Gündəm 

Əks halda…

Ordumuz xain düşmənin layiqli cavabını verməyə hər zaman hazırdır

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların son bir neçə gün ərzində atəşkəsi pozaraq vəziyyəti gərginləşdirmək cəhdlərinin ardınca martın 5-də törətdikləri təxribat 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın həm Ermənistan, həm də Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən kobud şəkildə pozulmasıdır. Ordumuzun iki əsgərinin şəhid olması ilə nəticələnən qanlı cinayət Azərbaycan tərəfindən adekvat tədbirlərin görülməsi zərurətini yaradır və heç kəsin şübhəsi olmasın ki, Silahlı Qüvvələrimiz xain düşmənin layiqli cavabını verməyə hər zaman hazırdır.

Məlum olduğu kimi, Xankəndi-Laçın yolundan öz çirkin məqsədləri üçün istifadə imkanlarından məhrum olan separatçılar son günlər mütəmadi olaraq alternativ Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu vasitəsilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin daşınmasının həyata keçirməklə məşğul olublar. Bu barədə daxil olan operativ məlumatın yoxlanması məqsədilə martın 5-də qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Bu zaman qarşı tərəfdən atəş açılıb və qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Silahlı Qüvvələrimizin iki hərbçisi –Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Baş verən atışma zamanı erməni təxribatçılardan polkovnik Armen Babayan, mayor Davit Danielyan və leytenant Ararat Qasparyan məhv edilib, leytenant Davit Hovsepyan isə ağır yaralanıb. Hadisədən dərhal sonra həm Ermənistan tərəfi, həm də Qarabağdakı separatçılar öldürülən erməniləri “iş növbəsinə gedən” “polis əməkdaşları” kimi təqdim etməyə çalışsalar da faktlar düşmənin Laçın yoluna alternativ Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan cinayət məqsədilə istifadə etdiyini və məhv edilən təxribatçıların Qarabağdakı qeyri-qanuni silahlı dəstələrin üzvləri olduğunu təsdiq edir. Əvvəla, ərazinin tanımadan belə xəritə üzərindən araşdırılması göstərir ki, “polis”in, üstəlik də “pasport-masa departamentinin əməkdaşlar”nın hadisənin baş verdiyi yerdə “xidmət aparmaları” üçün nəinki heç bir infrastruktur mövcud deyil, üstəlik heç kim yaşamır. İkincisi, “Caliber” kanalının yaydığı videosübutlardan da aydın olur ki, martın 5-də atışmanın baş verdiyi və Azərbaycan hərbçilərinin həlak olduğu torpaq dolama yol vasitəsilə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silah-sursat və yanacağın daşınması gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə nəqliyyatın hərəkəti müşahidə olunur. 10 noyabr Bəyanatına əsasən isə Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən yeganə yol Laçın yolu olmalı ki, bu da sırf humanitar məqsədlərə xidmət etməlidir. Rəsmi Bakı məhz buna görə bu yolda hərəkətin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb.

Qarabağdakı qeyri-qanuni silahlı erməni separatçılarının Ermənistan tərəfindən silahlandırılması faktını burada yerləşən qondarma qurumun cinayətkar “rəhbər”i Araik Arutyunyan da yanvar ayında “parlament”dəki çıxışı zamanı etiraf etmişdi. O, Azərbaycana qarşı müharibə çağırışlarına cavab olaraq bildirmişdi ki, Qarabağda (yəni separatçıların istifadəsində) olan silah-sursat, texnika heç Ermənistanda da yoxdur. Sual olunur: Humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolu vasitəsilə Ermənistandan daşınmayıbsa hardandır bu qədər silah-sursat? Laçında, Sarıbaba yüksəkliyində hərbçiləriniz tərəfindən aşkarlanmış 2021-ci ildə Ermənistanda istehsal edilmiş külli miqdarda piyadalar əleyhinə minalar özlərimi gəlib Azərbaycan ərazisinə? Hansı ki, həmin minaların partlaması nəticəsində yüzlərlə mülki vətəndaşımız və hərbçimiz ya həyatını itirib, ya da yaralanıb. Ən son martın 4-də daha bir əsgərimiz –Hüseynov Kamran Namiz oğlu xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bəlkə bu qədər silah-sursatı, minaları separatçılara Rusiya sülhməramlıları verib?

Həm yalandan beynəlxalq ictimaiyyəti aldatmağa çalışaraq “sülhə sadiqlikdən” dəm vuran Ermənistanın baş naziri Nikol Paşinyan, həm də üçüncü tərəf olan Rusiya hər fürsətdə 10 noyabr Bəyanatının müddəalarına əməl olunmasının vacibliyindən danışırlar. Elə isə niyə nə Ermənistan, nə də Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Bəyanatın bəndləri üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər? Nəinki Bəyanatın 4-cü bəndinə uyğun olaraq qeyri-qanuni silahlı erməni dəstələri Azərbaycan ərazisindən çıxarılmayıb, əksinə onların daha da güclənmələri üçün cəhdlər edilir. Nə Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin və iki ölkə arasında kommunikasiyaların açılması üçün heç bir praktiki addım atmayıb, nə də Rusiya sülhməramlıları Laçın yolundan yalnız dinc məqsədlər üçün istifadəni təmin etməyib. Elə isə kim və hansı haqla Azərbaycanın öz suveren ərazisində öz qanunlarını tətbiq etmək hüququna qarışa bilər?

Ermənistanın 5 mart təxribatı Rusiya sülhməramlılarının fəaliyyəti haqqında da növbəti suallar yaradır. Başı ermənilərlə alverə qarışan general-mayor Volkov özünü elə aparır ki, guya separatçıların əməllərindən xəbəri yoxdur. Xankəndi-Xəlifəli-Turşsu alternativ yolu ilə silah daşınmasına niyə göz yumulur?

Beləliklə, Ermənistanın 5 mart təxribatı ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında və Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini və regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir. Odur ki, Azərbaycanla Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejimi tətbiq edilməli, bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrası təmin olunmalı, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmalı, erməni silahlı qüvvələri ərazilərimizdən dərhal çıxarılmalıdır. Əks halda müzəffər Azərbaycan Ordusu ermənilərə 2016-cı ilin Aprel döyüşlərini, 2020-ci il 44 günlük Vətən müharibəsini, “Fərrux”, “Qisas” və “Qətiyyətli cavab”əməliyyatlarını praktiki olaraq xatırlatmalı olacaq…

Daha çox xəbərlər