İnsan amilinə diqqət dövlət siyasətinin əsasıdır
«Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir – həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər» söyləyən Prezident İlham Əliyevin Vətən, torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəmanlarımızın ailələrinə diqqəti və qayğısı ən böyük təsəllidir.
Dövlət başçımızın qeyd etdiyi kimi, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər şəhidlərin ruhlarına hörmət, ailələrinin sosial müdafiəsinə qayğı göstərilmir. Dövlət siyasətinin əsasını insan amilinə diqqətin təşkil etdiyi respublikamızda vətəndaşların həyat tərzinin yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar, hazırlanan layihələr davam edir. Həyata keçirilən islahatlarda şəhid ailələrinin, Birinci və İkinci Qarabağ müharibəsi əlillərinin sosial və mənzil- məişət şəraitlərinin yaxşılaşdırılması üçün dövlət tərəfindən güzəştlər edilir, yardımlar göstərilir.
İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə şəhid ailələri, Müdafiə Nazirliyinin klinikalarında müalicə olunan yaralılarla görüşən Prezident İlham Əliyev Ali Baş Komandan kimi əsgərlərimizin səhhəti, problemləri ilə maraqlanıb, onların tezliklə sağalmaları üçün lazımi tədbirlərin görülməsini diqqətdə saxlayıb. Müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramlarına yeni güzəştlər əlavə olunub. Əsas diqqət bu kateqoriyadan olan insanların daha çox ehtiyac duyduqları mənzil- məişət şəraitlərinin yaxşılaşdırılmasına yönəlib. Şəhid ailələrinə və əlillərə ötən dövrdə 13 mindən artıq mənzil və fərdi ev verilib. Bu kateqoriyadan olan ailələr, əlillər 7500-dən artıq minik avtomobili ilə təmin edilib. Bu il daha 1500 şəhid ailələsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin olunacaq. Belə ki, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramının əhatəsi İkinci Qarabağ müharibəsindən sonra 5 dəfə genişlənib. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Paytaxtımızda və bölgələrdə fəaliyyət göstərən reablitasiya mərkəzlərində əlillərin müalicəsində ən müasir müalicə metodlarından, tibbi avadanlıqlardan, dərman vasitələrindən istifadə olunur. Ciddi müalicəyə ehtiyacı olan yaralıların Türkiyəyə göndərilməsi proqramı davam etdirilir. Sosial sahədə islahatların reallaşdırılması, vətəndaşların müdafiə sisteminin gücləndirilməsi, müvafiq sahələr üzrə normativ- hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni normativ hüquqi aktların layihələrinin hazırlanması işlərinə diqqət artırılır.
Pandemiya dövründə belə aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı qorunması üçün dörd mərhələ üzrə tətbiq olunan sosial paketlərin həyata keçirilməsi respublikamızda insan amilinə diqqətin ifadəsi idi. Bu qayğıdan bəhrələnən şəhid ailələri, müharibə əlilləri üçün nəzərdə tutulan imtiyazlara əlavələr edilir.
Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Samux, Yevlax, Biləsuvar, Masallı, Bərdə, Saatlı rayonlarında və Naxçıvan şəhərində daha 50 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunub. Göründüyü kimi, şəhid ailələrinin problemlərinin həlli istiqamətində işlər davam etdirilir. Ölkə Prezidentinin Fərman və sərəncamları ilə son illərdə, ən əsası isə 4 sosial islahatlar paketinin icra olunduğu dövrdə şəhid ailələri və müharibə iştirakçıları üçün nəzərdə tutulan sosial ödənişlərə hər il əlavələr olunur. Prezident İlham Əliyevin diqqəti sayəsində ərazilərimizin bütövlüyü uğrunda qurban gedən qəhrəmanlarımızın xatirəsi əziz tutulduğu kimi, yaxınlarının sosial problemlərinin həllinə də qayğı ilə yanaşılır.

