Region Xəbərləri 

Qaçıb kəndimizə getməyim gəlir

Hər bahar gələndə kövrəlirəm mən,
Qaçıb kəndimizə getməyim gəlir.
2024-cü ilin may ayı. Bu bahar sabahı kəndimizə gedirəm. Dan yeri sökülür…
Yaxın qohum-əqrabalarımla Ağdama, Kolanı elinə üz tuturuq. Qəlbi Vətənlə döyünən hər kəs adından yazıram. Xüsusi ilə də köçkün düşərək, illərlə doğmalaşan Bərdədə məskunlaşlaşan, böyüyüb, boya-başa çatan Fidan adından yazıram.
Yolumuz Qarabağadır… içimdə bir təlatüm, üzümdə sevinc, qəlbimdə gizlətdiyim kədər yol boyu məni izlədi…İllərlə həsrətin çəkdiyim görüşə tələsirəm. Doğma ata-baba ocağıma 31 il sonra getmək qismətmiş. Ağdama əslində bu 31 ildə milyon dəfə getmişəm…amma ərşə çəkilən yuxularımda.. Hələ uşaqkən ayrıldığım bu torpaq həmişə məni özünə tərəf çəkirdi…Sönməyən arzularımın önündə evimizi bircə dəfə də olsa görmək dayanırdı..
Kəndə doğru gedirik…Yolboyu hər tərəfdə erməni vəhşiliyinin şahidi oluruq. Axı düşmən yerlə -yeksan etdiyi bu şəhərdən nə istəyib görəsən? Bu sualım hər dəfə cavabsız qalır. İzlədikcə gözümdən axan yaşlar qəlbimin ağrı-acısının simgəsidir…
Beynimdən yüzlərlə fikir keçir…Cavabsız suallarım daha da həyəcanlandırır məni…Tanıyacaqmı görəsən kəndim öz övladını? Bir neçə gün öncə “get, amma xəyallarında yaşatdığın kənddən, evdən əsər əlamət yoxdur. Sinəsinə dağ basıblar kəndimizin”dedilər.
Yolumuza davam edirik…Yaxınlaşdıqca sanki nənəmin təndirə yapdığı çörəyin ətri gəlir burnuma…Həyətdə oynayan uşaqların səsi qulağımdan getmir. Yamanca tələsirəm mən.
Baxın ! Qalayçılar… Salam …Bir daha salam doğma kəndim…Səni tək öz adımdan deyil, Qarabağdan köçkün düşən bir milyon qəlbi yaralı soydaşım adından salamlayıram… Gəlmişik, bax! Evimizə gəlmişik… İllərlə qovrula -qovrula həsrətin çəkdiyimiz torpağımıza gəlmişik.
Kənd boyu irəliyə getdikcə anamdan baba evimin yerini soruşuram tez-tez.
Budur: yolun sol tərəfində gözüm axtardığı həmin o ev-baba ocağım.
Şükür bu günümüzə!
Gəlmişəm. Bu mənəm- o kiçik Fidan… tanıdınmı? Övladın gəlib…Açıb qollarımı sarılıram sənə…Parçalanmış daşına , qurumuş ağaclarına…Sanki heç unutmamışdı məni kəndim.
Ürkək addımlarla darvazadan içəri addım-addım həyətə daxil oluram. Xoş gəlmisiniz babamgilə!
Bu, babamın evidir…Atamın böyüyüb boya-başa çatdığı həmin ev…
Salam, mənim isti ocağım! Bizi bağışla, babamsız gəlmişik…Çox babalar kimi mənimkilər də dözmədi bu ayrılığa.
Evimizdən sadəcə uçmuş divarlar deyil, bir də həyətimizdəki əncir ağacı quruyub qalmışdı.
Yaxınlaşıram evə…Astaca evin uçuq divarlarında əlimi gəzdirirəm…Pıçıltı ilə”həsrət bitdi” deyib, dərdləşirəm doğma ocağımızla. Səndən ayrı yaşadığım 31 ildən danışım? Yoxsa didərgin düşdüyümüz o günlərdən? Yoxsa ayrılığına dözə bilməyib dünyasını dəyişənlərdən? Yox, yox… danışmıram. İtkinin yükü ağır olar. Səni bu yüklə ikinci dəfə yükləmək istəmirəm.
Düşmən uşaqlığımı-bu kənddə, bu evdə keçirəcəyim ən xoş anları aldı məndən. Ancaq erməni vandalizmi də xatirələrimi əlimdən ala bilmədi….
23 iyul 1993-20 noyabr 2020-ci il…Bir ömrə sığmayan tarix.
Qaraman dağına üz tuturam: Ey Qaraman dağı! Sən şahidsən yaşadığımız tarixə!
Bir daha şahid ol!
Biz əbədi qayıtdıq!
Bu mənim xatirələrimdir, ardını siz söyləyin.

ARDI VAR….

Nəsirli Fidan Elburus qızı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi, Ağdam rayon sakini

Daha çox xəbərlər