “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması qarşıya əsas hədəf kimi qoyulub.

2022-ci il Azərbaycanın ordu quruculuğu sahəsində də mühüm uğurlarla yadda qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev cari ilin hədəflərini açıqlayarkən ordu quruculuğu sahəsində davamlı uğurların atılacağını bildirdi və bu çağırışı etdi ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa dəmir yumruq yerindədir.

Törədilən hər bir təxribatın qarşısı qətiyyətlə alınır. «Qisas» və «Qətiyyətli cavab» əməliyyatları bunun bariz nümunəsidir. Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün təxribatlara əl atır, güclü Azərbaycan Ordusu onların qarşısını qətiyyətlə alır.

2022-ci ilin qürurverici hadisələrindən biri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin avqust ayında “Twitter” hesabından paylaşımı oldu: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabuh və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlər təbrik edirəm. Yaşasın Laçın, Yaşasın Azərbaycan!” Prezident İlham Əliyev avqustun 26-da «Biz Laçına qayıtdıq!» söylədi və sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bildirdi ki, artıq Laçının bərpası və yenidən qurulması zamanıdır.

Azərbaycan dünyaya dirçəliş modelini təqdim edir. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası uğurla icra edilir. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış və hətta icrası başa çatmaqda olan avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən Böyük Qayıdışa dair I Dövlət Proqramından irəli gələn hədəflərin reallığa çevrilməsi ilə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan iqtisadi mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək. Bir mühüm hadisəni xüsusi qeyd etməliyik ki, ötən il Qarabağın, bu il isə Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Bu mərasimlərin hər biri Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə həyata keçirildi. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsinin strateji və iqtisadi əhəmiyyəti geniş müzakirə olunur, gələcəkdə bu torpaqlarımızın böyük investisiyalar məkanına çevrilməsində rolu xüsusi vurğulanır. Üçüncü beynəlxalq hava limanı- Laçın aeroportu isə 2025-ci ildə istifadəyə veriləcək. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri ilə yanaşı, bu ərazilərimizin bərpasına, sosial-iqtisadi inkişafına yönələn Fərman və sərəncamları da silsilə xarakteri daşıyır. Ötən dövrdə sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb.

Bir ilin uğurlarının miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitmir. Dövlət başçısı İlham Əliyevin dekabrın 24-də doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan tanışlıqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə açıqladığı hədəflər keçilən yolun təqdimatı, eyni zamanda, tarixi həqiqətlərimizin, real faktların əsasında sabahımızla bağlı görüləcək işlərin təqdimatı oldu. Cənab İlham Əliyev bildirdi: “Avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”

2022-ci ilin mühüm hadisələri sırasında cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsini xüsusi qeyd etməliyik. Qarşıdakı il Azərbaycanın müstəqillik tarixinin hər bir səhifəsinin dərindən araşdırılmasında, Heydər Əliyev yolunun uğurlarının təqdimatında bird aha öz sözünü deyəcək. Azərbaycanın qazandığı hər bir uğur Heydər Əliyev siyasətinin təntənəsidir. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin etdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Ümummilli Liderin görmək istədiyi səviyyəyə yüksəldərək adını tarixə qalib Sərkərdə kimi yazdı. Böyük qürur hissi ilə ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.

Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları qürurludur. Qalib, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Həmrəyliyimiz mübarək, dünya azərbaycanlıları! Yeni il zirvələri fəth edən doğma Azərbaycana bol-bol uğurlar gətirsin! 2023 -cü il, qədəmlərin mübarək olsun!

Daha çox xəbərlər