Əsas səhifə 

BMT Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu fikri xüsusi olaraq diqqətə çatdırdı ki, Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı

“Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə – müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq. Yaxud da ki, sentyabra qayıdaq. Kimin ağlına gələ bilərdi ki, bu gün Ermənistan haqsız olaraq bizi işğalda ittiham edəcək. İki il, üç il bundan əvvəl əgər kiməsə bunu desəydin, deyərdi ki, deyəsən sənin başın xarab olub, belə sadə dillə desək. Amma mümkün olmayan heç nə yoxdur, bizim əlimizdədir. Amma biz ədaləti istəyirik, ancaq ədaləti. Pozulmuş ədaləti bərpa edirik, hələ tam bərpa etməmişik, amma bərpa edəcəyik, mənim şübhəm yoxdur və əminəm ki, Azərbaycan xalqı da bu nikbinliyi bölüşür.” Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsini məhz bu nikbin proqnozlarla yekunlaşdırdı. Təbii ki, bu əminliyi ifadə etməyə ciddi əsaslar vardır. Azərbaycan 30 illik işğal dövründə  dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri yaşadı. Amma bu yanaşmalar bizi ruhdan salmadı, əksinə Azərbaycan bütün sahələrdə daha da gücləndi, qüdrətləndi, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatı əsasında ölkəmizin ətrafında yaradılan informasiya blokadasını yardı. Dünya həqiqəti bildiyi halda görməzdən gəlsə də Azərbaycan dövləti, xalqı ədalətin zəfər çalacağına tam əmin idi. Ermənilərin yalan üzərində qurulan təbliğatının həqiqət üzərində qalib olması qeyri-mümkün idi. Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslan siyasəti 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.

Tarixi Zəfərimizdən iki ildən artıq  vaxt keçsə də  onun yaratdığı reallıqlar, 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalardan irəli gələn öhdəliklərin Azərbaycan və Ermənistan tərəfindən hansı səviyyədə yerinə yetirilməsi müzakirə olunmaqdadır. Azərbaycan bütün öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində səylər göstərir. Ermənistan isə hər vasitə ilə  bu öhdəliklərin icrasından yayınır, sülh müqaviləsinin  imzalanmasının uzanmasında maraqlı olduğunu nümayiş etdirir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışı, işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri, o cümlədən müsahibələri  bu reallıqların fonunda gələcəklə bağlı müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir.

Cənab İlham Əliyev sözügedən müsahibəsində qeyd etdi ki, düzdür,  tez-tez Azərbaycan ictimaiyyətinə müraciət edirəm. Hesab oluna bilər ki, bütün vacib mövzularla bağlı fikrimi bildirirəm, həmişə belə olub. Amma müsahibənin də öz formatı, öz xüsusiyyəti var. Bir çıxışda, yaxud da ki, bir neçə çıxışda bəlkə də bütün bu məsələləri əhatə etmək mümkün deyil. Çünki çıxışlar adətən bir qayda olaraq hansısa tədbirdə bir mövzuya aid olur.

Müxtəlif məsələlərə işıq salan sözügedən müsahibədə bir daha dünyanın ikili standartlara əsaslanan siyasətinin istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə ciddi probləmlərə gətirib çıxardığı əsaslı şəkildə diqqətə çatdırıldı. Həmin dövrdə bir tərəfdən Ermənistana maddi və mənəvi dəstək göstərilir, silahlandırılır, işğalçı dövlət olduğu dilə gətirilmir, digər tərəfdən də  münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə fikirlər söylənilirdi. Bu gedişlərin nəticəsi göz önündədir. Dövlət başçısı bütün çıxışlarında bu reallığı diqqətə çatdırır ki,  beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi.  Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Azərbaycan dövləti daim bu bəyanatı səsləndirirdi ki,  məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə ədalətin, beynəlxalq hüququn mövcudluğunu dünyaya sübut etdi.  Cəmi 44 gündə 30 ilin işğalına son qoyuldu, Ermənistan ordusu darmadağın edildi. Qarabağın tacı Şuşa azad edildi.  Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Xocavənd döyüş meydanında azad edildi. Düşmən diz çökdü. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq  Laçın, Kəlbəcər, Ağdam müharibəsiz azad edildi.  Dövlət başçısı İlham Əliyev müsahibədə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışımızdan da bəhs etdi. “Amma onu da bildirməliyəm ki, laçınlılar, xüsusilə Laçın şəhərində yaşayan insanlar yəqin, bir qədər ümidsiz idilər. Çünki danışıqlar zamanı, ümumiyyətlə, Ermənistan tərəfi Laçını Azərbaycana qaytarmaq haqqında heç danışmaq da istəmirdi. Əfsuslar olsun, keçmiş Minsk qrupunun həmsədrləri də hesab edirdilər ki, Laçın rayonu Ermənistana verilməlidir. Ona görə laçınlılar daha ümidsiz idilər. Onu da bildirməliyəm ki, danışıqların işğal dövründə belə çox davam etməsi və yəni, uğursuzluqla nəticələnməsi də məhz, o cümlədən Laçına və Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın və Kəlbəcər əbədi qalsın onların əlində. Yəni, biz laçınlılara, kəlbəcərlilərə görə, tarixi torpaqlarımıza görə, ərazi bütövlüyümüzə görə bu qədər dözmüşük” söyləyən Müzəffər Ali Baş Komandan bu fikri də böyük qürur hissi ilə vurğuladı ki, amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir. Bu il Laçın şəhərinə ilk laçınlıları  qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq.

Cənab İlham Əliyev daim bu reallığı da diqqətə çatdırır ki,   Azərbaycan istədiyinə kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir.

Təbii ki, qazanılan uğurlarda Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti əhəmiyyətli rol oynayır. “Bizim xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki,  bizim siyasətimiz həmişə əməkdaşlığa hesablanmışdır: “Əgər kimsə bizdən yardım istəyirsə, çalışırdıq ki, kömək göstərək, daha çox dost qazanaq. Bu, Qarabağ məsələsini həll etmək üçün əlbəttə ki, biz dünya ictimaiyyətini inandırmalı idik. Çünki erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda – həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı.”

Azərbaycan daim birlik, həmrəylik, əməkdaşlıq çağırışları ilə dünyanın diqqətindədir. Ölkəmiz biri-birinə əks qütbləri bir araya gətirərək birləşdirici factor kimi mövqeyini möhkəmləndirir. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqamlara xüsusi diqqət yönəltdi. Azərbaycan həmin dövrdə  80-dən çox ölkəyə maddi-humanitar yardım göstərdi. Dövlət başçısı bildirdi: “Bunu biz təmənnasız edirik. Ona görə ki, bizi daha yaxşı tanısınlar, bizi dəstəkləsinlər, lazım olan anda bizim yanımızda olsunlar necə ki, biz bunu artıq danışdığımız bu hadisələr zamanı gördük.”

Ölkə Prezidenti xarici siyasət uğurlarımızdan bəhs edərkən  fikirlərini “Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük” sualı ətrafında ifadə edərək qeyd etdi ki,  əlbəttə ki, bunu biz çox dəqiq müəyyən etməliyik. Çünki  həmişə reallığa söykənməliyik və qarşımıza qeyri-real hədəfləri qoymamalıyıq, bölgədə və dünyada öz yerimizi bilməliyik və möhkəmləndirməliyik: “Yenə də əsas məsələ xaricdən gözlənilən mümkün riskləri sıfra endirməkdir ki, bu qədər buna müvəffəq olmuşuq və bu gün müzakirə mövzusu olan atılan addımlar da məhz buna hesablanıb.”

Ədalətin və beynəlxalq hüququn yanında olmaq hər bir ölkəyə, beynəlxalq təşkilata nüfuz gətirərə, inamı artırar. Təəssüflər olsun ki, istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə əksər dövlətlərin, beynəlxalq təşkilatların sözdə ədalətin yanında olub, əməldə fərqli yanaşma ortaya qoymaları diqqətdən kənarda qalmamaqla yanaşı, onlara qarşı inamsızlığı son həddə çatdırır. Dövlət başçısı İlham Əliyev daim BMT tribunasından bəyan edirdi ki, ikili siyasətə son qoyulmalıdır.  Bu yanaşma ədalətsizlikdir.

Əvvəldə də qeyd etdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın AZərbaycanın tarixi ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu torpaqlardan  qeyd-şərtsiz çıxmaları öz əksini tapsa da bu qətnamələr 28 il  icrasını gözlədi. BMT Təhlükəsizlik Şurasının üzvü, həmçinin keçmiş ATƏT-in Mİnsk qrupunun həmsədrləri olan dövlətlər işğalçını adı ilə çağırmaq istəmədilər. Amma bu yanaşma ilə sonadək məsələnin ədalətli həllini tapacağına ümidlər yaratmağa çalışdılar. Bu mövqe həmin dövlətlərə, o cümlədən BMT-yə hansı nüfuzu qazandıra bilərdi?

Dövlət başçısı İlham Əliyev müsahibədə bu məqama da münasibət bildirərək vurğuladı ki,  BMT-yə bizim münasibətimiz indi bəllidir. Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr  israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Mən də bu fikrin tərəfdarıyam: “Mən hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır, Birinci Dünya müharibəsindən də, İkinci Dünya müharibəsindən də fərqlənir. İndi üstündən 80 il keçib. Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır.” Cənab İlham Əliyevin üzvlər arasında  mütləq bir daimi yerin  müsəlman ölkəsi üçün ayrılmasını, bir yerin  də Qoşulmama Hərəkatına verilməsini bildirməsi bütün məqamlara aydınlıq gətirir.

Dövlət başçısı İLham Əliyev qeyd edilənlərə söykənərək  özlüyündə yaranan “Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük” sualına cavabı belə ümumiləşdirdi ki, əlbəttə ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə  həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var: “Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar, biz də elə ona bənzəyən bir stayerik, amma lazım olanda sprinti də işə salırıq.”

Daha çox xəbərlər