Oftalmologiya elminin inkişafında Zərifə Əliyevanın rolu
“Həkim insanlara günəş qədər lazımdır” deyən Zərifə xanım bu peşəni çox uca tuturdu.
1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. Bu və digər xəstəliklərə qarşı effektli müalicə metodlarını işləyib hazırlamaq lazım olarkən Zərifə xanım Əliyeva Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. O elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedərək xəstəlik ocaqlarını aşkarlayır. Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə traxoma bir xəstəlik kimi ləğv olundu.
Fəliyyətinin növbəti dövrlərində də Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi əsas yer tuturdu. Zərifə xanım həmçinin dünyada ilk dəfə olaraq görmə orqanının peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.
Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Bunlara daxildir: “Kəskin virus konyuktivitləri”, “Qlaukoma və gözün hipertenziyası”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və s. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Zərifə xanımın birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. O heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır;
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır;
Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın oftalmologiya sahəsində fəaliyyətlərini yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.
Fidan Fərzəliyeva – Fəal gənc

