Hər yaz çiçəklər açanda…
“Ot kökü üstə bitər”,- deyiblər.
Onun babaları, əmiləri hərbçi olublar.
Atasının babası Mirzə Böyük Vətən müharibəsində 6 il döyüşüb və onun döyüş yolu Berlinədək uzanıb.
Böyük Vətən müharibəsi illərində anasının babası Ağaverdinin 70-dən yuxarı yaşı olmasına baxmayaraq, Giləzidə dəmir yolu stansiyasında bələdçi işləyib və xidmətlərinə görə “Lenin ordeninə” layiq görülüb.
Əmisi Lətif sovet ordusunun tərkibində Əfqanıstanda aparılan müharibədə iştirak edib. Onun baş leytenant olan digər əmisi Yaşar isə ötən əsrin 90-cı illərinin əvvəlində avtomobil qəzasında həyatını itirib.
Ravil belə bir ocaqda böyüyüb, belə bir nəslin nümayəndəsi olub.
Anası Nargilə AZƏRTAC-ın müxbiri ilə söhbətində oğlu ilə son görüşü xatırlayır: “O, heç vaxt bizə sirr verməzdi. Soruşanda ki, işdə nə ilə məşğul olursan? Deyirdi ki, dərs keçirik, idman edirik. Mən də arxayın olurdum. Amma heç ağlıma da gəlməzdi ki, döyüş hazırlığı keçir, hərbi biliklərə yiyələnir…
Axırıncı dəfə onu evdən yola salanda səhər saat 6 idi. Darvazaya qədər getmişdi, yolun yarısından qayıdaraq cibindəki bankomat kartını çıxarıb mənə verdi və “Al bunu saxla”,- dedi. Götürmək istəmədim: “Ay bala, sənin pul kartını neynirəm?”. “Ay ana, otaqlar üçün qapılar sifariş vermişəm, pulun yarısı qalıb, birdən qapını gətirəndə məni evdə tapmazlar. Ona görə kartdan pulu çıxarıb ustaya verərsiz”. Yenə də heç nə başa düşmədim. Sən demə, Ravil hara gedəcəyini özü bilirmiş. Amma onu heç vaxt yolundan saxlamaq mümkün deyildi. O, Vətəni hər şeydən çox sevirdi. Hətta doğma ailəsindən də…”.
Ailədə üç qardaş, bir bacı olublar. Ravil bacısı Aygünü daha çox istəyib, hər dəfə gələndə ona hədiyyə bağışlayıb. Bir il əvvəl bacısının ad günündə ona qızıl boyunbağı və üzük hədiyyə edib. Aygün deyir: “Cəbhəyə yola düşməmişdən əvvəl evə gəlib yol çantasını yığdı. Çantaya sabun, şampun, təmiz paltarlar qoydum. Paltarlarını dəyişəndə cibindəki xırda pulları çıxarıb, mənə verdi. Hara getdiyini soruşanda təlimlərə getdiyini, üç-dörd günə qayıdacağını dedi”.
Nargilə xanım döyüş əməliyyatları başladığını aprelin 2-də qızı Aygündən eşidib: “Ürəyim qırılıb ayaqlarımın altına düşdü. Ravilə zəng etdik, çatmadı. Narahatlığım lap çoxaldı. Kəndimizin cavanlarından xüsusi təyinatlı dəstədə təlim keçənlər var idi, onların evlərə gedib soraqlaşdım. Dostu Xaliqgilin qapısını döydüm. Onun ayağından yaralanıb hospitalda yatdığını dedilər. Öyrəndik ki, Xaliqi döyüş meydanından o çıxarıb, yenidən mövqeyə qayıdıb”.
Ravil Novruzov 2004-cü ildə ordu sıralarında hərbi xidmətdən qayıdandan sonra iki il Sumqayıtda şirkətdə mühafizə xidmətində işləyib. Sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qoşulub. Atası Elman onun uşaqlıqdan hərbçi olmağa həvəsi olduğunu, evdə əmisinin hərbi formasını geyinib gəzdiyini xatırlayır, çox diqqətli, hər xırda detala fikir verən gizir olduğunu deyir: “Bir dəfə qış vaxtı o, 12 nəfər əsgərlə birlikdə tapşırıq ardınca gedib. Yolda qar üstündə xırda izlər görən Ravil yoldaşlarını irəli getməyə qoymur. Əsgər yoldaşları çox təkid etsələr də, o, qar üstündəki izlərdən şübhələnir. Axtarış nəticəsində Ravilin şübhəsi düz çıxır. Onlar yerə basdırılmış minaları tapıb zərərsizləşdirəndən sonra yollarına davam edirlər”.
2016-cı il aprelin 2-də isə Aprel döyüşləri zamanı Talış kəndində ermənilərin mühasirəsinə düşüblər. Döyüş yoldaşları həmin vəziyyətdə də onun çox böyük cəsarət və fədakarlıq göstərdiyini xatırlayırlar. O, pusqudan birinci çıxaraq güllə yağışı altında düşmənin mövqe tutduğu səngərə doğru irəliləyib, əvvəlcə qumbara ataraq bir neçə erməni quldurunu məhv edir. Həmin vaxt səngərdən çıxan erməni əsgəri ilə eyni anda bir-birini hədəfə alırlar. Özü şəhid olsa da, son atəşi ilə də qisas alıb…
O, bu yolu özü seçmişdi. Ya şəhid, ya da ki, qazi olmaq üçün…
Aprelin 4-də Ravil Novruzov doğulduğu Xızı rayonunun Giləzi kəndində torpağa tapşırılıb.
O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif edilib.
Nargilə xanım Ravilli xatirələrdən ayrıla bilmir: “29 yaşı var idi. Özümə söz vermişdim ki, vaxt keçir, gərək onu evləndirim. Həmişə evlənməkdən söz düşəndə deyirdi ki, Mirzəni evləndirin. Deyirdim axı, sən böyüksən, əvvəl sən evlən. Razılaşmırdı.
Evdə ondan yadigar qalan əsgər geyimi, ətirlər var. Hərdən onun iyi burnuma gəlir. Özüm də məəttəl qalıram ki, bu iy haradan gəlir. Elə bilirəm ki, bu saat qapıdan girəcək. Gedib paltarlarını, əşyalarını qoxulayıram. Paltarlarından onun ətri gəlir…”.
Ravil şəhid olandan sonra Mirzə qardaşının yolu ilə gedib, hərbçiliyi seçib. Artıq ailə də qurub, Ravil adlı oğlu da var.
…Hər il yaz gələndə Ravilin həyətdə öz əlləri ilə əkdiyi ağaclar çiçək açır, tumurcuqlayır. Ağ-qırmızı çiçəklər həyətə özgə bir yaraşıq verir. İndi onun canını qurban verdiyi Vətən torpaqları da işğalçılardan azaddır. Sanki onun arzuları da həyətdə çiçəkləyən ağaclar kimi çiçək açır…
Özü bu günləri görməsə də…

