Gündəm 

Ölmüş Minsk qrupunu xortlatmaq kimə lazımdır?

Otuz iki il davam edən Qarabağ  münaqişəsi üçüncü ildir ki, böyük ölçüdə həll olunub. Açıq demək lazımdır ki, qalan detalların həlli bu gün  “həyatda” olmayan ATƏT-in Minsk qrupunun həmsədr  dövlətləri tərəfindən qəsdən əngəllənir. Görünür, artıq dəfn edilmiş Minsk qrupunun həmsədrləri iyirmi səkkiz illik pozuculuq işlərini yenidən davam etdirmək fikrinə düşüblər. Üç həmsədr dövlətin öz aralarında münasibətlərini nizamlaya bilməmələri də göz önündədir.

Bu gün fəaliyyətdə olduğu müddətdə heç bir əməli iş görməyən ölü Minsk qrupunu  ABŞ və Fransanın hansısa formada “diriltmə cəhdləri” müşahidə edilir. Qarabağla bağlı sülh danışıqlarında vasitəçilik missiyasını yerinə yetirməli olan Minsk qrupunun yarıtmaz fəaliyyəti 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı ilə faktiki olaraq tarixin arxivinə verildi. Çünki Azərbaycan özü ərazi bütövlüyünü bərpa etdi və artıq Qarabağla bağlı hər hansı “sülh müzakirələrinə” də ehtiyac yoxdur.

Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi və 10 noyabr 2020-ci il Bəyanatından irəli gələn öhdəliklərin – o cümlədən Zəngəzur dəhlizinin açılması əsas müzakirə predmetidir.

Bu məqamda ABŞ-dan ATƏT-in Minsk qrupu adlı artıq kimsənin yadına düşməyən “missiya” haqqında bəyanat səslənməsi  təəccüblü görünür. Belə ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bu günlərdə keçirdiyi brifinqdə Rusiyanı ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan nizamlanması üzrə “səylərinə”  zərbə vurmaqda ittiham edib. Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün təşviqi dövlət katibi Entoni Blinken üçün də daimi prioritet olaraq qalır. Bunu cənab Blinkenin xüsusilə Ermənistan və Azərbaycan liderləri ilə birbaşa bu məsələlərlə bağlı əlaqələri sübut edir: “Rusiyaya gəlincə… fakt ondan ibarətdir ki, Rusiyanın aqressiyası və birtərəfliliyi Minsk qrupu formatında bir sıra məhsuldar iş perspektivlərini sarsıdıb”.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ABŞ istər ikitərəfli, istər Avropa İttifaqı daxilində mexanizmlər, istərsə də ATƏT vasitəsi ilə sülhün təşviqinin istənilən sahəsində iştirak etməyə qətiyyətlə sadiqdir.   Cənubi Qafqazda sülhün təşviqi ABŞ üçün daimi prioritet olaraq qalır.

Belə görünür ki, ABŞ və Fransa Ermənistan-Azərbaycan sülh danışıqlarında Rusiya ilə birgə keçmiş Minsk qrupuna uyğun “hansısa mexanizm” qurulması fikrindədirlər. Məqsəd danışıqlar formatını dəyişdirmək və çevrəni böyütməkdir. Belə bir formatın Ermənistanla Azərbaycan arasında müzakirələri daha 30 il donduracağına isə heç bir şübhə ola bilməz. Çünki ABŞ və Fransanın Rusiya ilə heç bir regionda razılaşa bilmədiyi artıq kimsədə şübhə doğurmur. Əgər bu üç dövlət öz münasibətlərini nizamlaya bilmirsə onda Qarabağ məsələsini niyə uzatmağa çalışır?

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da məhz bu məqama toxunub. O bildirib ki, keçmiş Minsk qrupu həmsədrlərinin mövqelərinin birliyi ilə bağlı əsas tezis yalandır. “Buna sübut Robert Koçaryanın Ter-Petrosyana qarşı hərbi çevrilişini Rusiyanın dəstəyi ilə həyata keçirməsidir. Əgər belədirsə, ABŞ, Fransa və Rusiyanın mövqelərinin birliyi haradadır?

Odur ki, Dövlət Departamentinin “Azadlıq” radiosunun erməni redaksiyasının dərc etdiyi sənədlərin, yumşaq desək, ciddi “düzəlişlərə” məruz qaldığı göz qabağındadır. Beləliklə, sual yaranır – məqsəd nədir? Düşünürəm ki, keçmiş həmsədrlər öz aralarında razılığa gələrək gələcəkdə bu sahədə əməkdaşlığın bərpasının mümkünlüyü barədə ictimaiyyət arasında fikir yaratmaq istəyirlər…”

Bu plan Ermənistan cəmiyyətində də başa düşülür və ciddi narazılıq doğurur. Otuz beş illik qanlı çəkişmələrdən və müharibələrdən bezmiş erməni toplumunun böyük əksəriyyəti yeni qarşıdurma istəmir. Keçmiş həmsədrlərin indiki “səylərinə” münasibət bildirən tanınmış ermənilərdən biri bu barədə açıq mətnlə təşvişlə danışaraq bildirib ki, həmsədrlər Ermənistanı Suriyaya və ya Livana çevirməyə cəhd göstərirlər. Yəni, Ermənistanı dövlətlərin hərbi poliqonu etmək kimi hərbi əməliyyatların bitib-tükənməyən girdabına atmağa hazırlaşırlar. Əgər bu baş tutsa erməni xalqını və dövlətini məhvolma təhlükəsi gözləyir.

Əslində nə Azərbaycana, nə də Ermənistana “aradüzəldən” lazımdır. Əgər kənardan lazımsız müdaxilələr olmasa hər iki dövlətin rəhbərləri dil tapıb bütün məsələləri həll edə bilərlər.

O ki qaldı “Ermənistanı məhv olmaq təhlükəsi gözləməsinə” əlbəttə, gözləyəcək. Sadə el məsəli var: “Yolunu azan qoyunu çöldə canavar parçalar.” Bundan sonra ermənilər həmin qoyunun binəsib aqibətini yaşayacaqlar. Çünki bunu özləri özlərinə haqq ediblər.

Daha çox xəbərlər