Sərvətimiz bölünməz – heç bir kəsə verilməz!
Tələblərimiz tam ədalətlidir və mübarizəmiz insani dəyərlər, habelə beynəlxalq qanunlar çərçivəsində aparılır
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, ekoloji terrora son qoyulmasını, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası bu gün də yüksək əhval-ruhiyyədə davam edir. Aksiya Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, erməni ekoloji cinayətlərinin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhəmiyyətə malikdir.
Bir aydan çoxdur ki, davam edən etiraz aksiyasında Azərbaycan gəncliyi gecə-gündüz demədən milli həmrəylik nümayiş etdirərək, xalqa məxsus sərvətlərin necə qoruna biləcəyini Laçın-Xankəndi yolundan dünyaya bəyan edir. Aksiya iştirakçıları nə qədər qətiyyətli olsalar da, humanizm prinsipinə də sadiqdirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündə olduğu kimi, dəyişməz olaraq qalır. Ekofəalların qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti–qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır–sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz–heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir–sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının dinamik və coşğulu görünmələri onların məqsədlərinin aydın olduğunu göstərir. Etirazçıların qətiyyəti də tələbkarlıqları kimi sərtdir.
Ekofəallar Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus humanitar təyinatlı avtomobillərin ərazidən maneəsiz keçməsinə şərait yaradırlar. Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar əsassızdır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən bəzi ölkə və qurumlar əllərinə düşən hər fürsətdə ölkəmizə olan düşmən münasibətlərini açıq sərgiləyirlər. Hər vəchlə aksiyanın məqsədinin başqa olduğuna dünya ictimaiyyətini inandırmağa çalışan ermənilər bunun alınmadığını görüb Fransadan yardım istədilər. Təbii ki, ermənipərəst dövlət onların istəklərini geri çevirmədi. Azərbaycan əleyhinə kampaniyaya başladılar və ölkəmizə qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi üçün səy göstərdilər. Səyləri bir nəticə vermədi, iclas çağırılmasına nail olsalar da, ermənipərəst, qərəzli, ədalətsiz sənəd qəbul olunmadı. Biz növbəti qərəzi yanvarın 18-də Avropa Parlamentinin qəbul olunmuş qətnaməsində də müşahidə etdik. Biabırçı qətnamə yenə də Avropa Parlamentinin əsl mahiyyətini ortaya qoydu. Avropa Parlamentinin bu davranışları heç bir reallığa söykənmir. Bizə bir daha aydın oldu ki, Avropa Parlamenti obyektiv qurum deyil. Bu ermənipərəst parlament Azərbaycanın qələbəsini həzm edə bilmir, erməni lobbisinin valyuta dağarcığının əsiridir.Legitimlikdən uzaq, separatçı, korrupsiya çirkabına bulaşmış, dövlətimizin ərazi bütövlüyünə hörmətsizlik sərgiləyən Avropa Parlamentinin Azərbaycana tövsiyə vermək haqqı belə yoxdur.
Avropa Parlamentinin ardınca Niderland Krallığının parlamenti də pulla ələ alınmış deputatlar vasitəsilə Azərbaycan əleyhinə qətnamə qəbul edib. Qətnamədə, guya, Laçın–Xankəndi yolunun bağlanılması, orada yaşayan ermənilərin humanitar çətinlik çəkdikləri qeyd olunub. Fakt göz önündədir, sadəcə, boylanıb baxmaq problemi var. Niderland tərəfinin sülh prosesinə mane olmaqla Ermənistanda revanşist qüvvələri dəstəkləmək əvəzinə, bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsində region ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verən addımları alqışlaması daha faydalı olardı. 30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, mülki əhaliyə qarşı qəddarcasına törədilmiş qırğınlara, talan və vandallıqlara göz yuman Niderlandın qanunvericilik orqanında belə bir təklifin irəli sürülməsi ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının bir nümunəsidir.
Yaxşı olar ki, Azərbaycana təyziq etmək istəyən, Ermənistanın və Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyasına qoşulan bəzi dövlətlər və Avropa Parlamenti “dostları” Ermənistana müraciət etsinlər ki, azərbaycanlı mütəxəssislərin, ekoloqların mədənlərdə monitorinq aparmaları üçün şərait yaratsınlar. İmza atıb üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirsinlər. Ermənilərə anlatsınlar ki, uydurduqları “böhrandan” çıxmağın yeganə yolu beynəlxalq hüquqa və yaşadıqları ölkənin qanunlarına əməl etməkdən keçir.

