QƏRBİ AZƏRBAYCANA DOĞRU
Gündəlikdəki növbəti tarixi məsələ Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına dönüşünü gerçəkləşdirməkdir
Azərbaycanın dövlət başçısı soydaşlarımızın tarixi yurd yerlərinə böyük qayıdışı məsələsinin gündəmə gətirilməsi üçün zamanı çox dəqiqliklə seçib. Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez olardı. Artıq Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində Qarabağ münaqişəsi tarixdə qalıb. Yeni mərhələdə hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Prezident İlham Əliyev mesajlarını verib: “Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik.”
Dövlət başçısının tapşırığına uyğun olaraq hazırlanacaq Qayıdış Konsepsiyası mükəmməl bir sənəd olacaq. Sənəd hazırlanarkən dünyadakı təcrübəyə, beynəlxalq hüquq normalarına və əlbəttə ki, tarixi sənədlərə, xəritələrə istinad ediləcək. Məlum görüşdən sonra Qərbi Azərbaycan İcmasında dərhal Qayıdış Konsepsiyasının hazırlanması üzrə işə başlanılıb. Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib. Qayıdış Konsepsiyanın hazırlanması istiqamətində iş aparıldığını söyləyən mətbuat katibi deyib: “İcma olaraq bu Konsepsiyanı vaxtında yekunlaşdırmağa çalışacağıq. Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək”.
Qərbi Azərbaycana qayıdış, hər şeydən öncə, tarixi ədalətin bərpası baxımından vacibdir. Çünki bu torpaqlar dövri-qədimdən Azərbaycan ərazisinin bir hissəsi olub. 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələrindən sonra çar Rusiyası dünyanın müxtəlif ölkələrindən minlərlə erməni ailəsini bu əraziyə köçürüb. Çar Rusiyasının bu addımında məqsəd ermənilər hesabına özünə sosial baza yaratmaq, onlardan Türkiyə və Azərbaycana qarşı istifadə etmək olub. Nəticədə Azərbaycanlılar öz doğma torpaqlarından sıxışdırılıb, onların bir çoxu üzləşdikləri təzyiqlər və zorakılıqlar səbəbi ilə digər bölgələrə köç ediblər. SSRİ dönəmində sovet rəhbərliyinin göstərişi ilə azərbaycanlıların Qərbi Azərbaycandan sıxışdırılıb çıxarılmasının yeni mərhələsi başlanıb. On minlərlə azərbaycanlı doğma ev-eşiyindən didərgin salınıb. Bu baxımdan azərbaycanlıların öz vətənlərinə – Qərbi Azərbaycana qayıdışı tarixi ədaləti bərpa etmək baxımından zəruridir.
Məlumdur ki, sovetlər dönəmində bu məsələlər gizli saxlanılmışdı, o dövrdə yetişən nəsil həqiqi tarixi dəqiq bilmirdi, Sovet İttifaqı isə azərbaycanlıları və erməniləri qardaş xalqlar kimi təqdim edirdi. Yalnız müstəqillik əldə etdikdən sonra tarixi faktlar üzə çıxarıldı. Bu baxımdan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra verdiyi qərarlar həqiqətlərin üzə çıxarılmasında mühüm rol oynadı. Ümummilli Liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları tarixi həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində çox mühüm siyasi-hüquqi sənədlərdir. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin bu yöndə müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. Qərbi Azərbaycan İcmasının yeni, müasir tələblərə cavab verən inzibati bina ilə təmin olunması da bu siyasətin tərkib hissəsidir.
Qərbi Azərbaycana qayıdışı zəruri edən mühüm amil bilavasitə insan hüquqları ilə bağlıdır. XIX əsrin birinci yarısından etibarən Qərbi Azərbaycandakı soydaşlarımız bu torpaqlara köç edən ermənilər tərəfindən yaşamaq hüququndan məhrum edilib, onların malına və canına qəsd olunub. Dəfələrlə soyqırımına və deportasiyalara məruz qalan Qərbi Azərbaycandakı yüz minlərə soydaşımız təməl insani hüquqlardan məhrum edilib. Bu baxımdan, vaxtilə bu torpaqlardan deportasiya edilən insanların, onların nəvə-nətəcilərinin yenidən öz doğma yurdlarına qayıtması insan hüquqlarının təmini baxımından vacibdir. Bu hüquq beynəlxalq konvensiyalarda da öz əksini aydın şəkildə tapıb.
Qərbi Azərbaycana qayıdışı zəruri edən amil bu torpaqlarda bir vaxtlar mövcud olan mədəni irsi bərpa etməklə bağlıdır. Dövlət başçısının da qeyd etdiyi kimi, ermənilər Qərbi Azərbaycanda, o cümlədən digər İrəvanda azərbaycanlılara məxsus bütün mədəni irsi, dini-tarixi abidələri məhv ediblər. Məscidlər, qalalar, saraylar, tarixi-mədəni abidələr, qəbiristanlıqlar məqsədli şəkildə sıradan çıxarılıb. Bu gün Azərbaycan xalqının qarşısında duran əsas vəzifələrdən biri həmin mədəni irsə yenidən həyat vermək, onun bərpasına nail olmaqdır. Bu, tariximizin və mədəniyyətimizin yaşadılması və təbliği baxımından da son dərəcə mühüm əhəmiyyətə malikdir.
Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı, eyni zamanda, milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir. Məlum olduğu ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldakı torpaqları azad etməklə milli qürurunu bərpa etdi. Bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz haqqını qorumağı bacarır. Bu baxımdan Qərbi Azərbaycana qayıdışın təmin olunması milli qürurumuzun tam bərqərar olması, xalqımızın öz gücünü bütün dünyaya bir daha isbatlaması baxımından önəmlidir.
Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının təmini erməni faşizminin ifşası baxımından da mühüm önəm kəsb edir. Ermənilərin Qərbi Azərbaycandakı, demək olar ki, bütün tarixi-mədəni irsimizi məhv etdiyi məlumdur. Lakin soydaşlarımızın bu torpaqlara qayıdışından sonra ermənilərin törətdiyi vəhşiliklər haqında daha aydın və dolğun məlumatlar əldə etmək imkanımız olacaq.
Əlbəttə bu arzularımızın reallığa çevrilməsində əsas amillərdən biri təbliğatımızın gücləndirilməsi, dünya ictimaiyyətinin həqiqətlərimiz haqqında dolğun məlumatlandırılmasıdır. Şübhəsiz ki, bunun üçün hər şeydən öncə biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irisi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarının düşmənlərin təzyiqi ilə ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda yaşamaq hüququmuzu bütün dünyaya çatdırmalılıyıq. Bununla biz doğma torpaqlara qayımağımız üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq.
Ölkə Prezidentinin təşəbbüsü və birbaşa nəzarəti altında Qarabağda və Ermənistan ərazisində tarixi Azərbaycan toponimlərinin əsl adlarının göstərildiyi xəritələrin hazırlanması, yeni dərsliklərin tərtib olunması, real tarixi faktların yetişən nəsillərə ötürülməsi, beynəlxalq müstəvidə təbliğat işinin gücləndirilməsi bu fəaliyyətin əsas istiqamətləridir. Cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını da vermiş oldu.
Qərbi Azərbaycana qayıdışı hədəfləyən bu mübarizənin asan olmayacağı məlumdur. Şübhəsiz, Ermənistan və onun beynəlxalq müstəvidəki havadarları Azərbaycanın bu istəyinə də ciddi müqavimət göstərəcəklər. Necə ki, Prezident İlham Əliyev də bunun gözlənilən olduğunu bildirdi. Ancaq dövlət başçısı bu müqavimətin Azərbaycanı öz yolundan döndərməyəcəyini də qeyd etdi: “Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək.”

