Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir
Dövlət başçısı İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar
Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrün əsas çağırışlarından biri budur ki, regionda dayanıqlı sülh və təhlükəsizlik təmin edilsin, yeni əməkdaşlıq formatları yaradılsın. Cənab İlham Əliyev bunun üçün Ermənistana sülh təklifini etdi. Xeyli müddət keçməsinə baxmayaraq işğalçı dövlət hələ də bu istiqamətdə konkret addım atmaq barədə düşünmür. Bu günlərdə dövlət başçısı İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə xüsusi diqqət yönəldərək Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. «Danışıqlar hazırda hansı mərhələdədir» sualını cavablandırarkən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Ermənistan ilə sülh müqaviləsi imzalansın. Azərbaycanın irəli sürdüyü 5 prinsip beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.
Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni, Azərbaycan ilə Ermənistan arasında sərhədlər 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Prezident İlham Əliyev bu bəyanatı səsləndirdi: «Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır.»
Təbii ki, Ermənistanın başqa yolu da yoxdur. Dövlət başçısının bəyanatları arasında bu çağırış da əsas yer tutur ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Azərbaycanın niyyəti ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun: «Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə.»
Dövlət başçısı İlham Əliyev çıxışlarında, müsahibələrində daim bu məqamı xüsusi qeyd edir ki, keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu gün işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin, vandalizminin göstəricisidir. 30 ildə bu ərazilərimizi yerlə-yeksan edən, bütün tikililəri dağıdan ermənilər bu gün həmin torpaqlarda aparılan bərpa-quruculuq işlərini böyük narahatlıq hissi ilə izləyirlər. Bir sözlə, 30 il dağıntı həyatını yaşayan ərazilərimiz iki ildən çoxdur ki, quruculuq mərhələsinə qədəm qoyub. Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti də tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında geniş təhlil olunur, illərdir necə vəhşi millətlə üz-üzə olduğumuzu bütün dünya görür. Ermənilərin hətta tarixi Zəfərimizdən sonra Kəlbəcəri, Laçını boşaldan zaman hansı vəhşilikləri törətdikləri də dünyanın gözü qarşısında baş verdi. Erməni vəhşiliyinin dünyaya təqdimatı olan Xocalı soyqırımını unuda bilərikmi? Eyni zamanda, çox da uzaq olmayan tarixi, 44 günlük İkinci Qarabağ müharibəsində canları, qanları ilə qəhrəmanlıq dastanı yazan şəhidlərimizi unutmağa haqqımız varmı?
Ermənilərin sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün təxribatlara əl atdıqları son iki ildən artıq dövrün reallıqları sırasındadır. Öncə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan Ordusunun hər gün qazandığı qələbələrin yaratdığı qısqanclıq hissinin nələrə yol açdığını yada salaq. Ermənistan hakimiyyətinin tapşırıqlarına uyğun olaraq erməni silahlı qüvvələri iki dəfə Gəncəni, sonra Bərdə və Tərtəri raket atəşinə tutdular. Törədilən hərbi təxribatlar dünyanın gözü qarşısında baş versə də təəssüf ki, susmaq yeganə çıxış yolu kimi qəbul edildi. 30 ilə yaxın dövrdə ədaləti, beynəlxalq hüququ bir kənara qoyub Ermənistana dəstək göstərən dövlətlərdən belə yanaşmalar gözlənilən idi.
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində «Qarabağ Azərbaycandır!» tezisini öndə saxlayaraq bunu tarixi Zəfəri ilə təsdiqlədi. Baxmayaraq ki, həmin dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları sırasında «Qarabağ Ermənistandır və nöqtə» ifadəsi xüsusi yer almışdı. Azərbaycan dövləti daim bu sualla dünyaya müraciət edirdi ki, işğalçı adı ilə çağrılmadığı təqdirdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək nə qədər real görünə bilər? Real olan bu idi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini, Ermənistan isə «status-kvo»nu saxlamaq, əbədi etmək istəyirdi. Düşünürdülər ki, əgər 26-27 il ərzində buna nail olublarsa, deməli, bundan sonra da nail olacaqlar. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcək, onların arxasında dayanacaq, əvəzinə müharibə aparacaqlar. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, ermənilər ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir: «Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb.»
44 günlük müharibə onların bu yanlış düşüncələrini bir daha dünyaya çatdırdı. Beynəlxalq hüquq, tarixi faktlar, real həqiqətlər deyilən məfhumlar vardır. Tarixi inkar edib saxta tarix yazmaq, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edib buna nail olmaq əbədi qalib olmaq demək deyil. Ermənistan hakimiyyəti də çox yaxşı bilirdi ki, torpaqlarımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Həmin illərdə ölkəmizə rəhbərlik edən AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı ağır durum ordu quruculuğunda da özünü qabarıq şəkildə büruzə verirdi. Ordu torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ermənistan bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal etmişdi. Dövlət başçısı İlham Əliyev xalqa bütün müraciətlərində bu məqamı xüsusi qeyd etmişdir ki, bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Bu tarixi xatırlamaqda məqsədimiz budur ki, 20 faiz torpağımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Azərbaycan xalqı daim məğrurluğu, yenilməzliyi, torpaqlarına, tarixinə sahib çıxan xalq kimi tanınıb və bu gün də tanınır. 44 günlük tarixi Zəfərimiz bir daha bu reallığa işıq saldı.
Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə hadisələrin gedişinə diqqət yetirdikdə Ermənistanın tez-tez təxribatlar törətdiyini görərik. «Qisas», daha sonra «Qətiyyətli cavab» əməliyyatları deyilənlərin təsdiqidir. Ermənistanın mütəmadi hərbi təxribatlar törətməsi dünyanı narahat etməməklə müxtəlif sualların yaranmasına səbəb olur. Əksər dünya gücləri nə zaman ikili standartlara əsaslanan siyasətlərindən əl çəkib ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqe ortaya qoyacaqlar? Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünü, qüdrətini, hər zaman ərazi bütövlüyümüzün, suverenliyimizin qarantı kimi torpaqlarımızın müdafiəsinin keşiyində ayıq-sayıq dayandıqlarının şahidi olurlar. Azərbaycanın Ermənistana sülh müqaviləsini təklif etməklə son şans verdiyi işğalçı dövlətə və dəstəkçilərinə çox yaxşı bəllidir. Sülh müqaviləsinin imzalanması ilə yeni əməkdaşlıq formatları yaranacaq, kommunikasiyalar açılacaq ki, işğalçı dövlət bundan bəhrələnərək öz iqtisadi durumunu yaxşılaşdıra bilər.
Ermənistanın və ona havadarlıq edən dövlətlərin sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqları təxribatların davamlılığında özünün aydın ifadəsini tapır. Bu günlərdə Laçın istiqamətində baş verən növbəti təxribat da bunun təsdiqidir. Lakin Ermənistan rəhbərliyi yenə də beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün baş verən təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə ataraq ölkəmizi Praqa və Soçi görüşləri çərçivəsində götürdüyü öhdəlikləri pozmaqda ittiham etdi. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da bu fikirlərin əsassızlığı və qəbuledilməzliyi öz əksini tapdı. Bildirildi ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsi və bu ərazilərdən qüvvələrini geri çəkməməsi Praqa və Soçi razılıqlarının ciddi şəkildə pozulmasının və Ermənistanın sülh prosesində maraqlı olmamasının bariz nümunəsidir. Ermənistanın Azərbaycanda həyata keçirdiyi təxribatlara və qeyri-qanuni fəaliyyətlərə son qoymaq məqsədilə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çəkinmir. Qeyd edək ki, Azərbaycan hökumətinin Laçın yolunda baş verən etirazların təşkilatçısı olduğu iddiası məhkəmə tərəfindən rədd edilib, “yolun bağlandığı” və “ərazinin blokadada” saxlandığı barədə iddiaların heç bir əsası yoxdur.
Bəyanatda Ermənistan tərəfindən əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı, kommunikasiyaların açılması, hərbi qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyə çağırış edilir.
Bu təxribatın davamı olaraq bu günlərdə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırıldı. Bu, beynəlxalq əhəmiyyətli bir tədbirin iştirakçısına ev sahibinin hörmətsizliyi, beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, ermənilərin nə qədər vəhşi, Azərbaycan xalqına, dövlətinə nifrət bəslədiklərini nümayiş etdirən bir olaydır. Dövlət başçısı İlham Əliyev Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bu məqama da xüsusi diqqət yönəldərək bildirmişdir ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir: « Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar. Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər.» O da bəyan edildi ki, əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.
Ermənistanın atdığı bu kimi qərəzli addımların əsasında sülh müqaviləsinin imzalanması prosesinin uzadılması istəyi dayanır. Ermənistan bu şansın son olduğunu bilsə də havadarlarının qərarını gözləmək məcburiyyətini yaşayır. Fransa Prezidenti Emmanuel Makronun sülh təklifinin edildiyi ilk gündən narazılığı atdığı hər bir addımında özünü aydın şəkildə büruzə verir. Bu dəstəklər fonunda Ermənistan sülh müqaviləsinin imzalanmasından yayınmaqla gərginlik yaratmaq istəyini aydın şəkildə nümayiş etdirir. Reallıq budur ki, dünya gücləri Ermənistanla bağlı gördükləri hər bir ədalətsizliyi görməzdən gəlir, bununla da etimadın, inamın səviyyəsini sıfıra endirirlər.

