Ölüm saçan mina yolunun sonu…
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyevin bu günlərdə təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı və Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılan növbəti məktubunda bildirilir ki, Ermənistan Laçın yolundan daim minaların basdırılması, habelə faydalı qazıntıların qanunsuz dövriyyəsi üçün sui-istifadə edib.
2023-cü il aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Beləliklə də Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, o cümlədən minaların qanunsuz daşınmasının və yerləşdirilməsinin qarşısı alınıb.
Məlum həqiqətdir ki, postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı ölkəmizin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Hayastan tərəfindən prosesə davamlı olaraq müxtəlif təxribatlarla maneçilik törədilir. 2022-ci ilin avqustundan bu yana 2021-ci ildə Ermənistanda istehsal olunan piyada əleyhinə 2700-dən çox mina Azərbaycan ərazisinə məhz Laçın yolu üzərindən gətirilib. Bütün bunların nəticəsində sonuncu dəfə 2023-cü il aprelin 22-də Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı olan minaya düşərək partlayıb və 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Müharibənin sonundan etibarən 294 nəfər azərbaycanlı mina qurbanı olub.
Birmənalı demək lazımdır ki, Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Bu beynəlxalq sənədlərə görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.
Təcavüzkar Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı həmin əraziləri kütləvi şəkildə minalayıb. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 10 noyabr üçtərəfli razılaşmalara baxmayaraq, Hayastan hələ də dəqiq mina xəritələrini vermir və nəticə etibarilə də yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən mülki vətəndaşlar, hərbçilər, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərində çalışan insanlarımız ermənilər tərəfindən basdırılan minaların qurbanı olur.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, Vətən müharibəsindən sonrakı dövr ərzində 289 nəfər vətəndaşımız mina və digər partlayıcı sursatların qurbanına çevrilib. Onlardan 51 nəfəri həlak olub, 238 nəfər xəsarət alıb. Bütövlükdə, 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3368 nəfər həlak olub və ya xəsarət alıb.
Təcavüzkar Ermənistan sərhədlərin delimitasiyası və sülh danışıqları ilə bağlı məsələlərdə olduğu kimi, mina məsələsində də riyakarlığını davam etdirir. Rəsmi İrəvan bu məsələnin şərh edilməsindən ümumiyyətlə, imtina edib. İkinci mərhələdə mina xəritələrinin mövcud olmaması ilə bağlı fikirlər irəli sürüb. Bəzi hallarda isə mina xəritələrinin Azərbaycana verilməsi müqabilində bəzi şərtlər irəli sürüb. Halbuki, beynəlxalq Konvensiyaya görə Ermənistan heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini Azərbaycana verməlidir.
Bu gün qətiyyətlə demək lazımdır ki, bu bəşəri faciələrə, insanlıq dramına görə məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür. Daim sülh və təhlükəsizlikdən, haqq və ədalətdən dəm vuran bütün beynəlxalq təşkilatlar mina terrorunun qarşısının alınması üçün riyakar Hayastan hökumətinə ciddi təzyiqlər göstərməli, minalanmış ərazilərin təmizlənməsində, eləcə də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması ilə bağlı Azərbaycana dəstək verməlidirlər.

