Ermənistanda qazan qaynayır: İki “qoçdan” hansının başı bişəcək?..
Cənubi Qafqazın tarixində daha bir hadisə baş verdi. Avropa İttifaqının yarımhərbi, yarımmülki missiyası Ermənistana gəldi. Ermənistanın özündə müxtəlif reaksiyalar doğuran bu olay üç əsr ermənilərə himayə göstərmiş, ac və köçkün haylara yüz illər boyu tonlarla qızıl xərcləmiş, onları real təhlükələrdən qorumuş Rusiya tərəfindən kəskin narazılıqla qarşılandı. Əslində ermənilərin bu üzüdönüklüyünün heç bir səbəbi yox idi. Son vaxtlara qədər bir çox tanınmış Rusiya siyasətçiləri, dövlətdə yüksək mənsəblər tutmuş məmurlar, ermənipərəst dairələr Ermənistanı birmənalı müdafiə edir, onun bu cür düşünülməmiş radikal addım atacağına, daha doğrusu, hər şeyin üstündən xəttə çəkib xəyanət edəcəyinə inanmırdılar. Lakin üç gündür ki, onların təəssüfü qəzəbə və nifrətə çevrilib. Rusiya dövləti və ictimaiyyəti Ermənistanın xəyanətini qəzəblə qarşılayır.
İlk belə mövqe Rusiya Xarici İşlər Nazirliyi (XİN) tərəfindən bildirildi. Nazirliyin rəsmi təmsilçisi Mariya Zaxarova ölkəsinin mövqeyini açıqlayarkən, Kremlin Avropa İttifaqı müşahidəçilərinin regiona gəlişinin yalnız mülki xarakter daşıdığına inanmadığını vurğulayıb. Bildirib ki, bu missiya Avropa İttifaqının təhlükəsizlik və müdafiə üzrə ümumi siyasəti çərçivəsində yaradılıb. Ona görə də Rusiya bu missiyaya məhz bu istiqamət üzrə yanaşacaq.
Mariya Zaxarova vurğulayıb ki, Qərbin, o cümlədən də Avropa İttifaqının Rusiya ilə hərbi müttəfiq olan Ermənistanda nəyin bahasına olursa-olsun möhkəmlənmək cəhdləri ilk dəfə deyil. Rusiya rəsmisi hesab edir ki, bu cəhdlər Cənubi Qafqazda münasibətlərin normallaşdırılması niyyətindən uzaqdır və daha çox geopolitik hədəflərə istiqamətlənib: “Qərb Rusiyanın Cənubi Qafqazda əsas təhlükəsizlik təminatçısı rolunun zəiflədilməsi və regiondan sıxışdırılıb çıxarılması üçün əlindən gələn hər şeyi edir”.
Maraqlıdır ki, Avropa Birliyinin göndərdiyi mülki missiyanın tərkibi barədə verilən bəzi məlumatlar Kremlin narahatlığına haqq qazandırır. Belə ki, bu missiyada vaxtilə Qərb ölkələrinin hərbi kəşfiyyat qurumlarında fəaliyyət göstərmiş peşəkarların yer aldığı heç kimə sirr deyil. Elə 100 nəfərlik qrupun 15 nəfərinin keçmiş Almaniya polisləri, 8 nəfərinin isə fransız jandarmları olması da olduqca müəmmalı məqamdır.
Avropa Komissiyasının məlumatlarına əsasən, personal 100 nəfərdən, o cümlədən 50-ə yaxın mülki müşahidəçidən ibarət olacaq. Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru fransız Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək. Missiyanın ilkin mandatı iki ili əhatə edir. Bu missiyada Qərb ölkələrinin hərbi kəşfiyyatçılarının təmsil olunduğu da artıq elə bir ciddi şübhə doğurmur.
Vurğulamaq lazımdır ki, bu təşəbbüsün arxasından qatı ermənipərəst “fransız xoruzu”nun qırmızı quyruğu aydın görünür. Sirr deyil ki, Avropada Fransadan başqa Cənubi Qafqaza gəlməyə bu qədər can atan ikinci ölkə yoxdur. Açıq desək, missiya Azərbaycana qarşı hansısa təxribatçı planın da içində yer ala bilər. Odur ki, Bakının monitorinqi diqqətlə izləməklə yanaşı, lazım gələrsə, ona adekvat reaksiya verəcəyi şübhəsizdir. Azərbaycan əvvəldən həmin missiyayanı qəbul etməyib və öz ərazisində monitorinq aparmağı qadağan edib.
Hadisənin yaratdığı başqa bir maraqlı məqam tərkibində fransız və alman polislərinin də yer aldığı avropalı müşahidəçilərin Ermənistandakı Rusiya hərbi qüvvələri ilə toqquşma ehtimalı ilə bağlıdır. Çünki missiyanın əsas məqsədi Ermənistandakı Rusiya hərbi qüvvələrinin potensialını öyrənməkdir. Bir vacib məsələni də qeyd etmək yerinə düşər ki, Ermənistan ərazisində lövbər salmış Fransa Ermənistanın təhlükəsizliyinə təminat verməyi öz öhdəsinə götürməyib. Digərləri də onun kimi. Yəni, hazırda Ermənistan Rusiya ilə qarşı-qarşıya və təkbətək qalıb. O Ermənistan ki, Birinci və İkinci Qarabağ müharibələrində Rusiyanın köhnəlmiş silah-sursatları və texnikaları ilə silahlanmışdı. Məlum olduğu kimi, Rusiyanın forpost ölkədə 102-ci Gümrü hərbi bazası, Türkiyə və İran arasındakı sərhəd qoşunları, 15 min nəfərlik sülhməramlı qüvvələri var. Hələ demirik ki, Ermənistan ordusunun bir çox general və polkovnikləri gizli şəbəkədə birləşərək Rusiyaya casusluq edirlər.
Əvvəldən də gözlənildiyi kimi, Rusiya XİN Avropa İttifaqının missiyasına sərt reaksiya göstərib. Bunu Moskvanı regiondan tamamilə sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirib. Bu, mülahizə deyil, həqiqətdə də belədir. Gözləniləndir ki, ziddiyyətlər sürətlə artacaq və pik nöqtəyə yüksələcəkdir. Silahlı müdaxilənin də baş verməsi gözləniləndir. Artıq Ermənistanda qazan qaynayır. Görək bu qazanda olan iki qocdan hansının başı bişəcək?…

