Minimum pensiyadakı artım kimləri əhatə edəcək?
Ölkəmizin sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları genişləndirib. Belə ki, dövlət başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar, həmçinin xüsusi Dövlət proqramları əhalinin sosial müdafiəsini xeyli gücləndirib. Maliyyə imkanları möhkəmləndikcə ölkədə həyata keçirilən sosial tədbirlərin də sayı artır. Yaşayış səviyyəsinin daha da yüksəldilməsi və yoxsulluğun azaldılmasında dövlət büdcəsinin sosialyönümlü olması öz rolunu oynayır.
Yanvarın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq. Pensiya məbləğindəki artım 2023-cü ildə həyata keçirilən sosial paketin tərkib hissəsidir.
Minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edəcək. Belə ki, artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə pensiyaya çıxacaqlar. Əvəllər bu rəqəm 240 manat idi. Digər tərəfdən, 2006-ci ilin yanvarın 1-dən 2018-ci il iyulunadək hətta bir manat pensiya kapitalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni, əgər vətəndaşımızın 25 il ştajı yoxdursa və onun yığımları çox deyilsə, o, da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək.
Yeni dəyişikliyə əsasən, eyni zamanda indeksasiya nəticəsində pensiyalar artacaq, amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək. Bütövlükdə, gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək. Bu, həmçinin orta pensiya məbləğinə də təsir edəcək. Orta pensiyada da artım olacaq.
Bu şəxslərə 2023-cü ildə 3 dəfə əlavə maaş ödəniləcək
Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Belə ki, ali kateqoriya dövlət orqanlarında aylıq əməkhaqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub. Bununla yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək. Belə ki, bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək.

