Sülh prosesinə qarşı sabotajlar başladı: Ermənistanı kim fitvalayır – Rusiya, yoxsa…
Sülh prosesi ilə bağlı yeni mərhələ başlayıb. Bununla paralel olaraq da sülh prosesinə, danışıqlarına qarşı sabotajlar da açıq şəkildə müşahidə olunur. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair yeni təkliflərin mübadiləsi həyata keçirilir.
Azərbaycan bəyan edir ki, sülh prosesi üçün əlindən gələn nə varsa edir. Bunu əməlimizlə də təsdiqləyirik.
Yeri gəlmişkən, Prezident İlham Əliyev son olaraq Almaniyada da bu məsələyə xüsusi toxunub. O deyib ki, sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı Azərbaycandır, bu məqsədlə Azərbaycan tərəfindən 5 prinsip irəli sürülüb: “Hazırda sülh müqaviləsinin imzalanması istiqamətində tərəflər arasında təmaslar davam etdirilir”.
Prezident İlham Əliyev Azərbaycanın Şarl Mişelin təşəbbüsü ilə başladılmış Brüssel gündəliyinə sadiqliyini bir daha ifadə edib. Qeyd olunub ki, Brüssel platforması əsasında qəbul edilmiş bəyanatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının əsasını təşkil edir.
“Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir. Biz beynəlxalq hüquqa əsaslanan və bizim mövqeyimizə görə sülh sazişinin əsasını təşkil etməli olan beş prinsip işləyib hazırlamışıq”, – dövlət başçısı qeyd edib.
Prezident deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi 5 prinsip əsasında imzalana bilər. O, məhz bu əsnada aparılan görüşlərdə, qəbul edilən bəyanatlarda sülh müqaviləsinin və sülh gündəliyi platformasının müəyyən olunduğunu diqqətə çatdırıb: “Azərbaycanın mövqeyi iki yanaşmadan ibarətdir. Birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir”.
Azərbaycanın bu pozitiv və səmimi davranışının qarşılığında isə Ermənistan növbəti dəfə təxribatlara, sabotajlara başlayıb. Artıq neçə gündür ki, Ordumuzun mövqeləri atəşə tutulur.
Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.
MN-dən verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bununla paralel olaraq, Ermənistan sanki sülhə yox, növbəti müharibəyə hazırlaşdığının anonsunu verir. Belə ki, Ermənistan ikinci və üçüncü müdafiə xətlərini gücləndirmək üçün yeni səngərlər qazır.
Səngərlərin qazılması ilə bağlı görüntülər Ermənistanın VOMA terror təşkilatının Teleqram kanalında yayımlanıb.
Paylaşımda qeyd edilir ki, müxtəlif istiqamətlərdə 25 atəş nöqtəsi inşa olunub. Daha 25-nin də tikintisi davam etdirilir.
Bu arada Xankəndidəki separatçı rejim də Prezident Administrasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib.
Separatçılar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi və humanitar, infrastruktur, texniki məsələləri müzakirə etmək istədiklərini bildirib.
İddia ediblər ki, “Qarabağ münaqişəsi” hələ də mövcuddur və erməni əhalisinin “hüquq və təhlükəsizliyi beynəlxalq təminatlar olduğu halda mümkün ola bilər”.
Beləliklə, ortaya çıxan mənzərə bundan ibarətdir ki, Ermənistan növbəti dəfə sülh prosesinə qarşı sabotaja başlayıb. Nəzərə çatdıraq ki, 2022-ci ilin avqustunda da artıq sülh müqaviləsinin imzalanacağına dair açıqlamalar gəldiyi bir vaxtda sərhəd boyunca atəşkəs rejimini pozmağa başladı və ardınca sentyabr döyüşləri başladı. Bununla da sülh prosesi pozuldu.
Hazırda sülh danışıqlarının yeni mərhələsində də təxminən oxşar mənzərə müşahidə olunur.
Mövcud durum nə vəd edir? Ermənistan hazırda bu təxribatları özbaşına edir, yoxsa onu yenə də kənar qüvvələr buna vadar, sövq edir? Bu dəfə fitvaçı kimdir? Rusiya yoxsa Qərbdəki Cənubi Qafqazda sülh olmasını istəməyən dairələr?
Elman Nəsirov: “Sülhdən yayınsalar, üçüncü Qarabağ müharibəsi başlaya bilər”
YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a bir sıra diqqətçəkən anonslar verdi: “2023-cü ildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Əks halda, III Qarabağ müharibəsi başlaya bilər. Bu günlər Cənubi Qafqazda yaşanan proseslər, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atılan və atılmayan addımların xarakterini təhlil etdikdə bu sualın təsadüfən yaranmadığı qənaətinə gəlmək olar. Məsələ ondadır ki, Azərbaycan Prezidenti dəfələrlə, eyni zamanda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Blinkenin vasitəsilə Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə bir daha vurğuladı ki, Azərbaycan sülh müqaviləsi imzalamaq istəyir, regionda uzunmüddətli və dayanıqlı sülhün olmasında maraqlıdır və bu məqsədlə də sülhün əldə edilməsi üçün beş baza prinsipi irəli sürüb, Ermənistandan da bu istiqamətdə müəyyən təkliflər gəlib, biz çox ümid bəsləyirik ki, 2023-cü ildə nəhayət ki, regionumuza sülh gələcək. Azərbaycan Prezidentinin mövqeyi belədir. Prinsip etibarı ilə Ermənistan siyasi rəhbərliyi də bunun əleyhinə olmadığını bildirib. Onlar da sülh müqaviləsinin imzalanmasında maraqlı olduqlarını ifadə ediblər. Amma müəyyən həllini tapmalı olan məsələlərin gündəmdə olmasına da işarə ediblər. Bu Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, hüquqları ilə bağlı məsələlərdir. Bir sözlə, prinsip etibarı ilə tərəflər sülhdə maraqlı olduqlarını bildiriblər. Bu məntiqə söykənsək, bu il müqavilə imzalana bilər. Amma qeyd etdiyimiz kimi, müharibə ehtimalı da real görünür. Bunu da şərtləndirən real əsaslar mövcuddur. İlk növbədə, belə qənaətə gəlməyə əsas verən amil onunla bağlıdır ki, Ermənistan ikinci, üçüncü xətlər çəkir, müharibə istehkamları qurur, səngərlər qazır. Bu da müəyyən hərbi əməliyyatlara hazırlığın elementidir. Bundan əlavə, erməni tərəfi sərhəddə atəşkəsi intensiv şəkildə pozmaqla məşğuldur. Martın 13-dən 14-nə keçən gecə də dəfələrlə atəşkəsi pozublar. Xocalı istiqamətində Qarabağdakı separatçı ermənilərin də hərbi insidentlər törətdikləri haqda Müdafiə Nazirliyimiz məlumat yayıb. Bu reallıqlar fonunda Azərbaycan tərəfin təşəbbüsü ilə martın 5-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında, Xocalıda Azərbaycan tərəfin nümayəndəsinin iştirakı ilə məlum görüş baş tutdu. Bundan əlavə, Prezident Administrasiyasının təşəbbüsü ilə bu tipli görüşün Bakı şəhərində keçirilməsi ideyası ortaya atıldı. Amma biz gördük ki, Qarabağdakı separatçı rejim bu danışıqlardan imtina etdi. Bu da sülhə deyil, müharibəyə aparan yoldur. Ermənistan son zamanlar Hindistan və İrandan silahlar almaqla bağlı addımlar atır. Bunun da arxasında konkret niyyətlər dayanmamış deyil. Vəziyyət artıq ötən ilin avqustundakı vəziyyətə oxşayır. O zaman da ermənilər tez-tez təxribatlara əl atırdılar. Sonda sentyabr ayında hərbi əməliyyatlar baş verdi. Son vaxtlardakı Paşinyanın bəyanatları heç də revanşistlərin bəyanatlarından fərqlənmir. O zaman da sual yaranır ki, II Qarabağ savaşında darmadağın olan kapitulyant, 10 mindən çox fərarisi olan bir ölkəyə bu cürət haradan gəlib? İndiki halda Rusiya-Ermənistan münasibətləri kifayət qədər qəlizdir. Kremldə diqqətlə izləyirlər ki, Paşinyan iqtidarı konkret olaraq KTMT-dən çıxmaq istəyir, eyni zamanda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ləğvinə çalışır. Qərbə yönəlik də intensiv davranışlar sərgilənir. Bunun fonunda Qərbdəki bəzi dairələr, İrandakı molla rejimi Ermənistanın arxasında dayanır, ona dəstək verir. Belə olan vəziyyətdə də cənub qonşumuz yavaş-yavaş ağlını itirməyə başlayıb, gələcəkdə özünün məhv olmasının planlarını hazırlayır. Ali Baş Komandanımız dəfələrlə Ermənistan rəhbərliyinə bildirib ki, biz sülh istəyirik, amma bu olmayacaqsa, bizim güc tətbiqimizdən başqa çarəmiz qalmayacaq. Bu da nəticə etibarı ilə Ermənistanın sonunun başlanğıcı ola bilər. Ermənistan siyasi rəhbərliyi papağını qarşısına qoyub yaxşı fikirləşməlidir. Əksi müharibədir. Bu müharibə isə ermənilər üçün sözün həqiqi mənasında dəhşətli bir fəlakət ola bilər”.
Elxan Şahinoğlu: “Antiterror əməliyyatları həyata keçirmək məcburiyyətində qala bilərik”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sülh prosesinin yenə də dalana dirəndiyini qeyd etdi: “Nikol Paşinyanın mətbuat konfrasında dediklərindən bu qənaətə gəlmək olar ki, o, sülh sazişini imzalamaq istəmir, buna hazır deyil. Müxtəlif bəhanələr gətirir. Üstəgəl, Brüssel formatından da narazıdır. Ona görə ki, Fransanı da proseslərə dürtmək istəyir. Hətta belə bir təklif də verir ki, Amerika, Almaniya da bu formatda yer alsın. Bir sözlə, ikinci bir Minsk Qrupu yaratmaq istəyir. Onun ağlından bu keçir. Ona görə də bu məsələlər ləngiyir. Bu arada da bölgədə gərginlik artır, atəşkəs pozulur. Bunun özü də bizim üçün ciddi təhdiddir. Keçmişdə də belə edirdilər və cavabını alırdılar. 2016-cı ilin aprelində də təxribat törətdilər və cavabını aldılar. 2020-ci ilin iyun ayında Tovuzda atəşkəsi pozdular və bunun da cavabını aldılar. Bununla müharibəni yaxınlaşdırdılar və nəticədə sentyabrda müharibə başladı. Hadisələr sanki yenə də buna doğru gedir. Sülh sazişinin uzadılması, təxribatların artması bölgədə yeni toqquşma ehtimalını artırır. Üstəlik, Azərbaycanın qarşısında duran əsas hədəf Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasıdır. Bunu İlham Əliyev Almaniyaya səfəri zamanı açıq şəkildə səsləndirdi. Bundan daha əvvəl Münhen Təhlükəsizlik Konfrasında bunu demişdi. Elə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin, ombudsmanın son açıqlamalarında da bu məqamlar var ki, biz bunu yaxın müddətdə edəcəyik, Ermənistan istəsə də, istəməsə də. Düşünürəm ki, indiki vəziyyətdə gərginliyin artması fonunda böyük müharibə olmasa belə, Qarabağda müxtəlif toqquşmalar ola bilər. Təxribatlar davam edərsə, biz antiterror əməliyyatları həyata keçirmək məcburiyyətində qala bilərik. Üstəgəl, ermənilər Laçın yolunun xaricində də silah-sursat daşıyırlar. Bu istiqamətdə də biz fəaliyyətimizi artırıb, bu yolları nəzarətə götürməliyik”.