Cəmiyyət İSLAM Ramazan 

Ramazan ayında fitrə necə çıxarılır? – FOTO

On bir ayın sultanı Ramazan ayının son günlərini yaşayırıq. Bu müqəddəs ay insanları Allahı sevməyə, təmiz, vicdanlı, xeyirxah, iradəli olmağa yönəldir. Ramazanda oruc tutub namaz qılmaq, Allaha şükür etmək vacib şərtlərdir. Eyni zamanda Ramazan ayının yekununda fitrə vermək də adətdir.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – bayram axşamı şam namazından sonradır. Hər kəs öz himayəsində olan şəxslərin adından kasıblar üçün fitrə zəkatı verməlidir.

Fitrə İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir. Fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Hədislərdə bildirilir ki, fitrə verilməsə, oruc qəbul olunmaz. Özünü, ailəsini təmin edə bilən insanlar fitrə ödəməlidir. İmkanı çatmayanlara isə fitrə vacib deyil.

Bəs görəsən, fitrənin miqdarı nə qədər olmalıdır? Kimlər azaddırlar?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayevin sözlərinə görə, orta səviyyədə olan ailə adambaşına minimum 10-15 manat fitrə çıxarmalıdır:

“Şəriət baxımından ən çox yeyilən qida ərzaqdır. Adambaşına bir ailədə 5 nəfər varsa, 50 manat çıxarsalar yaxşı olar. Elə məbləğ çıxarılmalıdır ki, imkansız şəxs heç olmasa ehtiyaclarını qarşılaya bilsin.

Şəriətdə ən çox yeyilən ərzaqlar buğda və buğda unudur. Minimum 3 kiloqram çıxarılmalıdır. Biz düyüdən də çox istifadə edirik. İmkanı olan şəxslər istədiyi məbləğdə fitrə çıxara bilər”.

İlahiyyatçı qeyd edib ki, ehtiyaclarını borcla təmin edənlər fitrə zəkatdan azaddırlar:

“Maddi durumu çox aşağı olan şəxslər fitrə zəkatından azaddırlar. Onlar yalnız öz ailələrini dolandıra bilirlər. Maddi imkanları o dərəcədə deyil ki, sadaladığımız məbləği çıxara bilsinlər. Qazancını yalnız ailəsinin ehtiyaclarına sərf edirlər. Ərzağı borcla alanlar da azad hesab olunurlar”.

F.Nurullayev əlavə edib ki, borcu olanların hamısı fitrə zəkatından azad deyillər:

“Bizneslə məşğul olan borclulara aid deyil. Borcu iş görməyə götürübsə, onlar azad deyil. Şəxs ərzaq və ya hər hansı bir ehtiyac üçün borc alıb, ya dükana borcludursa, o azaddır. Adi ehtiyaclarına görə, borca düşənlər fitrə zəkatı çıxarmazlar.

İncə nüanslar var. Birmənalı deyil ki, borcu olan çıxarmamalıdır. Bu adam özünə maşın alıb və ya evinə mebel alıbsa, həmin şəxs azad deyil. Onlar 20-30 manata möhtac deyillər. Borcla ailəsinə ərzaq alan, minimum həyat tərzi keçirmək üçün borc almağa möhtac olanlar azaddır.

Bəzi qocalar var ki, təqaüd alırlar. Təqaüd aylıq xərcini ödəmir, dərmanlarına çatmır, himayə edəni də yoxdur. Onlar azaddırlar. Lakin himayəsi olan verə bilər”.

Bildirək ki, Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramının olacağı gözlənilir.

 

Daha çox xəbərlər