Qeyri-formal məşğulluqla mübarizə: Nəticə varmı?
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti dövründə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində əmək müqaviləsi bildirişlərinin sayı 37 faiz artıb. Bu barədə Komissiyanın növbəti iclasında məlumat verilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,8 min nəfər və ya 1,5 faiz artaraq 1 milyon 733,9 min nəfər olub. Onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Əvvəlki illə müqayisədə dövlət sektorunda işləyənlərin sayında azalma, qeyri-dövlət sektorunda isə artım olub.
Ötən il qeyri-dövlət sektorunda çalışanların əsas hissəsi – 38,6 faizi və ya 320,6 min nəfəri ticarət sahəsinin payına düşüb. Bu göstərici əvvəlki illə müqayisədə 5,1 min nəfər çoxdur. Ümumilikdə isə ötən il iqtisadiyyatın qeyri-dövlət sektorunda tikinti istisna olmaqla bütün sahələrdə işləyənlərin sayı artıb.
Qeyri-formal məşğulluğun qeyri-dövlət sektoru üçün aktual olmasını nəzərə alanda bu sektor üzrə işçilərin sayının artması həm də əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi hesab edilməlidir.
Hərçənd ki, iqtisadiyyatın böyüməsi, yeni sahibkarlıq subyektlərinin yaranması da iş yerlərinin yaradılması ilə nəticələnir. Rəsmi statistikaya görə, 2022-ci il ərzində ölkədə ümumilikdə 71,3 min yeni iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 8,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Yeni açılmış iş yerlərinin 90 faizə yaxının mövcud müəssisə və təşkilatlarda yaradılması iş yerləri ilə bağlı statistikada qeyri-formal məşğulluqla mübarizənin əhəmiyyətli olmasından xəbər verir.
Qeyd edək ki, əmək sahəsinə dair milli qanunvericiliyə və sosial sığorta sahəsinə aid normativ-hüquqi aktlara cavab verməyən əmək münasibətləri qeyri-formal məşğulluq hesab edilir. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi qeyri-formal məşğulluğa gətirib çıxarır ki, bu da faktiki olaraq işləyəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminə qeydiyyatdan məhrum edir. Halbuki, fərdi uçot sistemi müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq, sığortaolunanlar haqqında məlumatların uçotunun təşkili və aparılmasına xidmət etməklə yanaşı, işsizlikdən sığortadan yararlanmaq və hər bir işləyən şəxsə öz pensiya kapitalını toplamaq imkanı verir. Bununla da o, gələcəkdə əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırmış olur. Əks halda qeyri-formal məşğulluq işçinin gələcəkdə əmək pensiyası ilə təminatını sual altında qoyur.
Qeyri-formal məşğulluq bununla yanaşı, işçini işəgötürənin qarşısındakı hüquqlarından məhrum edir. Qeyri-formal məşğulluq qeydiyyatsız özünüməşğulluğu (əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsi) da əhatə edir ki, bu halda da müstəqil surətdə özünü işlə təmin edən şəxs fərdi uçot sisteminə qeydiyyatda durmadığından gələcəkdə əmək pensiyası almaq və digər sosial müdafiə təminatından istifadə imkanları da məhdudlaşmış olur.
Sadalananların əsas səbəbi isə bəzi istehsal və xidmət müəssisələrinin ikili mühasibatlıq sistemi yaratmaları vasitəsilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınmaları hesab edilir. Məsələ burasındadır ki, qeyri-formal məşğulluq əhalinin gələcəkdə əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün maddi baza yaradılmasına əngəl törətməklə yanaşı, vergidən yayınmaya da səbəb olur. Belə ki, bu cür fəaliyyət işçilərin də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarından, eyni zamanda, fiziki şəxslərin gəlir vergisindən yayınmalarına şərait yaradır.
Bütün bunların qarşısını almaq məqsədilə 2017-ci ildən etibarən genişmiqyaslı tədbirlərin keçirilməsinə başlanılıb. Bu məqsədlə Prezident İlham Əliyev 9 oktyabr 2017-ci ildə “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın məqsədi ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsidir. Bir sözlə, bu sənəd qeyri-formal məşğulluqla mübarizənin lokomotivi olmaqla həyata keçirilməli olan tədbirlərin miqyasını daha da artırır.

