Cəmiyyət 

Bir millət, iki dövlətin ürəyi bir döyünür

Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk andan qardaş Türkiyənin yanındadır

6 fevral 2023-cü il tarixində Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərində dağıdıcı zəlzələ baş verib. Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası ilk andan qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirir.

Hər zaman Türkiyə və Azərbaycan qardaşlığı möhkəm olmuşdur və biz iki qardaş ölkə olaraq yaxşı günlərdə də, pis günlərdə də bir-birimizin yanında olmuşuq. Türkiyədə baş verən bu zəlzələ Azərbaycanı çox sarsıdıb və mənəvi əzab verib. Azərbaycan xalqı Türkiyədən olan qardaşlarının dərdinə şərikdir. Azərbaycandan Türkiyəyə dayanmadan həkim, xilasedici, könüllü heyətləri göndərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, belə yardım heyətlərinin göndərilməsi davam edəcək.

Biz, nəinki dövlətlərarası səviyyədə, dövlət başçıları səviyyəsində, eyni zamanda insanlar səviyyəsində də qardaşlıq əlaqələrəmizin mövcud olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk. Belə ki, Azərbaycan xalqı könüllü olaraq öz doğma türkiyəli qardaşlarına dəstək olmaq üçün əlindən gələni əsirgəmir. İnsanlar böyük şərəflə kömək etməyə davam edirlər.  İnsanlar yorğan, döşək, gödəkçə və digər zəruri geyim vasitələri, həmçinin, qida məhsulları gətirir və bununla səmimi şəkildə qardaşlıqlarını göstərirlər.

Başda Heydər Əliyev Fondu olmaqla ictimati təşkilatlar da yardım kampaniyasında xeyli təşəbbüs göstərirlər. Heydər Əliyev Fondu bütün imkanlarını ortaya qoyaraq, bütün əməkdaşları ilə birlikdə yardım göstərməyə davam edir.

Yardım aksiyasına özəl şirkətlər də qoşulub ki, onlar da öz növbəsində qardaş ölkəyə həm maddi, həm də texniki yardım göstərirlər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi ilə ölkənin ən böyük şirkəti olan SOCAR da əlindəki bütün imkanları istifadə edərək öz dəstəyini verir. Yardım aksiyası çərçivəsində dövlət qurumları və onların nümayəndələri də humanitar yardımın təşkilində fəal iştirak edirlər. Bütün bu addımlar təqdirəlayiqdir və bu bütün Azərbaycan xalqının həmişə olduğu kimi bu gün də qardaş türk xalqının yanında olduğunu göstərir.

Prezident İlham Əliyevin digər bir göstərişi ilə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq. Bununla bağlı Prezident Administrasiyasının rəhbərinə göstəriş verilib. Bundan başqa Azərbaycanın xəstəxanalarında faciədən zərər görmüş yaralı qardaş-bacılarımızın müalicəsi üçün bütün şərait var. İstər paytaxt Bakıda, istərsə də digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaralılar üçün çarpayılar ayrılıb. Prezident İlham Əliyev onu da bildirib ki, ehtiyac olduğu təqdirdə, bizim xəstəxanalarda zərərçəkmiş xəstələri qəbul etməyə canla-başla hazırıq.

Biz artıq deyə bilərik ki, Türkiyə-Azərbaycan bir yumruq kimidir, ayrılmazdır. İki dövlət, bir millətin ürəyi bir döyünür. Bu həm dövlət rəhbərləri səviyyəsində, həm də vətəndaşlar arasında belədir. Belə ağır və çətin gündə Türkiyəyə fasiləsiz olaraq dəstək olmaq Azərbaycan üçün şərəfli işdir.

Türkiyənin kədəri bizim kədərimizdir. Bu dəhşətli fəlakət nəticəsində türk qardaşlarımıza başsağlığı veririk, Allahdan dünyasını dəyişənlərə rəhmət, yaxınlarına səbr, yaralılara şəfa diləyirik. İnanırıq ki, bu hadisə qardaş xalqımızı sarsıtmayacaq və Türkiyə kimi qüdrətli dövlətinin iradəsinə təsir etməyəcək.

Əliikram Ələkbərzadə,
YAP Xətai rayon təşkilatının “Xudu Məmmədov 3” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər