Gündəm 

Ulu öndər Heydər Əliyev fenomeninin dövlətçilik fəlsəfəsi

“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya  birliyində özünə  layiq yer tutubdur. Azərbaycanın  dövlət bayrağı  bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında  dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır  və daim dalğalanacaqdır,  bu yüksəkliklərə  qalxmış bayraq  bundan sonra heç  vaxt  enməyəcəkdir”. Bu müdrik kəlamın müəllifi olan  Ulu öndər Heydər Əliyevin  “Azərbaycan Respublikasının dövlət  müstəqilliyi  haqqında”  Konstitusiya Aktının  qəbul olunmasının  10-cu ildönümünə  həsr olunmuş  Respublika  sarayında keçirilən  zirvə tədbirində -təntənəli mərasimdə nitqindən ( 17 oktyabr 2001)

Müxtəlif vaxtlarda xalqımız çətin və kəşməkəşli həyat yolu keçmiş və bu sınaqlardan həmişə üzüağ çıxmışdır. Ölkəmizin şərqlə-qərb arasında olduqca strateji nöqtədə yerləşməsi dünya  dövlətlərinin diqqətindən yayınmamışdır. Azərbaycana  yağlı tikə kimi göz dikən qonşularımız  hər vəchlə  çalışmışlar ki, min bir hiylə qurub  bu zəngin diyarı qəsb etsinlər. Ancaq çox şükürlər olsun ki, ulu yaradan çətin vaxtlarda xalqımıza uzaqgörən, müdrik bir rəhbər göndərmişdir.

XX əsr müstəqillik tariximizin yaddaşında Heydər Əliyev fenomeni özünə məxsus yer tutmuşdur. Hələ  90-cı illərin əvvəllərin də  müstəqilliyinə yenicə qovuşmuş Azərbaycan xalqını qarşıda çətin və məşəqqətli  illər  gözləyirdi.  Bir tərəfdən keçmiş SSR–nin varisi  Rusiya kimi nəhəng qonşumuz, digər tərəfdən cənubdan seperatçılığı dəstəkləyən İran İslam Respublikası, daxildən isə dövləti parçalamağı qarşılarına məqsəd qoymuş bir çox ölkələrin siyasətinə xidmət edən qruplar hakimiyyət uğrunda mübarizə aparırdılar.

1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan bu gənc respublika dövlətçiliyini  itirmək təhlükəsi  yaşayırdı. Erməni işğalçıları tərəfindən torpaqlarımızın bir hissəsinin zəbt edilməsi, eyni zamanda daxili intriqalar hakimiyyət böhranını dərinləşdirirdi.  Belə olan halda  xalq öz xilaskarına  üz tutdu. Beləliklə, 1993-cü ilin iyunun 9-da xalqın təkidi və tələbi ilə ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Xalqımız bu qanlı-qadalı günləri geridə buraxdı. Xalqını canından belə çox sevən bu müdrik siyasətçi dəhşətli  hadisələrin gözlənilən  bəlalarından xalqımızı zamanındaca xilas etdi.

Hələ 1993-cü ilin iyunun 4-də Gəncədə baş vermiş qiyam hakimiyyətə qarşı itaətsizlik göstərməklə ölkəni tamamilə xaosa sürükləyirdi. Belə bir vaxtda Bakıya qayıdandan  sonra Surət Hüseynovla danışıqlar aparmaq  məqsədilə Gəncəyə yola düşən  Ulu öndər Heydər Əliyev Milli Məclisin iclasında bu hadisələrlə bağlı məlumat verdi.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bütün çətinliklərə baxmayaraq o, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.  Beləliklə, 15 iyun Azərbaycanın tarixinə  “Milli Qurtuluş Günü” kimi daxil oldu və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilməyə başlandı.

Həmin dövrdə müstəqillik qazanmağımız ilkin şərt idisə, ən vacib məsələ onu qoruyub inkişaf etdirmək və baş verəcək təhlükələrdən qorumaq idi.

Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin fəlsəfəsini yaratdı. Ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Məhz belə mürəkkəb şəraitdə ümummilli lider Heydər Əliyevin siyasi iradəsi Azərbaycanın Dövlət Müstəqilliyinin qarantına çevrildi.
1993-cü ilin iyunun 24-də yaranmış mürəkkəb proseslərlə bağlı Əbülfəz  Elçibəy Bakını tərk etdiyinə görə, Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qarşıda hələ görülməli mühüm  tədbirlər-Dövlət Müstəqilliyinin təmin olunması, xalqı düçar olduğu müharibədən sülh danışıqları yolu ilə qurtarmaq üçün daxili və xarici siyasəti həyata keçirmək, dağıdılmış və talanmış iqtisadiyyatı bərpa etmək dayanırdı.

Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən o dövrdəki Müdafiə nazirinin müavini separatçı Əlikram Hümbətovun rəhbərliyi ilə Lənkəranda qondarma “Talış-Muğan Respublikası” qurulmasının, eyni zamanda şimal ərazisində separatçı qüvvələrin müqavimətinin qarşısı vaxtında alındı. Xalq öz liderini ölkə başçısı görmək arzusunda idi. Bu məqsədlə 1993-cü ilin oktyabr ayının 3-də ulu öndər Heydər Əliyev ümumxalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Qısa zamanda Ulu Öndərin siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti və uzaqgörənliyi  ilə ölkədəki böhrana  son qoyuldu. Onun ilk vacib  qərarlarından biri işğalçı Ermənistanla müvəqqəti sülh sazişinin bağlanması oldu. 1994-cü ilin may ayının 12-də Bişkekdə  atəşkəs əldə edildi. Atəşkəsin mühüm əhəmiyyəti ondan ibarət idi ki, dövlətin inkişafına  əngəl törədən maneələr aradan qaldırılsın, ordu quruculuğuna başlanılsın və bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndirilsin.

İqtisadi və enerji təhlükəsizliyinin qarantı kimi 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin Müqaviləsi” və onun gerçəkləşdirilməsi, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan “Hasilatın pay bölgüsü” müqaviləsi sonradan Azərbaycana xeyli dividentlər gətirəcəkdi. “Əsrin Müqaviləsi”ndə dünyanın 8 ölkəsi (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Yaponiya, Norveç və Səudiyyə Ərəbistanı) iştirak etmişdir.

“Əsrin Müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birlikdə işlərə başlanıldı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. “Əsrin Müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. 1997-ci ildə Çiraq neft hasilatına başlanıldı.

Ulu Öndərin xidmətləri hesaba gəlməz. Bununla bağlı saatlarla danışsaq belə azdır. Heydər Əliyev  fenomeninin  dövlətçiliyimizə  verdiyi töhvə bu gündə özünün inkişaf mərhələsini yaşayır. Prezident  İlham Əliyevin Heydər Əliyev siyasətinə sadiqliyi və bu xətti rasinal hədəflərə kökləməsi dövlətimizə xeyli dividentlər qazandıracaqdır. Cənab Prezident İlham Əliyev  30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edərək  Müzəffər Ali Baş Komandan adını qazandı. Bu gün Azərbaycan xalqı hamılıqla bu qələbənin sevincini yaşayır.

Biz  inanırıq ki, hələ bundan sonrada Prezident  İlham Əliyev  xalqımızın dəstəyi ilə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək, böyük naliyyətlərə imza atacaqdır. Azərbaycan azad, müstəqil, dinamik inkişaf edən ölkələr sırasında həmişə  öz liderliyini  qoruyub  saxlayacaqdır.

Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi

Daha çox xəbərlər