Cəmiyyət 

“Jurnalistikada çalışanların 45-55 faizi qadınlardır” – Əflatun Amaşov

Azərbaycan jurnalistikasında əməkdaşların yarı faizə qədərini, təxminən 45-55 faizini qadınlar təşkil edir. Ancaq təəssüf ki, KİV-də qadın rəhbərlərin sayı azdır.

ARANTV.AZ-ın məlumatına görə, bunu “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mətbuat Şurasında bu məsələni hər zaman müzakirə edirik:

“Mətbuat Şurasının İdarə heyətində çox təəssüf ki, hələlik 2 qadın redaktor təmsil olunur. Ümumiyyətlə Azərbaycan jurnalistikasının işlək qüvvəsi əsasən qadınlardır. Çox təəssüf ki, KİV rəhbərləri arasında qadınlar azdır. Yaxın vaxtlarda bu gün fəaliyyət göstərən qadın jurnalistlər rəhbər olacaq və Azərbaycanda bu sahədə söz sahibinə çevriləcəklər. Bu məsələ bu gün kifayət qədər aktualdır.

Əflatun Amaşov bildirib ki, çox təəssüf ki, cinsi ayrı-seçkiliklə əlaqədar Mətbuat Şurasına da şikayətlər daxil olur:

“İl ərzində cinsi ayrı-seçkiliklə əlaqədar Mətbuat Şurasına 700-ə yaxın şikayət daxil olur. Bunun da 15-20 faizə qədəri qadın istismarına qarşı, bəzi məqamlarda hadisələr baş verərkən, o hadisələrdə iştirak edən qadının rolunun daha çox qabardılması, bəzi məqamlarda onların adının hallanması, hadisələrin şişirdilməsi ilə bağlıdır. Bu sahədə Azərbaycan jurnalistləri ehtiyatla davranmalıdır. Təəssüf ki, bəzi yeni yaranan KİV-lər bu prinsipləri pozur. Bizim də məqsədimiz odur ki, qəbul etdiyimiz gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müddəaları Azərbaycan jurnalistlərinin fəaliyyətinə şamil olunsun, ümumiyyətlə bu mövzuda yazılar yazılarkən, materiallar hazırlanarkən kifayət qədər ehtiyatla davranılsın”.

METBUAT.AZ

Daha çox xəbərlər