Hər iki xalqın xoşbəxt gələcəyi naminə
Prezident İlham Əliyevin Qazaxıstana səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərinə mühüm töhfədir
Azərbaycanın Mərkəzi Asiya ölkəri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin dövlətlərin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.
Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqlarını tarixi bağlar, adət-ənənə oxşarlığı, etiqad eyniliyi və coğrafi qonşuluq kimi fundamental amillər birləşdirir. Bütün bunlar da dövlətlərimiz arasında münasibətlərin səmimiliyini və davamlılığını şərtləndirir. Azərbaycan-Qazaxıstan müstəqillik illərində qarşılıqlı münasibətlərini uğurla inkişaf etdirərək yüksək səviyyəyə çatdırıblar.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfələri danılmazdır. Təsadüfi deyil ki, məhz bu töhfələrinə görə 1997-ci ildə Ümummilli Liderə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu, 1998-ci ildə “Astana” dövlət medalı təqdim olunub. 2017-ci ilin aprelində isə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” Ordeni təqdim edilib.
Hər iki ölkənin yüksək səviyyəli rəsmiləri müntəzəm qaydada qarşılıqlı səfərlər edərək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparırlar. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 134 sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır.
Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradacaq.
Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər təqdirəlayiqdir. Bununla bağlı vurğulamaq yerinə düşər ki, ötən il sentyabrın 28-də “AzərTelecom” və “Kazakhtelecom” telekommunikasiya şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Komissiyanın indiyədək 18 iclası keçirilib. Sonuncu iclas ötən il iyulun 5-də Qazaxıstanda baş tutub.
Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.
Ümumiyyətlə, dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb etmiş, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da aktivləşmişdir. Cənab Prezident İlham Əliyevin Qazaxıstana sonuncu səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarında səsləndirilən fikirlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Aprelin 10-da Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşlərində 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcminin 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 400 min ABŞ dollara çatdığı, bu göstəricilərin 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında kompleks proqramın icrası ilə daha da yüksələcəyinə inam ifadə olunub.
Dövlət başçımızın dost ölkəyə səfəri çərçivəsində keçirilən görüşlərdə energetika sahəsində əməkdaşlığın inkişafından da danışılıb. Ötən il “SOCAR” və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton Qazaxıstan mənşəli neftin nəqlinə dair imzalanmış 5 illik müqavilə enerji əməkdaşlığında irəliləyiş kimi dəyərləndirilib. Cari ilin martından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Qazaxıstanın “Tengiz” yatağından hasil edilən neftin nəqlinə başlanılıb. Aprel ayında isə BTC ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılıb.
Görüşlərdə hər iki ölkənin “yaşıl enerji”yə keçid sahəsində ciddi səylər göstərdiyi də vurğulanaraq bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələrdə Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə edilib. Həmçinin nəqliyyat-logistika əlaqələrinin inkişafı, Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yük axınları məqsədilə ölkələrimizin tranzit potensialının artırılması üçün birgə fəaliyyətin əhəmiyyətindən söhbət açılıb.
Yeri gəlmişkən, son dövrdə iki ölkə arasında Orta Dəhlizin inkişafı məsələsinin müzakirəsi də önəmli yer tutur. Xatırladaq ki, Prezident İlham Əliyev bundan əvvəl qazaxıstanlı həmkarı ilə söhbətində bu mövzuya münasibət bildirərək, Orta Dəhlizin inkişafı ilə bağlı məsələlərin zamanın hökmü olduğunu, bunun həm Qazaxıstan, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını qeyd edib, eyni zamanda, belə bir müasir nəqliyyat infrastrukturunun yaradılmasının təsadüfdən irəli gəlmədiyini bildirmişdi.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsinə təsadüf edir. Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi, Prezident Kasım-Jomart Tokayevin Ulu Öndər barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.
Bir vacib faktı da vurğulayaq ki, Qazaxıstan Qarabağ məsələsində də ilk gündən Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü də iki xalq arasında əsl dostluğun, qardaşlığın rəmzidir.
Göründüyü kimi, Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərməkdədir.

