Makronizmin iflası
və yaxud kimlər fransız deyil?
Özünü qitə dövlətləri arasında mədəniyyət beşiyi hesab etsə də Avropada Fransa kimi daxili vəziyyəti daim gərgin olan ölkə yoxdur. Özü kimi təcavüzkarı, separatçını dəstəkləyən, erməni lobbisinin təsiri altında dövlət səviyyəsində saxta «erməni soyqırımı» iddialarına himayədarlıq edən Fransanın Prezidenti Emmanuel Makron Türkiyə və Azərbaycan haqqında reallığı əks etdirməyən böhtanlarından əl çəkmir. Ölkəsinin daxili və xarici siyasətini belə erməniləşdirərək Azərbaycan əleyhinə kampaniyalarla başını qarışdıran Makronun siyasəti növbəti dəfə fiaskoya uğradı.
BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü və hazırda onun sədri kimi fəaliyyət göstərən Fransanın Azərbaycan əleyhinə hazırladığı və Laçın-Xankəndi yolundakı ekoloji aksiyanın «humanitar fəlakət» kimi təqdim olunduğu bəyanat qəbul olunmadı. Yəni, ölkəsinin vətəndaşından aldığı şapalağın qızartısı keçməmiş ermənipərəst Makrona diplomatik yumruq vuruldu.
Ermənistanı dəstəklədiyi üçün dəfələrlə qınağa məruz qalan Makron «hay»lara o qədər can yandırır ki, Fransanın tanınmış şəxsiyyətlərinin daşnaklar barədə söylədiklərindən də xəbərsizdir. O zaman biz xatırladaq. Aleksandr Düma (Ata) qana həris erməniləri belə xarakterizə edib: «Ermənilər fikirlərini, niyyət və duyğularını gizli saxlayan, hiyləgər, kələkbazdırlar. Dünən onlara həyan olan, yardım edən insanlara bəd ayaqda köməklik göstərməz, nankorluq edərlər”.» XIX əsrin Fransız səyyahı qraf, Arman Pyer de Şölye isə lap gül vurub: «…Gəlmə ermənilər yerli əhalinin şirəsini sormağa başladılar. Bununla kifayətlənmədən yerli müsəlman əhalisini nüfuzdan salmaq siyasəti yeritməyə başladılar ki, gələcəkdə onları bu ərazilərdən qovub torpaqlarına sahib ola bilsinlər. Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyonu yerli deyil. Onlar bu ərazilərə bizim tərəfimizdən köçürülüblər. Erməni kilsəsi bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdu. Bu monastır həmişə məndə dini mərkəzdən çox, siyasi mərkəz təəssüratı yaradırdı. Sıravi erməninin yoxsulluğunu və iztirablarını görəndə qəlbimdə böyük mərhəmət hissi oyansa da, onlara heç vaxt qanım qaynamırdı. Çünki bu millətin xislətində mənfur biclik, biabırçı əclaflıq və rüsvayçı bir alçaqlıq hiss etmişdim”.» 1920-ci ilin 20 iyulunda Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel tərəfindən Fransa Xarici İşlər Nazirliyinə göndərilən məktubda yazılanlardan Makrona daha bir xatırlatma: «…Hərbi əməliyyatlara gəlincə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında erməni qoşunları 40 000-dən çox azərbaycanlının yaşadığı İrəvanın cənubundakı 25 kəndi mühasirəyə alıblar. Paytaxta yaxın ərazidə yaşayan və hansısa müstəqillik iddiasında olmayan bu sülhpərvər əhali həmişə sakit həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa müddətdə gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən, qadın və uşaqlar da daxil olmaqla 4 000 azərbaycanlı Araz çayına atılaraq öldürülüb”.» Bu cür misallar istənilən qədərdir. Görünür, Makronda artıq xroniki hal alan erməni sevgisi o qədər çoxdur ki, öz millətindən olan məşhurlarının daşnaklar haqqında yazdıqlarından, söylədiklərindən belə xəbəri yoxdur.
Ümumiyyətlə, heç bir mənbədə ermənilər haqqında bir kəlmə belə olsun müsbət fikirlərin yazılmadığını nəzərə alsaq «O olmasın, bu olsun» filmindən yadımızda qalan məqamla bağlı sualı makronsayağı təzələyək. «Görəsən Makronda ermənilərə məftunluğun səbəbi nədir? Daşnakların malı, pulu, dövləti?» Belə görünür ki, heç biri. Dövlət kimi hələ də beynəlxalq aləmdə özünü təsdiqləməyən, dilənçi, iqtisadi böhran bataqlığında çabalayan Ermənistanın malı, pulu yoxdur. Bu yaxınlığın səbəbi aydındır: Oxşar xarakterlər və erməni lobbisinin dəstəyi.
Prezident seçkilərində bu dəstəkdən bəhrələnən Makron qarşıdakı illərdə də uğur qazanmaq üçün bütün ölkə vətəndaşlarına tapşırıb ki, ermənilərə gözün üstündə qaşın var deyənlər fransız deyil. Bu baxımdan «böyüklük» funksiyasını üzərinə götürən Fransanın Prezident Administrasiyasının əsas vəzifəsi Ermənistanı silahlandırmaq, Azərbaycana qarşı düşmən siyasətini davam etdirməkdir. Azərbaycanın dünyada möhkəmlənən nüfuzunu, artan siyasi, iqtisadi qüdrətini, güclənən müdafiə qüdrətini unudan Makronun diplomatik zərbə alması təbii idi. BMT-nin daimi üzvü olsa da beynəlxalq aləmdə baş verənlərdən xəbərsiz olan Fransanın hazırda söz sahibi olduğu «məkanında» Azərbaycana məğlub olması, ölkəmiz əleyhinə hazırladığı təxribatçı bəyanatının qəbul edilməməsi makronizmin növbəti üz qarasıdır.
Makron unudub ki, BMT-dən sonra beynəlxalq arenada üzvlərinin sayına görə ən mötəbər təsisat olan Qoşulmama Hərəkatına sədrlik missiyasını yerinə yetirən Azərbaycan qurumun üzvlərinin istəyinə görə qarşıdakı illərdə də sədrlik səlahiyyətini davam etdirəcək. Nəzərə alaq ki, Avropa İttifaqı ilə əlaqələri möhkəmlənən, İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının aparıcı üzvü kimi böyük nüfuz qazanan Azərbaycanın ərəb dünyası ilə əməkdaşlığı qarşılıqlı münasibətlər sistemində də davam edir.
Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının (ƏXDR) Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak edən Prezident İlham Əliyevin bu səfəri Azərbaycan ilə ərəb dövlətləri arasındakı əməkdaşlığın bütün istiqamətlər üzrə inkişafının ifadəsidir.
Şanxay Əməkdaşlıq Təşkilatı, «Avropa siyasi birliyi» Zirvə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi digər yüksək səviyyəli tədbirlərdə iştirak edən və hörmətlə qarşılanan Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının növbəti Sammitində iştirakı o deməkdir ki, Avrasiya məkanını fəth edən Azərbaycan lideri ərəb dünyasında da nüfuzlu dövlət xadimi kimi tanınır, hörmətlə qəbul olunur. Prezident İlham Əliyevin səfər çərçivəsində Milli Mücahidlər Müzeyində olması, 1830-1962-ci illərdə Fransanın müstəmləkəsi altında qalan Əlcəzairdə qətlə yetirilən 1milyondan artıq yerli sakinin xatirəsini yad etməsi, muzeydə saxlanılan, azadlıq mücahidləri olan 1500 əlcəzairlinin öldürüldüyü tarixi əks etdirən «Sena qətliamı» ilə Xocalı soyqırımının ssenarilərinin oxşarlığının xatırlanması qətliamlar törətməkdə qanlı təcrübələrə malik Fransa ilə Ermənistanın mövqe yaxınlığını təsdiq edən həqiqətlərin etirafı idi. Müstəmləkəsi olduğu ölkələrin xalqlarına qarşı amansız rəftarın nümunəsi olan qətlə yetirdikləri insanların kəllə sümüklərini eksponat kimi saxlayan, şəhidlərin ruhuna belə hörmət qoymayan fransızlardan daha qəddar olan ermənilər də öldürdükləri azərbaycanlıları kütləvi məzarlıqlarda basdırmışlar. Yəni, motivlər fərqli olsa da, mahiyyət eynidir: Qana hərislik, insanlığa nifrət!
Həqiqət budur ki, Azərbaycana qarşı təxribatlar törədən, siyasi aksiyalar, kampaniyalar təşkil edən ermənipərəst dairələrin önündə gedən Fransanın bütün cidd- cəhdləri özünə və kiçiyi ( bəlkə də küçüyü) Ermənistana xələl gətirəcək. Mənfur xislətli Makrona dövlət başçımız İlham Əliyevin bu sözlərini xatırlatmağın da məqamıdır: «Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr.» Əlqərəz, deməyi bizdən, dərs alması Makrondan!

