Gündəm 

Fransa Azərbaycan xalqından üzr istəməlidir

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz regionda uzunmüddətli sülh üçün əlverişli şərait yaradıb. Müharibədən ağır məğlubiyyətlə çıxan və kapitulyasiya aktına imza atan Ermənistan, eləcə də onun havadarları, xüsusilə Fransa bu gün də öz məkrli məqsədlərindən əl çəkmir, bölgədə davamlı sülhün və birgəyaşayışın təmin olunmasına cidd-cəhdlə mane olurlar. Onlar hələ də anlamaq istəmirlər ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

Qırx dörd günlük müharibədə Azərbaycanın döyüş meydanında təkcə işğalçı Ermənistanı deyil, ermənilərin havadarlarını da məğlub edərək hərbi, siyasi-diplomatik müstəvidə qələbə qazanması artıq bədxahlarımızı həqiqətləri qəbul etməyə məcbur etdi. Ancaq gizli deyil ki, Azərbaycanın 30 illik işğala son qoyması Ermənistanla yanaşı, uzun müddət təcavüzkarı dəstəkləyən bəzi ölkələrdə ciddi təşviş yaratdı. Belə ölkələrdən biri də Fransadır.  Bu ölkənin prezidenti Emmanuel Makron isə daim Azərbaycana qarşı gizli və aşkar şəkildə düşmənçiliyini ifadə edir. Bundan başqa, 2022-ci il noyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi bədnam qətnamə isə fransızların siyasi riyakarlığının növbəti təsdiqi oldu. Bu qətnamə milli dözümsüzlük, irqçilik, eləcə də ölkədə geniş vüsət almış türkofobiya və islamofobiyanın təzahürüdür.

Danılmaz faktdır ki, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Qarabağ müharibəsində bitərəfliyini pozaraq açıq şəkildə Ermənistanı dəstəkləyib. Ekspertlərin qeyd etdikləri kimi, həmin günlərdə bu ölkənin başçısı Emmanuel Makron beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə məhəl qoymayaraq açıq şəkildə ermənipərəstlik edib.

Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində Fransanın anti-Azərbaycan mövqeyi ilə bağlı bildirib ki, ölkəmizin qırx dörd günlük müharibədə tarixi Zəfər qazanması Fransada bir çoxlarını narahat edirdi. ATƏT-in Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışırdı ki, bu münaqişə öz həllini tapmasın.

Dövlət başçısı, həmçinin qeyd edib ki, qırx dörd günlük müharibə zamanı həmin anti-Azərbaycan dairələr, xüsusilə Fransa BMT-də ölkəmizə qarşı bəzi təşəbbüsə əl atsalar da heç bir nəticə əldə edə bilmədilər. Çünki Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qarşısını aldı: “Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm”.

Qətiyyətlə demək olar ki, son zamanlar Fransanın apardığı siyasət Azərbaycanla Ermənistan arasında sülh prosesinə xələl gətirir və regionda davamlı sülhün bərqərar olmasına əngəl törədir. Bu günlərdə Ermənistana səfəri nəzərdə tutulan Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin öz “Twitter” səhifəsində yazdıqları bunun əyani təsdiqidir: “Milad bayramı zamanı fikrim ermənilərə yönəlib, onlara ümid və sülh arzulayıram. Fransa Milli Assambleyasının dəstəyini bir daha ifadə etmək üçün gələn həftə Ermənistana gələcəm”.

Amma həm Ermənistan, həm Fransa, həm də onların cidd-cəhdlə dəstəklədikləri Azərbaycanın qarabağ iqtisadi rayonundakı separatçılar unutmamalıdırlar ki, artıq dünya birliyi qırx dörd günlük müharibədə Azərbaycanın tarixi Qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul edir. Bu reallıqlardan biri də bölgədə davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasıdır.

Bütün bunların fonunda əmin olmaq istərdik ki, bundan sonra Fransa öz təxribatçı əməllərindən və anti-Azərbaycan mövqeyindən əl çəkərək regionda gedən sülh proseslərinə dəstək verəcək və qısa zamanda Azərbaycandan üzr istəyəcəkdir.

Daha çox xəbərlər