Region Xəbərləri 

Novruz bayramı milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümüdür

Məlum olduğu kimi, Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qədim adət-ənənələrinə, tariximizə, milli-mədəni irsimizə hər zaman böyük dəyər verib. Təsadüfi deyil ki, sovet hakimiyyəti illərində qeyd olunmasına sərt qadağa qoyulduğu Novruz bayramının uzun illərdən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd olunmasına başlanması da məhz həmin ildə ümummilli lider Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişi sayəsində mümkün olmuşdu. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramı yenidən milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başladı.
Ulu Öndər Heydər Əliyev hələ 1998-ci ildə demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini də yerinə yetirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Azərbaycan xalqının hazırda qeyd etməyə hazırlaşdığı Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bir sözlə, təbiət canlanır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.
Siyasətdə bayramlaşma təcrübəsi: qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Novruz bayramı münasibətilə ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.
Novruz fəlsəfəsi: dörd ünsür, dörd bayram çərşənbəsi. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramının özünəməxsus adətləri var. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə, süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.
Novruz ənənələri incəsənətimizdə də yer alıb. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib.
Novruz bütün ölkədə aşıqların, xanəndələrin, müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Daha çox xəbərlər