Gündəm 

Nikol Paşinyan sülh danışıqlarından niyə boyun qaçırır?

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir. Milli maraqların təmin edilməsinə uyğun siyasət yürüdən, bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı mənfəət əsasında quran ölkəmiz Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması, eləcə də bölgədə sabitliyin və təhlükəsizliyin davamlı olması üçün mühüm addımlar atır.

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması, iki ölkə arasında şərti dövlət sərhədinin delimitasiyası, demarkasiyası, yekun sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı danışıqları davam etdirmək əzmindədir.

Çox təəssüf ki, rəsmi İrəvan Qərbdəki bəzi geostrateji güclərin sifarişlərini yerinə yetirərək sülh danışıqlarından yayınır. Məsələ odur ki, əsl reallıqları qiymətləndirə bilməyən Ermənistan hələ də regionumuzdan çox uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayır. Ancaq rəsmi İrəvan nəzərə almalıdır ki, bölgəmizdə yerləşən güclü dövlətlər davamlı olaraq müstəqil siyasət aparıblar. Yersiz, lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib, verməyəcək də. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, regionda yerləşən ölkələrin maraqlarını nəzərə almalıdırlar. Ona görə də Ermənistan səhv addım atmamalıdır. Rəsmi İrəvan, eləcə də ayrı-ayrı qüvvələr yaddan çıxarmamalıdırlar ki, regional məsələlər yalnız bölgə ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Qeyri-regional ölkələrin bu məsələlərə müdaxiləsi qəbuledilməzdir.

Yeri gəlmişkən, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iyulun 22-də keçirilən iclasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro həcmində yardım ayrılmasının təsdiqlənməsi, Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində danışıqların başlanması, eləcə də digər amillər Ermənistanda revanşizm meyllərinin güclənməsinə şərit yaratdığı kimi, regionda sülhün təmin olunmasına mənfi təsir göstərir.

Bu yaxınlarda “Avropa Siyasi Cəmiyyət”inin İngiltərənin Oksford şəhərində keçirilən zirvə toplantısında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi bir daha göstərdi ki, rəsmi İrəvan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Gerçəklik ondan ibarətdir ki, Cənubi Qafqazda geostrateji maraqları olan ayrı-ayrı böyük güclərin alətinə çevrilən Ermənistan siyasi kursunu dəyişərək sülh danışıqlarını uzatmaq siyasəti yürüdür. Fransa prezidentindən aldığı tapşırıqları canla-başla yerinə yetirən N.Paşinyanın görüşdə mütləq şəkildə Emmanuel Makronun, ya da Avropa Şurasının sədri Şarl Mişelin iştirakını istəməsi də bəzi qaranlıq mətləblərə bir daha aydınlıq gətirdi.

Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda Türkiyənin “Haber Global” televiziyasının aparıcısı Saynur Tezenin “Hazırkı vəziyyət, sülh sazişi ilə bağlı vəziyyət nədən ibarətdir? Sizcə sülh sazişi nə zaman imzalanacaq” sualına cavab olaraq bildirib: “…Mətn üzərində danışıqlar davam edir. Deyə bilmərəm ki, xarici işlər nazirləri növbəti görüşü nə zaman keçirəcək. Bu gün mən daha az nikbinəm. Çünki bildiyiniz kimi, baş nazir Paşinyan mənimlə Britaniyada görüşməkdən imtina etdi. Bu, Britaniya Hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münhen şəhərində bənzər bir görüş təşkil etdi. O, görüşdə iştirak edirdi, 5-6 dəqiqə ərzində bizimlə bir yerdə oldu, sonra otağı tərk etdi. Detallar bu idi. Belə bir format düşünülmüşdü ki, o, giriş sözündən sonra otağı tərk etsin. Beləliklə, görüşümüz ikitərəfli qaydada davam etdi. Britaniya Hökuməti də eyni təklifi verdi. Görüşdə Britaniyanın Baş naziri iştirak edəcəkdi və sonra çıxacaqdı. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni o mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi? Yəni bir sıra məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq, dediyim kimi, mən Londondan dünən qayıtmışam. Bir istiqamət mətndir – sülh sazişinin mətni, digəri isə, əlbəttə ki, dediyim kimi, Ermənistan konstitusiyasıdır”.

Bütün bunların fonunda rəsmi İrəvan nəhayət, iki ölkə arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsətdən bəhrələnərək ölkəmizlə münasibətlərin normallaşdırılması, eləcə də yekun sülh sazişinin imzalanması üçün ilk növbədə, sülh danışıqlarının irəliləməsini istəməyən, regoinda sabitliyin və əməkdaşlığın bərqərar olmasını əngəlləməyə çalışan Qərbdəki bəzi dairələrin boyunduruğundan çıxmağı bacarmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Zahid Rza, “İki sahil”

Daha çox xəbərlər